ATƏT Qarabağ problemini ikinci plana keçirir

7-01-2015, 09:30   
ATƏT Qarabağ problemini ikinci plana keçirir
Vəfa Quluzadə: “ATƏT sədri reallıqdan çıxış edib, gündəlikdə Ukrayna məsələsidir”
2015-ci ilin ilk günlərində Qarabağ münaqişəsi ilə bağlı növbəti nikbin və bədbin proqnozlar eşidilməkdədir. Vaxtilə münaqişənin həlli üçün “qızıl dövrün” yetişdiyini bəyan edən paytaxtlar indi daha ehtiyatlı mövqedən çıxış etməyə üstünlük verirlər.

ABŞ Dövlət Departamenti ənənəsinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahat olduğunu bəyan edib. APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bu barədə ölkəsinin mövqeyini açıqlayıb. “Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk Qrupu çərçivəsində həllinin tərəfdarıdır.

Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştirak etməyə çağırırıq” deyə, C.Psaki bildirib.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik isə twitter sosial şəbəkəsindəki səhifəsində zorakılıqdan çəkinməyə çağırıb: “2015-ci il Dağlıq Qarabağda sülh və uzunmüddətli həll ili olmalıdır. Zorakılığın bərpası buna cavab deyil”.
Ancaq ATƏT-də bir illik sədrliyə başlayan Serbiyanın xarici işlər naziri İviç Daçiç isə pessimist danışıb. O, Serbiyanın təşkilata sədrliyi dönəmində əsas prioritet məsələnin Ukrayna böhranı olacağını söyləyib. Bununla da qurumun sədri Qarabağ məsələsini arxa plana keçirmiş olub.



Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə indiki situasiyada həmsədrlər də daxil, hər hansı nikbin bəyanatları ciddiyə almır. Onun fikrincə, ATƏT-in həmsədr ölkələrinin nümayəndələri təyin olunandan sonra rəhbərliklər tərəfindən tam unudulur: “Vaxtilə Kerri Kavano ilə işləmişəm, Bratke, Brayzanın, digərlərinin fəaliyyətini izləmişəm.

Məndə belə təsəvvür yaranıb ki, həmsədrlik çox yağlı vəzifədir. Təyin olunan şəxslər şübhəsiz ki, Dövlət Departamenti, ya XİN-də kiminsə dostudur. Çünki bu vəzifə heç bir fəaliyyət tələb etmir, yalnız turist səfərləridir. Azərbaycana, Ermənistana səfər edirlər, Parisdə, Romada, Moskvada, Londonda yığışırlar. Bir dəfə də demişəm, bunlar dünyanı gəzəndən sonra bəlkə Qarabağ məsələsi həll olundu. Çünki mən heç vaxt bunların öz ölkələrinin rəhbərliyi ilə əlaqələrini görməmişəm. İki ölkə arasında müharibə gedir, Azərbaycanın 20 faiz torpağı işğaldadır. Üstəlik, hamıya məlumdur ki, Qarabağ məsələsini yaradan Rusiyadır. Rusiya Azərbaycana da, Ermənistana da külli miqdarda silah satır, qazanır. Ermənistanın alıcılıq qabiliyyəti yüksək olmadığı üçün yarısını havayı verir. Bu məsələyə də heç bir dövlət qarışmır, açıq demir ki, təcavüzün arxasında Rusiya dayanıb. Nə vaxt Amerika, Fransa, Almaniya, İngiltərə bir masa arxasında oturacaq və bəyan edəcək ki, biz bu məsələni çözməliyik, onda həll barədə nikbin danışmaq olar”. V.Quluzadə amerikalı həmsədrin hansısa məlumata əsaslandığını güman etmir: “Bəlkə Uorlik düşünür ki, Rusiya 2015-də çökəcək, Putin rejiminin əvəzinə daha praqmatik hakimiyyət gələcək, imperiya siyasətinə son qoyulacaq. O zaman Qarabağ məsələsi həll oluna bilər.

Ancaq mən inanmıram ki, o, Obamanın fikrini səsləndirir. Əgər bu, ABŞ prezidentinin fikridirsə, Obama bunu özü də deyə bilərdi. Artıq Qarabağ məsələsi beynəlxalq problemdir. Hamı deyir ki, müharibə ilə məsələni həll etmək olmaz. Bəs onda necə olsun? 20 illik münaqişəni çözmək barədə heç kəs normal mövqe ortaya qoymur. Yadımdadır, 1998-ci ildə Bender şəhərində Klinton, Şirak və Yeltsin birgə bəyanat qəbul etdilər ki, 1999-cu ildə Qarabağ məsələsi həll olunacaq. Burda bir prezident qeyri-səmimi idi - Yeltsin. Ancaq Ermənistan parlamenti ”marsianlar" tərəfindən güllələnəndən sonra ermənilər həll prosesindən geri çəkildilər. Ona görə 2015-ci ildə məsələnin həll olunacağı barədə deyilənlər reallıqdan uzaqdır. Vaxtilə münaqişənin həlli üçün “qızıl”, yaxud “gümüş” dövr olduğunu da deyiblər. Belə çıxır ki, 2015 Qarabağ məsələsinin həllinin “brilyant dövrü”dür. Bu mənada ATƏT sədri reallıqdan çıxış edib, gündəlikdə Ukrayna məsələsidir. Ukraynanın da arxasında bütün dünya dayanıb. Qarabağ məsələsi Rusiyanın vəziyyətindən asılıdır".



YAP-çı deputat Siyavuş Novruzov isə moderator.az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları və bu danışıqların nəticəsizliyi fonunda baş verə biləcək olaylara diqqət çəkib: “Məlum olduğu kimi, danışıqlar prosesi davam edir və biz çalışırıq ki, problemi sülh yolu ilə həll edək. Məqsədimiz Qarabağ probleminin həllinə sülh yolu ilə nail olmaqdır. Lakin danışıqlar prosesi uzun müddətdir davam etsə də, ortada ciddi bir nəticə yoxdur. Belə davam etsə, hərb qaçılmaz olacaq. Çünki sülh danışıqlarının səmərəsizliyi başqa yol qoymur”.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində münaqişənin həllinə ümid bəsləmirəm. Ola bilsin ki, ilin ikinci yarısında münaqişənin həll olunması ilə bağlı proseslər hərbi müstəviyə keçsin və bu da çox qısa müddətli olmalıdır”. Bunu isə deputat Fəzail Ağamalı bildirib.

Bu arada Qarabağda itkilər verən düşmən ölkə Azərbaycana qarşı informasiya müharibəsinə start verib. Bakının cavabı gecikməyib.

“Cəbhədə guya Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır”. Bunu “Trend”in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır. Qeyd edək ki, erməni kütləvi informasiya vasitələrində bu il yanvarın 5-dən 6-na keçən gecə cəbhədə qoşunların təmas xəttində baş verən atışma zamanı Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunu itirdiyi barədə məlumatlar yayılıb. Ermənilər hətta hərbçilərimizdən birinin “adı və soyadını”, eləcə də “xidmət etdiyi hərbi hissəsinin nömrəsini” də qeyd ediblər.

Ermənistan tərəfi bu gecə qoşunların təmas xəttində baş vermiş döyüşlər barədə yeni xəbər yayıb.

Virtualaz.org saytı xəbər verir ki, az əvvəl yanvarın 6-na keçən gecə cəbhədə baş vermiş “diversiyanın qarşısının alınması zamanı” Azərbaycan Silahlı Qüvvələrinin üç nəfər itki verdiyi haqda dezinformasiya yayan (Azərbaycan Müdafiə Nazirliyi bu dezinformasiyanı artıq təkzib edib-red.) erməni tərəfi bu dəfə öz itkilərini açıqlayıb.

Tert.am saytının məlumatında deyilir ki, yanvarın 6-na keçən gecə qoşunların təmas xəttində baş vermiş atışmalarda erməni tərəfi də itki verib.

Təmas xəttində Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən iki hərbçisi öldürülüb. Ermənistan Müdafiə Nazirliyi bu xəbərə hələlik şərh vermir.
Qeyd edək ki, Ermənistan ordusunun daha iki hərbçisi yanvarın 3-nə keçən gecə öldürülmüşdü. Bir hərbçi isə ağır yaralanmışdı.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, bu insident erməni ordusu daxilində hökm sürən vəziyyətin nəticəsidir və ordumuz təmas xəttində həmin gün heç bir diversiya əməliyyatı həyata keçirməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.