Hər hansı müdafiə adı altında qətl və insan ölümlərinə rəvac verilməsi təqdir oluna bilməz.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bunu Fransanın “Charlie Deblo” jurnalının redaksiyasına basqını "Turan"-a şərh edərkən deyib.
“Eyni zamanda, bütün peyğəmbərlər müqəddəs olduğu üçün onların şəxsiyyətinə münasibətdə “qırmızı xətləri” də keçmək olmaz və bu da yolverilməzdir”, -deyə Ş.Həsənli adı çəkilən jurnalda Məhəmməd peyğəmbərin (ə.s) karikaturalarının çəkilməsinə münasibət bildirib. Ş.Həsənliyə görə, belə addımın söz və ya düşüncə azadlığı ilə hər hansı əlaqəsi yoxdur.
Bununla yanaşı, redaksiyaya basqını terror adlandıran Ş.Həsənli peyğəmbəri müdafiə adı altında insan qətlinin özünü yolverilməz sayıb. “Terror, insan qətli ilə peyğəmbər müdafiə etmək nə deməkdir? Peyğəmbəri müdafiə üçün ən böyük dəyər vaxtilə peyğəmbərin təbliğ etdiyi insani dəyərləri zamanımızda təbliğ etməyimiz, bəşərə sevgi və xeyirxahlığımız olar”, - deyə Ş.Həsənli qeyd edib.
Mətbuat oraqnına basqını pisləyən din xadiminin firkincə, bu məsələnin arxasında hansısa terror qruplaşması dayanır və bu əməlin məqsədi Avropada, bütün xrisitan dünyasında müsəlmanlara nifrət yaratmaqdır.
Ş.Həsənliyə görə, bu hadisənin İŞİD terror qruplaşmasının törətdiyi anti-din və anti bəşəri hadisələr fonunda görünməsi isə daha uzağa gedən planlardan xəbər verir. “Bu da istisna deyil ki, hansısa qüvvələr islam, müsəlman adı ilə bu hadisəni törədib, amma istənilən halda insan qətlinə bəraət ola bilməz”, - deyə Ş.Həsənli qeyd edib.
Xatırladaq ki, Parisdə nəşr edilən “Charlie Deblo” jurnalının redaksiyasına silahlı basqın zamanı 12 nəfər qətlə yetirilib, 4 nəfər ağır olmaqla daha 10 nəfər yaralanıb. Adı çəkilən jurnal Məhəmməd peyğəmbərin (ə.s) karikaturalarını dərc edib, bu ilin yayından isə “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının başçısı Əbu Bəkr Bağdadinin karikaturalarını dərc edirmiş.