2013-cü ilin fevralında həbs edilən Şabranın Tibbi Sosial Ekspert Komissiyasının (VTEK) sədri İmran Məmmədov barəsində xəbər yayılıb.
Axar.az-a bölgədən verilən məlumata görə, xidməti kabinetində qandallanan rüşvətxor məmurun həyat yoldaşı vəfat edib.
İ.Məmmədovun xanımı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. İ.Məmmədov Quba, Qusar, Xaçmaz, Şabran rayonlarında pensiyaların verilməsinə nəzarət edirdi. O, Şabranın Mərkəzi Xəstəxanasında 3500 manat rüşvət alarkən həbs olunub.
Axtarış zamanı İmran Məmmədovun evindən 15 min manat çıxıb. Əməliyyat Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib.
Xatırladaq ki, son 2 ildən artıq müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Füzuli Ələkbərovun istefasından sonra xeyli sayda işçisi, xüsusilə Tibbi Sosial Ekspert Komissiyasının sədrləri rüşvət ittihamı ilə həbs edilib.
Bu əməliyyatlar əksər vaxt komissiya sədrlərinin xidməti kabinetlərində həyata keçirilib.
Onu da qeyd edək ki, sabiq sədrin oğlu Həsən Məmmədov Qobustan rayon prokurorunun köməkçisi olub. Daha sonra narkotik ittihamı ilə həbs edilib. İndi azadlıqdadır.