Keçmiş şəriklərindən məşhur biznesmenə ağır zərbə; Anar Məmmədov Fransanın “Lans” klubunu rəsmən Hafiz Məmmədovun əlindən aldı; nəqliyyat nazirinin keçmiş şəriki biznesini Türkiyəyə köçürür və orada şirkət alıb
naziri Ziya Məmmədov, keçmiş şəriki “Bağlan Group”un rəhbəri Hafiz Məmmədovun (“Hafka”) sahibi olduğu Fransanın “Lans” klubunu rəsmən onun əlindən alıb. Fransa mətbuatı yazır ki, yanvarın 1-dən klubun auksionerində dəyişiklik baş verib. Klubun əldən çıxmasına səbəb “Hafka”nın “Lans”a olan borcudur. Belə ki, H.Məmmədovun ötən il 20 milyon avroya aldığı “Lans” klubuna əlavə maliyyə söz versə də, bunu edə bilməmişdi.
Borc məsələsinə görə Fransada hətta “Hafka” əleyhinə flaşmoblar da təşkil olunub, “Lans”ın prezidenti Jerve Martel isə bir neçə dəfə Bakıda olmuşdu. Ən son səfərində klub prezidenti anlaşma olduğunu və H.Məmmədovun lazım olan məbləği ödəyəcəyini açıqlamışdı. Amma dekabrın 17-də məlum olmuşdu ki, H.Məmmədovun klubun transfer büdcəsini doldurmaq üçün ödəməli olduğu 2.5 milyon avronu onun əvəzindən bir investor ödəyib. Fransa mediası öyrənmişdi ki, borcu ödəyən nazir Ziya Məmmədovun oğlu, “Garant Holding”in prezidenti Anar Məmmədovdur. Fransanın peşəkar klubların büdcələrinə nəzarət üzrə komissiyası DSNJ-yə təqdim edilmiş müqavilədə göstərilirdi ki, dekabrın 31-nə qədər H.Məmmədov həmin 2.5 milyon avronu qaytara bilməsə, “Lans”ın səhmlərinin üçdə ikisini Anar Məmmədova verməli olacaq. “Lans”ın prezidenti Jerve Martel də H.Məmmədovun əvəzindən 2.5 milyon avronu klubun büdcəsinə köçürən investorun Anar Məmmədov olduğunu təsdiq etmişdi.
H.Məmmədov klubun onun əlindən bu cür alınması ilə razı olmamış və həmin müqaviləyə imza atmaqdan imtina etmişdi. O, dekabrın 21-də bəyanat yayaraq “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma olmadığını bəyan edərək hətta Məmmədovlar klanını hədələmişdi də. “Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar” - deyə, Hafiz Məmmədovun rəsmi bəyanatında bildirilirdi.
Amma yayılan xəbərlər “Hafka”nın Məmmədovlar klanı ilə savaşda uduzduğunu göstərir. Belə ki, H.Məmmədov biznesini Azərbaycandan Türkiyəyə köçürür. O, hətta bu ölkədə avtomobil yük daşımaları ilə məşğul olacaq şirkəti qeydiyyata aldırıb. Qeyd edək ki, “Hafka”nın Z.Məmmədovla Azərbaycanda neft və qeyri-neft yükləri, sərnişin daşıyan bir neçə şərikli şirkəti vardı. Amma şəriklər arasında nifaq başladıqdan sonra H.Məmmədovun oğluna məxsus olan “Bank of Azerbaijan”ı, eləcə də “Bağlan Group”u nazirin ailəsinə məxsus “Garant Holdinq”ə aid binadan çıxardılar. Məmmədovlar klanı “Baglan Group”un nəzarətində olan şirkətləri də onun əlindən almaq üçün çoxdandır ki, çalışır. O da faktdır ki, Məmmədovlar neft daşımaçılığı sahəsində inhisarçıdırlar və onlarla ayrıldıqdan sonra “Hafka” təkbaşına heç nə edə bilməzdi.
“Turan”ın xəbərinə görə, İstanbul Ticarət Palatasının Ticari Palatalakli və Birjalar Birliyində 24 dekabr 2014-cü ildə “Azlog Group İthalat İhracat Limited”(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. Şirkət Hafiz Məmmədova məxsusdur. İlkin üzvlük haqqı 10 min türk lirəsidir. Əsas idarəçi də məhz H. Məmmədov özüdür.
Xəbər xidməti