Arif Əliyev: “İlin ortalarına doğru bu istiqamətdə yumşalma olacaq”; Zeynal Məmmədli: “Bütün işçilər həyəcanlıdır”
Amerikada yaşayan məşhur əfqan yazıçısı, “Çərpələng uçuran” romanının müəllifi Xalid Hüseyni AzadlıqRadiosunun həbsdə olan müxbiri Xədicə İsmayılın müdafiəsinə qoşulub. Onun da qoşulduğu “PEN Amerika Mərkəzi”nin bəyanatında deyilir ki, X.İsmayılın həbsi Azərbaycanın beynəlxalq imicinə ləkədir.
Jurnalistin həbsinin “qurama” adlandırıldığı bəyanatda qeyd edilir ki, X.İsmayıl ölkədə aparıcı araşdırmaçı jurnalistlərdəndir və geniş yayılmış korrupsiya, insan haqları pozuntuları hallarını üzə çıxarır.
X.İsmayıl həm də Xalid Hüseyninin “Çərpələng uçuran” romanını Azərbaycan dilinə tərcümə edib.
“Mən X.İsmayılın Azərbaycan hökuməti tərəfindən həbsindən çox məyus olmuşam. Yazıçı olaraq mən yazmaq və ideyaları təqiblərdən ehtiyat etməyərək paylaşmaq azadlığını müqəddəs dəyər sayıram. Bu azadlıq istənilən, mənalı dialoq üçün vacibdir. Azərbaycan hökumətinin Xədicəni susdurmaq üçün çoxsaylı cəhdləri və onu bu azadlıqdan məhrum etməsi onun cəsarəti və aşırı təqiblər qarşısında nüfuzunu göstərir” - deyə, Hüseyni qeyd edib: “Mənim üçün şərəfdir ki, səsimi Azərbaycan oxucusuna X.İsmayıl çatdırıb. İndi mənim onun səsinə səs vermək növbəm çatıb. Ümid edirəm ki, dünya onun dərhal azadlığa buraxılması və qeyd-şərtsiz jurnalistlik kimi mühüm işinə qayıtması çağırışlarıma qoşulacaq”.
***
“Azadlıq”ın ətrafında aparılan istintaq hərəkətləri isə dayanmış kimi görünür. Çünki yeni il girəndən bəri nə radionun işçiləri dindirməyə çağırılıb, nə də hər hansı istintaq hərəkəti aparılır. Radionun Bakı bürosunun direktoru Zeynal Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Yeni il başlanandan heç kim istintaqa çağırılmayıb. Son dəfə dekabrın 30-da AzadlıqRadiosu əməkdaşlarının istintaqa çağırılmasından sonra bu istiqamətdə hər hansı gəlişmə olmayıb.
Müsahibimiz xatırlatdı ki, Respublika Prokurorluğunun ötən ilin son iş günündə “Azadlıq”da maliyyə pozuntuları olması ilə bağlı yaydığı açıqlama da həqiqəti əks etdirmir. Onun sözlərinə görə, ortada heç bir maliyyə pozuntusu yoxdur və bununla bağlı hüquqşünasların rəyi də yayılıb: “Hər hansı maliyyə pozuntusundan söhbət gedə bilməz. 7800 manat vəsaitdən söhbət gedir və bu vəsaitin də vergisi artıq ödənilib. 5 ilə 7800 manat vəsait hansı məntiqlə korrupsiya elementi sayılır?”
AzadlıqRadiosu Bakı bürosunun bundan sonrakı fəaliyyətinə gəlincə, müsahibimiz dedi ki, bu məsələni ümumən radio rəhbərliyi həll etməlidir. Onun sözlərinə görə, Bakı bürosunun bütün işçiləri həyəcanlıdır: “Məişət problemləri, kreditlər, ipoteka kreditləri ödəyənlər var. Bundan başqa, dolanışıq qayğılarını da nəzərdən qaçırmaq olmaz. Bütün bunların fonunda isə qeyri-müəyyənliklər özünü göstərir. O biri tərəfdən isə ortada heç nə yoxdur. Bəs nəyə görə və hansı əsasla fəaliyyəti davam etdirməyə qoymurlar?”
Radionun keçmiş əməkdaşı Rövşən Əliyev isə öz bloqunda yenidən AzadlıqRadiosu barədə yazıb. “Yeni Müsavat” qəzeti də daxil olmaqla, media orqanlarında daha öncə yazdığı yazının yanlış anlaşılmasını qeyd edən jurnalist bildirib ki, o, “Azadlıq”ın bəzi məsələlərdə peşəkar davranmadığını yazıb: “Bu o demək deyil ki, Azərbaycanda onu tənqid eləyən xəbər mediasının radioya qarşı hücumlarını, arqumentlərini, ittihamlarını bölüşürəm. Bu o demək deyil ki, radionun tənqidçiləri süddən çıxmış ağ qaşıqlardır. AzadlıqRadiosunun Azərbaycan xidmətini həmişə redaktor əvəzinə briqadir idarə eləyib. Ancaq bu o demək deyil ki, radionun əməkdaşları əyri işlərlə məşğuldurlar, hansısa kəşfiyyata işləyirlər, kiməsə qarşı qəsd planının iştirakçılarıdır.
Mən peşə kodeksinə əməl eləməyin önəmini irəli çəkmişəm. Peşə kodeksi jurnalisti siyasi fəaliyyətdən çəkindirir və bilərəkdən, yaxud bilməyərəkdən hansısa daxili, xarici qüvvənin, kəşfiyyatın alətinə çevrilməkdən sığortalayır. Peşə kodeksinə əməl olunmasına normal idarəçilik, hazırlıqlı, prinsipial jurnalistlər, onların alternativ iş yeri imkanlarının olması, yayım şurası, peşəkar redaktorlar, səviyyəli auditoriya təminat verə bilərlər, briqadirlər yox. Azərbaycanda kimlərin bəhanə axtarıb, fürsət tapıb ölkənin kursunu Rusiyaya doğru yönəltmək istədiyi bəllidir. Peşəkar media qurumu da siyasi gündəm güdməməli, belə bəhanələrə imkan verməməli, siyasi marağı olan mənbələrdən gələn kompromatlarla ehtiyatlı davranmalıdır. Araşdırmaları öcəşməyə çevirməməlidir. Oyun oynamamalıdır... Bir daha təkrar eləmək istəyirəm. Radionu Ağ Evlə eyniləşdirən siyasətçi yanır. Yanır-yansın, özü bilər. Ən pisi odur ki, ölkə ilə birlikdə yana. Azərbaycanın yanğın kursu götürdüyü bir vaxtda haqq-hesab çəkmək yox, bu yanğını körükləyən istənilən tərəfin oyununa mane olmaq lazımdı. Deyəsən, heç kəslə razılaşmamağımın səbəbini anlada bildim”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə xüsusən bayram günlərində radio ilə bağlı baş verən gəlişmə və yayılan açıqlamalarla bağlı danışdı. Müsahibimiz dedi ki, ümumən radio ilə bağlı “korrupsiya ittihamları”nın olması həqiqəti əks etdirmir: “Radio dövlət orqanı deyil ki, orada korrupsiya faktı olsun. Hər hansı maliyyə pozuntlarının baş verməsinə gəlincə, deyə bilmərəm ki, nəsə baş verib, olub, ya yox. Amma mən deyim ki, bizdə jurnlistlərin bir-biri haqqında, köhnə iş yerləri ilə bağlı qəribə açıqlamalarla çıxış etməsi geniş yayılıb. Kimi bəlkə köhnə heyfini çıxır, ya da hansısa çatışmazlığı, maliyyə pozuntusunu bilərəkdən qabardır. Amma hər halda, hətta o deyilənlərin müəyyən bir qismi də doğrudursa, bunu KİV-in fəaliyyətini məhdudlaşdırmadan da araşdırmaq mümkün idi. Burda başqa proseslər gedir. Bunlar yəqin ki, əsl mahiyyətdən kənarda olan proseslərdir”.
Bundan sonra radio ilə bağlı hansısa addımların atılacağı ehtimalına gəlincə, müsahibimiz hesab edir ki, həbs olunan jurnalistlər, KİV-in fəaliyyəti ilə bağlı ilin ortalarına doğru yumşalma olmaldır: “Birincisi, ona görə ki, əsas oyunçular sıradan çıxarılıb. İkincisi, Azərbaycanın daxilində siyasi aksiyalar və böyük beynəlxalq tədbirlər gözlənilir. Neftin qiyməti ilə bağlı ciddi proseslər baş verir. Məsələlərin məntiqi araşdırılmasına doğru meyl olmalıdır. Bu mühit bəlkə imkan verə bilər ki, problemləri ağllı-başlı müzakirə üsulu ilə yoluna qoysunlar”.
A.Əliyevin fikrincə, indiki halda söhbət problemlərin həllindən yox, sanki ayrı-ayrı oyunçuların, tərəflərin sıradan çıxarılmasından gedir. Müsahibimiz dedi ki, hər hansı dövlət orqanında korrupsiya faktı aşkarlananda o orqanı bağlamırlar, onun qapısına möhür vurmurlar: “Eyni məntiqlə AzadlıqRadiosu ilə bağlı da eyni ssenari olmalı idi. Yəni fəaliyyəti dayandırma olmamalı idi. Bütün bunlar ətrafa yayılan dalğalardır”.
Respublika Prokurorluğunun mətbuat xidmətindən isə AzadlıqRadiosu ilə bağlı aparılan istintaqın gedişatı ilə bağlı məlumat almaq mümkün olmadı.
Sevinc TELMANQIZI