Əhalinin icra hakimiyyətinə müraciətinə məhəl qoyulmur
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin AB massivi bina 42-nin sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıb. Sakinləri narazı salan binaları gedən əsas yolun kəsilməsidir. Səbəb isə yaxınlıqda yerləşən bağçanın təmirdən sonra hasarının məhz bu yoldan keçməsidir. Məktubda deyilir ki, problemləri ilə bağlı sakinlər Suraxanı rayon icra hakimiyyətinə müraciət etsələr də onların şikayətlərinə baxan olmayıb: «Suraxanı rayon İcra Hakimiyyətinin bascisi İlqar Abbasov uzun müddətdir ki, bu vəzifəni icra etməsinə baxmayaraq yerli sakinlərin tələbini və şikayətini ya gorməməzlikdən gəlir, ya da ixtiyarında olan dövlət idarələrinə söz keçirdə bilmir. Hal hazırda çatışmazlıqlar davam edir. Binamızın yaxınlığında yerləşən 262 saylı uşaq bağçasının təmir edilməsi bizi sevindirdi. Amma yarıtmaz təmir sonda əhalinin başında çartladı. Nəticədə 42 saylı binanın yolu bağlandı. Binanı əsas yola bağlayan asfalt yol hasarlandı. Onu da qeyd edək ki, bu yol piləkədən istfadə edə bilməyən yaşlı və usaqların istifadə etdiyi yoldur. Bu əməl bina sakinlərini narazı salıb. Kimlərsə qarğış sahibi olub».
Sakinlər hesab edir ki, baş verənlərə görə, birbaşa icra hakimiyyəti məsuliyyət daşıyır. «Bütün mürəciətlərimiz geri cevirildi. Heç kim şikayətimizlə maraqlanmadı. Bir gün də olsun İlqar Abbasov əhalini qəbul edib dinləmədi. Üstəlik binanın bağlanan yolu açılmaq əvəzinə, vaxtilə insanların ayaqla düşə bilmədiyi yoldan insanlarin maşınla istifadə etməsini istəyirlər. Budur İlqar Abbasovun gördüyü iş, budur yeri icra orqanın əhaliyə göstərdiyi münasibət. İndi bizi nələr gözləyir Allah bilir.Yaratmaz işlər əhalinin naraziliğına səbəb olub», deyə məktubda qeyd edilir.
Sakinlərin şikayəti ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin mövqeyini öyrənməyə, problemin nəyə görə həllini tapmadığını öyrənməyə çalışsaq da cəhdlərimiz bir nəticə vermədi.