Qar və çovğun proqnozu dövlət qurumlarını hərəkətə keçirib - FOTOLAR

7-01-2015, 21:13   
Qar və çovğun proqnozu dövlət qurumlarını hərəkətə keçirib - FOTOLAR
Sabahdan etibarən hava şəraitinin kəskin dəyişəcəyi və qar yağacağı ilə bağlı
hidrometeroloji proqnozlar dövlət qurumlarını hərəkətə gətirib.

Əhalini kommunal xidmətlərlə təmin edən qurumlar qarlı, şaxtalı hava ilə bağlı gücləndirilmiş iş rejiminə keçiblər.

Musavat.com-a açıqlama verən “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyi mövsümə tam hazırdır: “Qarşıdakı qarlı günlərdə tələbata uyğun olaraq, təbii qazın verilişində artım ola bilər. Qazı kəsilən vətəndaşlar üçün “104” və “185” qaynar xəttləri 24 saat ərzində fəaliyyət göstərir. Hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmişik. Növbədə olan əməkdaşlarımızın sayı artırılıb. Hər hansı vətəndaşın qazla təminatında problem yaranarsa, günün istənilən saatında olmasından asılı olmayaraq, dərhal müdaxilə ediləcək. Ümumilikdə isə, havanın necə keçməsindən asılı olmayaraq, əhalinin tələbatına uyğun təbii qazın verilişi təmin edilir. Bölgələrdə qazlaşdırma işi davam etdirilir. Kəndlərə təbii qazın verilişi təmin olunacaq. Bölgələrin Sosial-İqtisadi İnkişaf Planına uyğun olaraq, qazlaşdırma işləri dövlət proqramı çərçivəsində davam etdirilir”.



“Azəristilik” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, elektrik enerjisi və su təminatında problem yaranmazsa, istilik sistemi əvvəlki qaydada işləyəcək: “Ümumiyyətlə, “Azəristilik” noyabrın 15-dən mənzillərin istiliklə təminatına başlayıb. Bu il havaların soyuq keçməsi ilə əlaqədar bu prosesə bir neçə gün də tez başladıq. Bizim bütün qazanxanalarımız normal rejimdə işləyir. Havalar soyuq keçərkən bizdə olan temperatur qrafikinə əsasən, yaşayış binalarına verilən istiliyin temperaturu qazanxanalarda artırılır. Payız-qış mövsümünə keçidlə əlaqədar hər yerdə qazanxanalarda işçilərin və cəlb olunan texnikanın sayını artırmışıq. Bu günkü iş rejimində heç bir problem yoxdur. Çünki noyabrda sistem işə başlayarkən bütün problemlər üzə çıxır və qarşısı alınır. Hazırda hər hansı problem gözlənilmir. Ancaq buna baxmayaraq, havaların soyuq keçməsi ilə əlaqədar tədbirlərimizi görmüşük, problem yaranarsa vaxtında aradan qaldırılacaq. Biz havaların soyuq keçməsini gözləyirdik ki, öz sistemlərimizin nə qədər dayanıqlı olmasını sınaqdan keçirək. Bildiyiniz kimi, qazanxanaların iş rejimi elektrik enerjisindən və sudan asılıdır. Bu ikisinin təminatında problem olmasa, bizim çətinliyimiz olmayacaq. Sakinlər arxayın olsunlar ki, əvvəki kimi istilik alacaqlar”.

Rafiq Əliyev onu da bildirdi ki, “Azəristilik” ASC-dən istilik alan hər bir məktəb, xəstəxana, uşaq bağçası və sair qurumlar hamısı normal istiliklə təmin olunur: “Yaşayış binalarından hansıları bizim qazanxanalarımızın olduğu əraziyə daxildir, onlar istiliklə təmin olunacaq. Təxminən 3500-ə yaxın yaşayış binası hazırda istiliklə təmin olunur. Digər binalarda isə istilik sistemlərinin bərpa olunmasına ehtiyac var. Bu binalar da 2014-2016-cı illər arasında Bakı qəsəbələrinin sosial- iqtisadi inkişaf proqramı çərçivəsində istilik sistemi ilə təhciz olunacaqlar”.



Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də musavat.com-a bildirdi ki, qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət olunub: “Biz sürücülərə müraciət etmişik ki, qış mövsümü ilə əlaqədar nəqliyyat vasitələrini texniki baxımdan saz vəziyyətdə saxlasınlar. Sürücülərdən xahişimiz bu olub ki, avtomobillərin şinlərinin qalınlığına diqqət etsinlər, şüşə silgəclərinin saz vəziyyətdə olmasına, arxa şüşə qızdırıcısının normal işləməsinə fikir versinlər. Sürüşməyə qarşı şinlərə vurulan xüsusi qurğulardan, zəncirlərdən istifadə etsinlər. Yanacaq çənini dolu vəziyyətdə saxlasınlar ki, hər hansı ekstremal vəziyyətdə nəqliyyatın hərəkətində problem yaranarsa, nəqliyyat vasitəsinin sərnişinləri və sürücüsu soyuqdan əziyyət çəkməsinlər”.

K.Əliyev onu da bildirdi ki, yol polisinin gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı hələlik əmr verilməyib: “Hava şəraitinə və yollardakı vəziyyətə uyğun olaraq, yol polisinin işi təşkil olunacaq”.

“Azəryolsevis” ASC-dən verilən məlumata görə, havaların soyuq keçməsi və qarlı havanın olacağı ilə əlaqədar bu qurum da öncədən hazırlıq işlərinə başlayıb.




“Azəryolsevis” ASC -nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, qurumun tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə əmr hazırlanıb: "Əmrə əsasən, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə ASC-nin mərkəzi aparatında qərargah yaradılıb. Bundan başqa, yol istismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq, icrasına başlayıb. Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küvetlərin təmizlənməsi, qum, texniki duz, yanacaq-sürtgü materialları ehtiyatının yaradılması və s. daxildir”.

P.Mürsəliyev onu da qeyd edib ki, ehtiyac yaranacağı təqdirdə, yollara səpilməsi üçün 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz ehtiyatı yaradılıb. Habelə 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib: “Zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı da artırılacaq. Həmçinin sutkalıq növbətçilik də təşkil olunub”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 7-dən etibarən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və qar yağacağının gözlənildiyi barədə xəbər verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.