Xədicə İsmayılovanın həbsi Amerikanı qarışdırdı

6-01-2015, 10:15   
Xədicə İsmayılovanın həbsi Amerikanı qarışdırdı
Azadlıq Radiosunun keçmiş rəhbəri Ceffri Qodmin xanım İsmayılovanın həbsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini suçlayıb; Bakıdan reaksiya: “Qodminin bu məqaləsi sensasiyaya xidmət edir”


AzadlıqRadiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) günahlandırıb. “Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir” başlıqlı məqalədə deyilir ki, X.İsmayıl və həmkarlarına qarşı ittihamlara görə, onlar əslində jurnalistlər yox, MKİ agentləridir.

“Bu, tamamilə cəfəngiyyatdır. Bununla belə, təəssüflər olsun ki, Amerika da bu bəhanənin irəli sürülməsinə kömək edib. Buna son qoyulmalıdır” -deyə C.Qodmin yazır.
Virtualaz.org saytının verdiyi xəbərə görə, məqalənin altında C.Qodminlə yanaşı, Boston kollecinin tələbəsi, ictimai diplomatiya və ABŞ-ın xaricdəki imici üzrə araşdırmaların müəllifi Marta Baylesin də imzası var.

Məqalədə deyilir ki, AzadlıqRadiosu 1949-cu ildə Şərqi Avropa və Sovet İttifaqındakı kommunist rejimlərinin informasiya monopoliyasına son qoymaq üçün yaradılmışdı. Və radionun maliyyələşdirilməsi MKİ-dən gizli həyata keçirilirdi. Bu gizli maliyyələşdirmə 1967-ci ildə jurnalist araşdırmaları nəticəsində üzə çıxdı. 1971-ci ildə isə bu maliyyələşdirmə dayandı. 1972-ci ildə Konqres AzadlıqRadiosunun müstəqil media şirkəti kimi açıq şəkildə maliyyələşdirilməsinə səs verdi.

“Bu gün özəl KİV sektorunda AzadlıqRadiosunu ABŞ hökumətinin aləti hesab etmək tendensiyası var. Bu, ironiyadır. Çünki AzadlıqRadiosu hökumətdən məsafə saxlamaq prinsipinə sadiqdir. Ancaq bu, daha geniş sual meydana çıxarır. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri “verbovka” etməlidirmi?" - deyə müəllif sual edir.



C.Qodmin yazır ki, Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin “verbovka” olunması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi belə görünür ki, 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər.

Müəllif yazır ki, bundan 20 il sonra - 1996-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə etdilər.

O vaxtdan bu yana məsələ açıq qalır. Qismən də ona görə ki, MKİ bu praktikadan tamamilə imtina etdiyini açıq şəkildə elan etmir. Və amerikalılar bu imkandan zarafat üçün də yararlanırlar. Məsələn, “Sony Production” şirkətinin çəkdiyi “Müsahibə” filmində televiziya tok-şousunun aparıcısı və onun prodüseri MKİ tərəfindən Şimali Koreya lideri Kim Çen Inı öldürmık üçün “verbovka” olunur.



“Ən azından iki səbəb var ki, MKİ, nəhayət, jurnalistlərin ələ alınmasının və agentlərin jurnalist adı altında yerləşdirilməsinin qadağan edilməsini elan etməlidir. Birincisi, bu praktika bitərəf jurnalistikanı təhlükəli edir. 1985-ci ildə ”Hizbullah" tərəfindən əsir götürülən “Assoşieyted press” reportyoru Terri Andersondan soruşun. Onu MKİ agenti olmaqda ittiham edirdilər. 1991-ci ildə azad olunandan sonra Anderson televiziya verilişləri ilə casusluq arasında fərqlərə qarşı açıq şəkildə çıxış edirdi.

Bu, o demək deyil ki, əgər MKİ-nin siyasəti daha az dumanlı və problemli olsaydı, taliblər “Wall Street Journal”ın reportyoru Daniel Perli öldürməzdilər və ya Azərbaycan polisi Xədicə İsmayılı həbs etməzdi. Lakin məsələ risklərin idarə edilməsinə gələndə jurnalistlərin ələ alınmasına qadağa qoyulması pozitiv addım olacaq. Belə qadağanın olmaması Amerikanın müttəfiqlərini ona etimadına zərbə vurur və düşmənlərinin ocağına yağ tökür" - məqalədə belə deyilir.



***
Qeyd edək ki, Xədicə İsmayılla bağlı bu cür iddialar yeni deyil. Onun ölkə başçısı İlham Əliyevlə və onun ailəsi ilə bağlı araşdırma yazılarının jurnalistə ABŞ kəşfiyyatının ötürdüyü iddiası neçə vaxtdır ortadadır. Amma X.İsmayıl hər dəfə bu iddiaları təkzib edərək bildirib ki, araşdırmalar onun özünə məxsusdur.

Xatırladaq ki, ötən ilin fevralında jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılın casus hesabatı...” adlı məqaləsində bu mövzuya toxunmuşdu. Onun haqqın.az və virtualaz.org saytlarında dərc etdirdiyi həmin məqalədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozninin və Daniel Vajdiçin Bakı səfəri zamanı keçirdiyi görüşdən bəhs edilirdi. Onun iddiasına görə, tanınmış jurnalist Xədicə İsmayıl ABŞ-dan gələn həmin tədqiqatçılara Azərbaycanda hakimiyyətlə əməkdaşlıq edən tanınmış siyasətçilərin, ictimai xadimlərin siyahısını verib.



Mövzu ilə bağlı sabiq təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, jurnalistlərin kəşfiyyatla əməkdaşlığa cəlb edilməsi praktikasına rast gəlinsə də kifayət qədər riskli hesab olunur: “Hər hansı bir şəxsin və onun peşəkar fəaliyyətinin kəşfiyyatı maraqlandıran tərəfləri olmasa, bu məsələyə gedilməz. Çünki bu, riskli bir işdir. Əgər bir müddət sonra bu məsələlər aşkarlanırsa, daha bunun nəyi kəşfiyyat oldu?! Cəlb edilən hər bir şəxsin əməliyyat imkanları olmalıdır ki, məlumat əldə edə bilsin və sonradan bunu açıqladıqda bütün şübhələrdən kənarda qalsın”.

Ekspert bildirib ki, bəzi hallarda, xüsusi vəziyyətlərdə bu cür hallar olur, ancaq indiki halda konkret olaraq AzadlıqRadiosunun işi ilə bağlı nəsə demək mümkün deyil: “Jurnalist kimliyi ilə kəşfiyyatların, ayrı-ayrı dövlətlərin öz agentlərini qaynar bölgələrə, müharibə gedən nöqtələrə yerləşdirməsi təzə söhbət deyil. Burda qeyri-adi bir iş də yoxdu. Kəşfiyyat istənilən kimlikdə öz agenturasını harasa yerləşdirəcək, məlumat əldə edə bilməsi naminə bütün addımlara gedəcək. Bu, ”jurnalist" də ola bilər, “hotel bələdçisi” də, “qarson” da. AzadlıqRadiosu ilə bağlı isə hazırda istintaq gedir, hər hansı bir nəticə əldə edilərsə buna uyğun olaraq danışmaq olar. Dünya üzrə kəşfiyyatların fəaliyyətindən bəhs edən onlarla sənədli filmlər, kitablar, araşdırmalar var. Orda olan faktlar qeyri-peşəkarlar üçün sensasiya sayıla, şok yarada bilər. Fəqət həmin faktlar peşəkarları əsla təəccübləndirmir, çünki bu, kəşfiyyatın işidir..."

Konkret olaraq Qodminin iddiasına gəlincə, A.Nağıyev deyir ki, məqalədə konkret iddia və fakt yoxdur: “Birincisi, Qodmin bunu nəyə əsaslanıb deyir, məlum deyil. İkincisi, hətta belə bir hal olubsa da niyə MKİ bunu açıqlamalıdır? Üçüncüsü də odur ki, məgər kəşfiyyatla əlaqəsi olmaq, peşəsindən asılı olmayaraq öz dövləti üçün nə isə etmək şərəfsizlikdir? Lakin maliyyə və digər maraqlar müqabilində digər dövlətin maraqları üçün casusluq etmək yolverilməzdir, bu, Vətənə, dövlətə birbaşa xəyanət sayılır. Bilirsiniz, hər hansı bir şəxsi casusluqda və ya xarici xüsusi xidmət orqanları ilə əlaqədə suçlamaq böyük bir risk tələb edir, gərək sən o qədər dəqiq arqumentlərə söykənəsən ki, bunu iddia edə biləsən. Qodminin məsələsi də buna bənzəyir. Heç olmasa konkret bir fakt ortaya qoyarsa, başqa cür danışmaq olar. Düşünürəm ki, bu, növbəti bir sensasiya xarakterli yazıdır”.

***
A.Nağıyevin peşəkarlığını və təcrübəsini şübhə altına almadan qeyd etmək istərdik ki, Ceffri Qodmin kimi bir şəxsin sensasiya xatirinə bu cür ciddi iddialar ortaya qoyması, məqalə yazması heç inandırıcı görünmür. Ortada çox ciddi bir fakt var: X.İsmayılın həbsi, ardınca Azadlıq Radiosunun Bakı bürosunun qapısının prokurorluq müstəntiqləri tərəfindən möhürlənməsi təkcə ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirməyib, bu olaylar həm də Amerikanı, Ağ Evi qarışdırıb. Qodminin məqaləsinin son olacağı inandırıcı gəlmir. Belə çıxır ki, indən belə ABŞ-dan gözlənilməz açıqlamalar, sensasion məqalələr gəlməkdə davam edəcək.

Kənan RÖVŞƏNOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.