İslam və Demokratiya

7-01-2015, 09:23   
İslam və Demokratiya
Bu gün dünyada çox –çox müzakirə olunan mübahisəli məsələlərdən bir də İslam və Demokratiya anlayışıdır. Beynəlxalq tədbir və konfranslarda, siyasi və iqtisadi formlarda, dinlərarası dialoq adı ilə keçirilən iclaslarda bu məsələ önə çıxan ən mühüm məsələ kimi nəzərə çarpmaqdadır. Açıq desək, İslam və Demokratiya anlayışları Qərbin müəyyən qüvvələri tərəfindən açıq –aşkar tənqidi şəkildə müqayisə edilir.
Bu yerdə onu da qeyd etmək lazımdır ki, İslam- insanlara dünya və axirət səadətinin yolunu göstərən İlahi bir din, demokratiya isə- insanların öz ağıl, səy, iradə və elmi təcrübəsinə dayanan bir idarəetmə sistemidir.
Bu fikiri söyləməyimizin əsas səbəbi ondan ibarətdir ki, İslam və demokratiya anlayışlarının bir-birinin ziddi və yaxud alternativi, ya da ki, onların üst-üstə düşməsi fikirlərini irəli sürən qüvvələrin haqlı olmadığını göstərməkdir.
Ona görə də İslamı bir İlahi din olaraq öz simasında, demokratiyanı da öz əsaslarında təqdim etmək gərəkdir. Bunu edərkən də, obyektivliyi itirməmək əsas şərtdir.Yəni, bu iki anlayışın ortaq nöqtələrini və fərqli cəhətlərini heç bir təəssübə uymadan bildirmək mühüm məsələdir.
Gəlin İslam dininin nəzərindən cəmiyyətin siyasi idarəçilik nəzəriyyəsi modelinə baxaq. Bəzi ilahiyyatçıların və din alimlərinin nəzəri budur ki, Quranda müsəlman cəmiyyətinin idarə olunması haqqında insanlara əmr edilən heç bir idarəçilik sisteminin modeli mövcud deyil.
Amma bu fikrə qarşı olan başqa din alimləri və ilahiyyatçılar isə iddia edirlər ki, Həm Quranda, həm də Hz.Peyğəmbər (s.ə.v.v)-in davranışlarında idarəçilik və idarəetmənin vəzifə və səlahiyyətlərini nümunəvi şəkildə öyrədən ictimai prinsiplər mövcuddur.
Hər ölkənin idarəçilik qanunları, dövrün tələblərinə, insanların milli və mədəni xüsusiyyətlərinə, formalaşan siyasi mühitə, coğrafi və təbii şəraitin ortaya qoyduğu imkan və çətinliklərə bağlıdır.

Demokratiyanın ən təyinedici və qaçınılmaz xüsusiyyətlərindən biri, xalqın idarəçiliyə qatılması və özünün azad iradəsi ilə idarəçilərini seçməsidir.
Hz.Peyğəmbər(s.ə.v.v)-in həyatını araşdırdığımız zaman, o müqəddəs insanın İslam qayda və qanunlarını ən yaxşı şəkildə icra edən bir şəxs olduğunu görürük. Bu mənada “Beyət “ ayini (müasir səs vermə haqqı) İslam idarəçiliyinin ilk qanunu kimi nəzərə çarpmaqdadır.
Beyət səs verməklə bu günün seçki qanunvericiliyini əvəz edən, xalqın səsvermə hüququnu təsbit edən, xalqın idarə edənlərə öz rəyini bildirməklə bağlılığını qabarıq şəkildə göstərən ilk İslam idarəçilik qanunudur. Həm də beyət, qadın və kişinin idarəçilərə qarşı vəzifə, hüquq və səlahiyyətlərini təyin edən bir müqavilə kimi də xarakterizə oluna bilər.
Hz.Rəsulullahın (s) təməlini qoyduğu beyət nizamı, sonradan xəlifələr tərəfindən müxtəlif səbəb və siyasi maraqlara görə müəyyən dəyişiliklərə məruz qalmağına baxmayaraq, Osmanlı sultanlarının dövrünə qədər davam etmişdir.
Amma, Hz.Peyğəmbər(s) xalqdan könül razılığı ilə beyət qəbul etmişdir. Qılınc gücünə və zorakılığ tətbiq etməklə deyil!
Çünki, İslama görə qılınc və zor gücünə alınan beyət haramdır və qeyri-qanuni sayılır.
Buraya qədər İslam və demokratik qanunlar arasında bir paralellik aparmaq mümkündür.
Cəmiyyətin asayişini pozmağa hesablanmış, zorakılığa və haqsızlığa söykənən hər cür hərəkətin və cəhdin dəf olunması, İslam dininin hər kəsin boynuna qoyduğu məsuliyyət və vəzifələrdən biridir. İslam qanunlarına görə idarəçilər və məmurlar insanlar arasında bərabərliyi, ədaləti və fərdi hüquq toxunulmamazlığını biləvasitə təmin edən şəxslər kimi mühim məsuliyyət daşıyırlar. Əgər demokratiya təkcə cəmiyyəti idarə edən və istiqamətləndirən bir sistem deyil, insanların əsas hüquq və azadlıqlarını təminat altına alan və xalqın tələblərini ödəyən bir idarə etmə formasıdırsa, bu cəhətdən o, İslamın idarəetmə qanunlarından heç bir şeylə fərqlənmir. Çünki, cəmiyyətin haqlarının qorunması cəhətindən bu ikisi arasında heç bir ixtilaf yoxdur. Hətta, İslam dini bir tərəfdən fərdi hüququn qorunmasını əmr edərkən, digər bir tərəfdən də ictimai məsuliyyətdən bəhs edir və bu ruhun həmişə canlı tutulmasına təşviq edir.Ona görə də fərdlərə vacib olan hər bir məsuliyyətin, ictimai həyata baxan bir tərəfi vardır.
Demokratik idarəçilik sistemi ilə idarə olunan ölkələrdə, xalq tərəfindən seçilən və cəmiyyət adından idarə olunması qərar verilən parlament də (məclis), üzərində durulması vacib olan ən mühüm müəssisələrdən biridir. Bu mexanizmin ( məclisin ) İslamdakı alternativi, təməli Quranın və Hz.Peyğəmbər(s)-in tərəfindən qoyulan “Şura “ məclisidir. Bu barədə mübarək Qurani-Kərimin iki ayəsində belə buyurulmuşdur:
“Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər! “Ali-İmran,159
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Şura ,38
Demokratiyanın əsasları arasında vurğulanan xüsusi prinsiplərdən biri də məşvərət və ümumi rəydir. Bu müddəalara da yuxarıda misal çəkdiyimiz iki ayədə açıq şəkildə toxunulur. Quran təfsirçilərinin rəyinə görə ayələrdə keçən “iş haqqında onlarla danış “ ifadəsi sadəcə olaraq bir tövsiyyə deyil ,bəlkə yerinə yetirilməsi vacib olan bir İlahi əmrdir.
Bu günün dünyasında adı nə olursa olsun , insanların sabitlik və xoşbəxtliyinə xidmət edən hər hansı bir idarə etmə formasına İslam dininin ümumbəşəri qanunları etiraz etmir .
Hz .Peyğəmbər (s.ə.v.v) və Əhli-Beytin məsum İmamları kamil insan olduqlarına baxmayaraq, yaşadıqları cəmiyyətdə həmişə ümumi işlərdə cəmiyyətlə məsləhətləşmiş və bu ənənəni yaşatmağı təkid etmişlər.
Hz.Peyğəmbər(s.ə.v.v) –in insaların hüquq və azadlıq baxımından bərabər olmasını vurğulayan bir mübarək kəlamı, fikrimə görə bu günün Qərb və demokratiya adından danışan bəzi dövlətlərə dərs olmalıdır. Allah Rəsulu (s) buyurmuşlar :”İnsanlar bir darağın dişləri kimi bərabərdirlər.”
Nə gözəl bənzətmə və nə dəqiq məntiq!
Biz bu gün ağız dolusu demokratik dəyərlərdən və insan haqlarından danışan Amerika və Qərb dünyasının yeri gələndə “ikili standartlar “ –la hərəkət etmək xüsusiyyətlərinə hardasa artıq vərdiş etmiş kimiyik. Əfqanısanda, İraqda, Fələstində(Qəzza da), Suriyada və.s ölkələrdə Amerikan “demokratiya”-sının və Qərbin insan haqlarını guya ki, müdafiə etdiyi təşkilatlarının əzilən, haqqı tapdalanan, öldürülən və ən azından hər gün partlayış və fəryad səslərinə oyanan müsəlman xalqların haqlarını qulaq ardına vurmasını da görməmiş deyilik.
Bu baxımdan Azərbaycan xalqı da ona qarşı törədilən erməni işğalının müqabilində Qərb dövlətlərinin susmasını və sanki erməni vandalizmi qarşısında Ermənistanla dəcəl və ərköyün uşaq kimi davranıldığını yaxşı görür.
Bütün bunlar bir daha onu açıq –aydın göstərir ki, demokratik dəyərlərdən və beynəlxalq hüquqdan ağız dolusu danışan dövlətlər, yeri gələndə bu qanun və dəyərləri dini, siyasi, maddi və iqtisadi çıxarları hesabına dərhal qulaq ardına vura bilirlər.
Bu yaxınlarda ABŞ-ın Quantanamo həbs düşərgəsində saxlanılan əsirlərlə amerikan əsgərlərinin necə davranması xəbəri dünya birliyini şoka saldı. Müsəlman olduqları üçün əsirlərin hər cür işgəncəyə məruz qalması faktı və yeddi dustağın bu alçaldıcı və ağır əzablara dözməyərək intihar etməsi hamını çox kədərləndirir. Həm də bu əməlləri hansı ölkənin hərbiçiləri edir ? Dünyada “demokratiyanın beşiyi” sayılan ABŞ!
Buna görə də İslamın demokratiyaya zidd olduğu və yaxud İslam dəyərlərinin demokratik qanunlarla üst-üstə düşməsini sübut etməyə çalışmaq üçün az qala “ dəridən və qabıqdan “ çıxanlara sözümüz budur:
-İslam bir İlahi qanun və əbədi bir dəyərdir. O, heç bir bəşər təxəyyülünün məhsulu olan qayda- qanunlarla müqayisə olunmaz!


Araz Mehrəli
Dinşünas –tədqiqatçı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.