Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovun daha bir tankerinə həbs qoyulduğu məlum olub. Virtualaz.org saytı Türkiyənin dənizçilik tematikası üzrə ixtisaslaşmış “Deniz Haber” portalına istinadən xəbər verir ki, oliqarxa məxsus neft tankerinə bu dəfə Yunanıstan limanında həbs qoyulub.
Xəbərdə deyilir ki, Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq ABŞ və Avropa İttifaqının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların əhatə dairəsi genişləndirilir. Bu sanksiyaların nəticəsi olaraq Avropa İttifaqı (Aİ) ölkələrinin limanlarına yan alan və Rusiya bayrağı altında üzən gəmilərə PSC nəzarətindən (Port State Control-Liman Dövləti Nəzarəti) sonra həbs qoyulur.
Bildirilir ki, bu üzdən Mənsimovun Aİ limanlarına yan alan gəmilərinə də həbs qoyulmaqdadır. Son bir həftə ərzində “Palmali Denizçilik” şirkətinə aid olan, Rusiya bayrağı altında üzən M/T “Armada Explorer” adlı tanker Rumıniyanın Kostence limanında həbsə məruz qalıb. Ardınca “Palmali”nin digər tankeri M/T “Brothers-5” adlı tankerinə Yunanıstanın Elefsis limanında PSC yoxlaması tətbiq edilib və Paris memorandumu çərçivəsində gəmiyə həbs qoyulub.
Portalın əldə etdiyi məlumata görə ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi və siyasi embarqoların çərçivəsi qeyri-rəsmi olaraq genişləndirilib. Nəticədə Rusiya neftinin daşınmasında iştirak edən dənizçilik şirkətlərinə ABŞ və Aİ tərəfindən intensiv nəzarət tətbiq olunub.
Qeyd edək ki, “Palmali”nin tankerləri Azərbaycanla yanaşı Rusiya neftinin də daşınmasını həyata keçirir.
Bundan əvvəl şirkətin “Armada Explorer” tankerinə Rumıniya limanında həbs qoyulmasına dair xəbəri “Palmali” şirkətinin rəsmisi İbrahim Nəbioğlu təkzib etmişdi. Bu haqda xəbərin virtualaz.org saytında yayılmasından sonra Nəbioğlu KİV-lərə açıqlama verərək bildirib ki, tankerə həbs qoyulduğu barədə xəbər yalandır. Tanker sadəcə olaraq yoxlanılıb və onun limanı tərk etməsinə heç bir məhdudiyyət qoyulmayıb.