Roman Abramoviç də daxil olmaqla bir çox tanınmış rusiyalı oliqarxlara pul “atan” erməni fırıldaqçısı yoxa çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, təsis olunarkən səhmdarlarına böyük vədlər verən “Blackfield Capital” investisiya fondunun rəhbəri, hazırda gizlənən Kim Karapetyanın ABŞ-a ekspansiya planları məlum olub. Ancaq ABŞ-ın Rusiyaya qarşı sanksiyaları onun planlarına mane olub.
“The Wall Street Journal” qəzeti araşdırıb ki, Kim Karapetyan Nyu-Yorkun Manhetten kvartalında ayı 15 min dollara penthaus kirayələyib və özünə “Aston Martin Vanquish” avtomobili almaq istəyib. Ancaq sanksiyalar üzündən planlarını reallaşdıra bilməyib.
Xəbərdə bildirilir ki, Karapetyanın yoxa çıxmasından sonra onun təsis etdiyi investisiya fondunda xaos hökm sürür.
Məxsusi olaraq Amerika bazarında fəaliyyət göstərmək üçün yaradılan “Blackfield Capital LLC” şirkəti 2014-cü ilin payızından etibarən London Fond Birjasında və Çikaqo Kommersiya Birjasında hərraclara başlamalı idi. Bu məqsədlə Ümumdünya Ticarət Mərkəzinin binasında 18 ofis, habelə Manhettendə rekord qiymətə ofis kirayələnmişdi.
Kim Karapetyan (şəkildə sağda) “Blackfield Capital” fondunun açılışında
Ötən ilin payızında “Forbes” jurnalı şirkətin iflasa uğradığını xəbər verdi. Baş direktor Kim Karapetyan və təsisçi Vaqinak Mxitaryan ofisdən yoxa çıxdılar və investorlar onları axtarıb tapa bilmədi. Müştərilərin fonda yatırdığı vəsaitlər də “buxarlandı”.
Şirkətin şöbə rəhbəri Aram Quşyan bildirib ki, onun idarəsi altında 20 milyon dollar olub, ancaq həmin vəsait bank hesabından çıxarılıb.
Məlumatlara görə, ermənilərin yaratdığı bu şirkətin müştəriləri arasında milyarderlər Roman Abramoviç və Mixail Proxorov da olublar. Fond potensial müştərilərə illik 60 faiz gəlir vəd edirdi.
Qəzet yazır ki, Karapetyan yoxa çıxandan sonra özünü “Karapetyan” kimi təqdim edən şəxs fondun investorlarına və yüksək vəzifəli əməkdaşlarına qısa mesaj göndərərək “təhdidlərə görə gizləndiyini” bildirib. Ancaq təhdidlərin nədən ibarət olduğu göstərilməyib.
Məlumata görə, o, investorların bütün vəsaitlərini qaytaracağını bildirib, ancaq “Karapetyan” onunla təkrar necə əlaqə saxlamağın yolunu göstərməyib. O zaman şirkətin əməkdaşları təxmin ediblər ki, Karapetyan ABŞ-da gizlənir.
“Blackfield Capital” 2013-cü ildə Moskva birjasında fyuçerslərin və opsion müqavilələrin 2 faizə qədərini alıb-satırdı. 2009-cu ildə yaradılmış fond Rusiyanın ən çox gəlir vəd edən hec-fondlarından biri hesab edilirdi.
Karapetyanın problemləri Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra başladı. Tezliklə şirkət ABŞ-da ofis kirayəsinə dair müqavilələri pozdu və bütün əməkdaşlarını işdən azad etdi. Oktyabr ayında isə şirkətin Moskvadakı ofisinə üç nəfər gəlib və özlərini təqdim etmədən “29 yaşlı Karapetyanı axtardıqlarını” deyiblər. Ancaq Karapetyan nə həmin gün, nə də ondan sonra işdə olmayıb. Şirkətin əməkdaşlarına elan edilib ki, maaşları vermək üçün pul yoxdur və 20 milyon dolların, o cümlədən investorların pullarının yoxa çıxdığı xəbər verilib.
Qəzetin yazdığına görə, məlum olub ki, Kim Karapetyanın London İqtisadiyyat Məktəbində təhsil alması və “Morgan Stanley” bankında staj keçməsi barədə məlumatlar da yalan imiş.