Rusiya paytaxtında yaşayan azərbaycanlı ailə İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanıb.
Bu barədə APA-ya dekabrın 31-dən itkin düşən Azərbaycan vətəndaşı Türkan Hüseynovanın əmisi Cavanşir Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Hüseynova Türkan Fərhad qızı həyat yoldaşı, Rusiya vətəndaşı Hacımurad Həmidov və ailənin 1 yaşlı övladı Səfiya Həmidova ilə 2014-cü il dekabrın 31-də evdən çıxıb, bir daha geri qayıtmayıb: "Onlar itkin düşəndən sonra iki dəfə ailələri ilə “Skype” vasitəsi ilə əlaqə saxlayıblar. Türkan iz azdırmaq üçün bacısına Türkiyənin Antalya şəhərində olduqlarını söyləyib”.
C. Hüseynov onların axırıncı dəfə yanvarın 1-də valideynləri ilə “Skype”da danışdıqlarını söyləyib: "Onlar İŞİD-ə qoşulmaq üçün Suriyaya gedəcəklərini bildirdilər. Həmin vaxt sabah zəng edəcəklərini desələr də, o vaxtdan nə zəng ediblər, nə də internetə giriblər. Qorxuruq ki, onlar Türkiyə vasitəsi ilə Suriyaya keçsinlər və İŞİD-ə qoşulsunlar".
C. Hüseynov onların Moskvadan Ankaraya təyyarə ilə uçduqlarını, daha sonra isə İstanbula getdiklərini bildirib: "Türkan Hüseynovanın atası İstanbulda Azərbaycan Baş Konsulluğunun əməkdaşları ilə də görüşüb. Ona bildiriblər ki, Türkangil Türkiyə sərhəd xidməti tərəfindən Ankara aeroportunda qeydə alınıblar. Daha sonra isə İstanbula uçublar. İstanbulda onların ev tutduğu da məlum olub. Bacısı Yeganə ilə “Skyp”da danışan Türkan Suriyaya gedəcəklərini bildirdikdə bacısı ilə arasında mübahisə yaşanıb. Türkan dərhal “Skype”-ı söndürüb, digər sosial şəbəkədəki hesablarını da bağlayıb”.
C. Hüseynov hazırda Türkangildən heç bir xəbər ala bilmədiklərini qeyd edib: "Türkanın atası hazırda İstanbuldadır, qızının ailəsinin izini tapmağa çalışır”.
Qeyd edək ki, Hacımurad Həmidov Dağıstan sakinidir, azərbaycanlıdır.