Xüsusilə yaşlılar, ürək, ağciyər xəstələri, xərçəng xəstəliyindən əziyyət çəkənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və azyaşlılar immun sistemləri zəif olduğu üçün soyuq və şaxtalı havalarda daha tez xəstələnirlər.
Ekspertlər qışın soyuğundan qorunmaq üçün bu qaydalara əməl etməyi məsləhət görürlər:
Bayırda keçirdiyiniz vaxtı azaldın!
Nə qədər isti geyinib, bayıra çıxsaq da, açıq havada keçirdiyimiz zamanı azaltmağa çalışmalıyıq.
Əslində, soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq, mikroblara qarşı müdafiə sistemimizi gücləndirir.
Ancaq soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü getdikcə azalır və xəstələnməyimiz üçün şərait yaranır.
Bir neçə qat geyinmək bədənin istiliyini daha çox qoruyur
Bir və ya iki qalın köynək əvəzinə, çıxarılması asan olan üst-üstə geyindiyimiz paltarlar gün ərzində girdiyimiz isti yerlərdə tərləmənin qarşısını alır.
Əks halda, qalın paltar geydiyimiz zaman bədənimizdə yaranan tər bayıra çıxdığımız zaman soyuqdəyməyə və əzələ tutulmalarına səbəb olur.
Bədəninizin müdafiəsiz bölgələrinə diqqət edin!
Burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlar, yəni soyuğa qarşı daha az müdafiə etdiyimiz bədən üzvlərimizi iki qat əlcək, corab və papaqla daha yaxşı müdafiə etməliyik.
Başa soyuq dəyməsi nəticəsində qrip virusuna yoluxma və boğaz iltihabına tutulmanı tezləşdirir.
Ağciyər və ürək çatışmazlığından əziyyət çəkənlər daha diqqətli olmalı..!
Xüsusilə ağciyər və ürək xəstəliyi olanların soyuq havada bayıra çıxmaması və ya çıxarkən bu tədbirləri görməsi vacibdir.
Ağciyər problemi olanların burun və ağızdan soyuq havanı ciyərlərinə çəkmələri başda soyuqdəymə olmaqla, qrip və yuxarı tənəffüs yollarının iltihabı riskini artırır.
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə soyuğun bədəndə yaratdığı gərginlik hormonlarının artması səbəbindən ani damar daralması, ürəktutması və infarkt riskini artırır. Bu səbəbdən həmin insanların diqqətli olması çox vacibdir.
Yüksək təzyiqdən əziyyət çəkənlər, dərmanlarınızı yanınızdan ayırmayın!
Yüksək təzyiqi olanların burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlardakı kapilyarların soyuqdan büzüşməsi səbəbindən təzyiqləri daha da yüksələ bilər.
Buna görə də, onlar həkim məsləhəti ilə təcili yardım məqsədli dərmanları üzərlərində gəzdirməlidirlər.
Gözlərinizi unutmayın!
Soyuq havalarda mütləq eynəkdən istifadə edin. Bu, göz sulanmasının və qızarmasının qarşısını almaqda sizə kömək edəcək.
Çoxlu maye qəbul edin!
Lazımi miqdarda maye qəbul etmədən uzun müddət soyuqda qalmaq bədənin uc nöqtələrində su çatışmazlığı ilə bağlı olaraq, kapilyarlarda daralmaya səbəb olur.
Bu, həm həmin bölgələrin donmasına, həm də mikrobların atılması üçün lazım olan bəlğəmin qatılaşmasına səbəb olur.
Qəhvə və çay kimi isti içkilər burun və boğaz axıntısını qurutduğundan, bunun yerinə bitki çaylarından istifadə daha faydalıdır.
Alkoqollu içkilərdən istifadə etməyin!
Alkoqollu içkilər kapilyarlarda, burun və yanaqlarda istilik hissinə, qızarmaya səbəb olaraq, bədənin istiliyinin artdığı hissini versə də, əksinə, istiliyin itirilməsinə səbəb olur, donvurma riskini artırır. Ayrıca, bədənin sidiklə su itirməsinə səbəb olur.
Siqaret çəkməyin!
Burun, boğaz və ağciyərlərin hava yolları toz və mikrobun içəriyə girməsini əngəlləyən, onları bayıra itələyən incə tükcüklərə malikdir.
Onlara ən çox ehtiyacımız olduğu küləkli və soyuq havalarda siqaret çəkməklə tənəffüs yolu xəstəliklərinə yol açırıq.
İdman etməyi unutmayın!
Vaxtaşırı edilən idmanın faydaları bəllidir. Soyuq havalarda isə idman hərəkətləri soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı müdafiəni artırır.
Vaxtaşırı idman edənlər bu xəstəliklərə həm 20 faiz daha az yoluxur, həm də yoluxduğu zaman idmana davam etməklə daha tez sağalırlar.
Soyuqda edilən idman bu baxımdan, daha faydalıdır.
Avtomobil istifadəçiləri tədbirli olun!
Avtomobil içərisində ən az 2 günlük su, ərzaq, qalın adyal, təcili yardım çantasının olması soyuqda donmanın qarşısını almaq üçün yardımçınız ola bilər.
Sürüşməkdən və yıxılmaqdan qorunun!
Qar, buz, yağış xüsusilə yaşlıların asanlıqla yıxılması üçün zəmin yaradır. Evdən çıxmaq məcburiyyətində olanlar altlığı sürüşkən olmayan ayaqqabılar geyinməli, yaşlılar çəlikdən istifadə etməlidirlər.
Mümkün qədər xırda addımlarla yerimək sizi sürüşməkdən qoruya bilər. Yaşlılar yola tək çıxmamağa çalışmalıdırlar.
Yıxılarkən özünüzü qoruya bilmək üçün əlləriniz cibinə qoymayıb.
Düzgün qidalanma...
C vitamini ilə zəngin olan portağal, qırmızı bibər, qatıq, kefir, sirkə kimi qıcqırdılmış faydalı bakteriyalarla zəngin olan qidalar immunitet sistemini gücləndirir.
Həmçinin heyvan mənşəli qidaların - balıq, ət, süd məhsullarının istifadəsi mikroblara və soyuğa qarşı dözümlülüyü artırır.
Şəkərli qidalar isə immunitet sisteminin mikroblarla mübarizəsini çətinləşdirir, düyü, kartof, şirniyyatlar bu baxımdan zərərlidir.
Nizamlı yuxu, immunitet sisteminin ən vacib hissəsidir
7-8 saatlıq keyfiyyətli yuxu immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müdafiə gücünü artırır. Birmənalı olaraq, bilmək lazımdır ki, gecə yuxusunun yerini gündüz yuxusu vermir.