Dərbənddə azərbaycanlılara məxsus ziyarətgah dağıdılıb.
Bu barədə Axar.az-a Dərbənd sakinləri məlumat veriblər.
Dünən gecə törədilən cinayət azərbaycanlılar arasında məşhur olan Şıxsalah qəbiristanlığında baş verib. Hadisə nəticəsində azərbaycanlıların ziyarətgahı Seyid Mir Qafar Ağanın qəbri dağıdılıb. Hələlik hadisəni kimlərin törətdiyi bilinmir.
Əhali arasında cinayətin vəhhabilər tərəfindən törədildiyi haqqında fikirlər dolaşır. Lakin başqa cür düşünənlər də var. Dərbənddəki mənbəmiz bunun vasitəsiylə insanlar arasında milli qarşıdurmanın yaradılmasına çalışıldığını deyib. Onun sözlərinə görə, Dərbənddə hakimiyyət uğrunda klanların savaşı məhz bununla yeni mərhələyə qədəm qoyub.
Hadisədən təxminən bir həftə öncə Dərbənd şəhərinin meri olan milliyətcə ləzgi İmam Yaraliyev çıxışında Moskvada yaşayan dərbəndli oliqarxların onun devrilməsi üçün çalışdıqlarını bildirib. Məhz bundan sonra Dərbənddə ən güclü klan hesab edilən azərbaycanlılara qarşı fəaliyyət daha da güclənib. Mənbə Yaraliyevin bununla tərəflər arasında milli qarşıdurma yaradaraq soydaşlarımızın bölgədə hakimiyyətə gətirilməsinə mane olmağa çalışdığını deyib.
Seyid qəbrinin dağıdılması yerli əhali arasında da kəskin etiraza səbəb olub. Hadisədən dərhal sonra mitinqə çıxmaq istəyən soydaşlarımızın qarşısı son anda yerli azərbaycanlı liderlər tərəfindən alınıb. Lakin soydaşlarımızın qəzəbi hələ də keçməyib.
Qeyd edək ki, İmam Yaraliyev 2010-cu ildən Dərbənd şəhərinin meridir (Dərbənd rayonunun meri isə 2014-cü ilə qədər Qurban Qurbanov idi). O bundan öncə Dağıstanın Baş prokuroru olub.