Deputatın “KamAZ”ları “Sovetski”ni boğaza yığıb

7-01-2015, 19:53   
Deputatın “KamAZ”ları “Sovetski”ni boğaza yığıb
“Sovetski”də söküntü işləri davam etdirilir. Elə bununla bağlı müxtəlif şikayətlər də...

Virtualaz.org saytı sakinlərin bu məhəllədə aparılan irimiqyaslı söküntü işlərindən şikayətləri barədə əvvəllər də məlumat verib.

Evləri uçurulan insanların narazılığı, qaz, işıq, su və kanalizasiya sistemlərində yaranan problemlər, boşalan evlərdə narkoman və bomjların məskən salması, xarabalığa çevrilən həyət və evlərdən zibilxana kimi istifadə olunması, evlərə görə verilən kompensasiya ilə razılaşmayanların etirazları... - bunlar “Sovetski” sakinlərindən ötrü necə deyərlər, ənənəvi problemlərdir.



Amma bu məhəllənin sakinlərinin daha bir - yeni qayğısı meydana çıxıb. “Sovetski”dən yenə şikayət var. Amma bu dəfəki şikayət digərlərindən fərqlidir. Sakinlər indi də söküntü işlərini aparan texnikanın səs-küyündən narazılıq edir.

Bununla bağlı virtualaz.org saytına müraciət edən sakinlər bildirir ki, söküntü işlərində istifadə olunan çoxsaylı ağır texnika İsmayıl Qurtqaşınlı döngəsində yaşayış evlərinin olduğu ərazini sözün əsl mənasında qaraja döndərib.



Hazırda söküntü işləri “Sovetski” və Abdulla Şaiq (keçmiş Yuxarı Dağlıq) küçələrinin arasında aparılır. Bu əraziyə Balababa Məcidov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Mirzağa Əliyev, Çingiz Mustafayev, İsmayıl Qurtqaşınlı, Bəşir Səfəroğlu və Tolstoy küçələrinin kəsişmələrində yerləşən evlər daxildir. Burada söküntü işləri hissə-hissə aparılır.

İ.Qurtqaşınlı döngəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının yaxınlığında olan evlərin bir hissəsi sökülüb. Boş ərazi isə söküntü işlərində istifadə olunan texnikanın dayanacağına çevirilib. İş vaxtı bitdikdən sonra onlarla ağır texnika bu əraziyə gətirilir. Maşınlar dayanacağa əsasən axşam saatlarında gətirilir, səhər sübh tezdən isə aparılır.

Həm yeni tikilən çoxmərtəbəli binaların, həm də köhnə evlərin sakinləri isə bu vəziyyətdən narazıdır. Sakinlər deyir ki, nə gecə bu maşınların səsindən yatmaq olur, nə də səhər. Ağır texnikanın hərəkəti isə yolları yararsız vəziyyətə salıb, köhnə evlərdə çatlar yaranıb. Buna şərait yaradan şəxslər yerli sakinlərin narahatlığı haqda düşünmürlər.

“KamAZ”ların, “Shacman” və traktorların, buldozer və ekskavatorların, digər ağır texnikanın saxlandığı bu dayanacaqda maşınlar həm də təmir edilir, yuyulur. Bu da öz növbəsində sakinlər üçün əlavə problemlər yaradır. Yollar palçıq olur, səs-küy artır.



Sakinlər bununla bağlı Nəqliyyat Nazirliyinin qaynar xəttinə zəng edərək şikayət ediblər. Qaynar xətdən sakinlərdən ərazidə olan maşınların dövlət nömrə nişanlarını yazıb onlara verməyi xahiş ediblər. Sakinlər də maşınların nömrəsini nazirliyin qaynar xəttinə göndərib. Lakin heç bir nəticəsi olmayıb.

Texnikanın qeyd etdiyimiz ünvanda toplanmasına səbəb həmin “qaraj”ın söküntü işlərinin aparıldığı əraziyə yaxın olmasıdır. Ağırtonnajlı maşınların səhər saatlarında paytaxt küçələrinə çıxması qadağan olunduğundan bu maşınlar əsasən axşam saatlarında işləyirlər. Dayanacaq olaraq isə bura seçilib.

“Sovetski”yə həmin texnika “qaraj”a yığışarkən baş çəkmişdik. Öyrəndik ki, onların hamısı “Azəryolservis” ASC-yə məxsusdur. ASC-nin sədri isə deputat Cavid Qurbanovdur...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.