“Qanuni oğru”ların İrəvan toplantısının şok təfərrüatları; Ermənistana getməklə pasportunu “ləkələmək” Rövşən Canıyevə daha ciddi problem yarada bilərdi; güman etmək olar ki, “Lənkəranski”ni titulundan məhrum etməkdə maraqlı olanlar bu kimi detalları da nəzərə alıblar...
Yanvarın 6-da kriminal aləmdə çoxdan gözlənilən “oğru sxodkası” keçirilib. Bu, Aslan Usoyanın (“Ded Xasan”) 2013-cü ilin yanvar ayında qətlə yetirilməsindən sonra kriminalların ilk geniş tərkibli toplantısıdır.
Toplantının əvvəl Moskvada keçiriləcəyi bildirilsə də, “qanuni oğru”lar nəhayətdə Ermənistanın Kotayk vilayətinə yığışmağa qərar veriblər. Rusiya hüquq-mühafizə orqanlarının “vor zakon”ların Moskvada toplaşacağı halda hamısını həbs edəcəyinə dair xəbərdarlığından sonra işə nüfuzlu erməni kriminal avtoritet, 2000-ci ildə ölən “Armen Kanevski” ləqəbli Armen Arutyunyanın qardaşı Artyom Arutyunyan qarışıb.
Ermənistan hakimiyyətində güclü əlaqələrə malik olan Artyom toplantının İrəvandan bir az məsafədə yerləşən Kotaykda keçirilməsini razılaşdırıb. Ehtimal edilir ki, erməni kriminal avtoritet məsələni birbaşa prezident Serj Sərkisyan, yaxud onun qardaşı Saşik vasitəsilə həll edib. Çünki Sərkisyanın və qardaşının kriminal dairələrlə ciddi biznes əlaqələri var. Rəsmi İrəvan kriminal avtoritetlərin, o cümlədən “Şakro Molodoy”un Ermənistanda həbs olunmayacaqlarına dair təminat da verib.
“Sxodka”da Zaxari Kalaşov (“Şakro Molodoy”), Robinzon Arabuli, Georgi Uqlava (“Taxi”), David Sebiskveradze (“Dato”), Vaja Biqanişvili, Amiran Sopromadze (“Sopotiya”), Oleq Şişkanov (“Şişkan”), Boris Apakiya (“Apakela”), Hüseyn Əhmədov (“Slepoy”) kimi kriminal avtoritetlər iştirak edib. Qeyd edək ki, “Hüseyn Slepoy” nüfuzlu çeçen “qanuni oğru”larından biridir.
Aydındır ki, “sxodka”nı ötən ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxılan “Şakro Molodoy” ləqəbli 61 yaşlı yezidi kürdü Zaxari Kalaşov təşkil edib. Çünki Rusiya kriminal aləminin “xaç atası” sayılan “Ded Xasan”ın boş qalan taxt-tacına yiyələnmək iddiasında olan “Şakro Molodoy” mütləq hərəkətə keçməli və gücünü göstərməli idi. “Ded Xasan”dan sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilməmişdilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qalıb.
“Şakro Molodoy”un “sxodka”nı oğruların hamısının yığışa biləcəyi Moskvada deyil, Ermənistanda keçirməsi də bəzi suallar yaradıb. Rusiya saytları bir müddət əvvəl yazmışdı ki, “Şakro” Rusiyaya şərtlə qayıdıb və hüquq-mühafizə orqanları ilə anlaşıb. “O, Moskvanın sakit həyatını pozmamağa söz verib” deyə, xəbərlərdə bildirilirdi. Yeri gəlmişkən, “Şakro Molodoy”un Rusiya hüquq-mühafizə orqanları ilə anlaşa biləcəyi xəbərləri səbəbsiz deyil. 2000-ci ildə erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasında günahlandırılan “Şakro Molodoy” barədə vətəni Gürcüstanda 18 il qiyabi həbs cəzası çıxarılıb.
2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə “Şakro”nun ekstradisiyası üçün sorğu verib. Rusiya isə onu qoruyub və həbsdən buraxıldıqdan sonra da Gürcüstana təhvil verməyib...
Son 6 ildə “tac” almış “oğru”ların titulu sual altına düşüb
Sxodkanın “gündəliyi” hələ bir neçə həftə əvvəldən müəyyənləşmişdi: “qanuni oğru” adının verilməsində “özbaşınalıq” və “Ded Xasan”ın qətlinin günahkarları. Birinci məsələ ilə bağlı problem kriminal aləmdə çoxdan yaranıb və bəzi hallarda “qanuni oğru” adı heç bir gün həbsxana həyatı yaşamayanlara da verilib. Məsələn, “Ded Xasan”ın qohumu “Miron” ləqəbli Dmitri Çanturiya heç vaxt dustaq həyatı yaşamadığına baxmayaraq 2000-ci ildə “qanuni oğru” “tacını” alıb. Xüsusilə gürcü kriminallar son illər “oğru” adını müxtəlif maraqlara əsaslanaraq bir çox adamlara verib ki, bu da kriminal aləmdə həqiqətən də xeyli qarışıqlıq yaradıb.
Bu məsələnin Ermənistandakı müzakirəsində “Şakro Molodoy” deyib ki, 2008-ci ildən başlayaraq “qanuni oğru” adı özbaşınalıq olub, “ailə”yə daxil olmağa namizədlər bəzən lazımınca öyrənilməyib, onların kimliyi tam araşdırılmayıb, “oğru” titulu verilərkən lazımi prosedurlara riayət olunmayıb. Digər “oğru”lar da fikirlə razılaşıblar. Onların bildirdiyinə görə, 2008-ci ildən bəri azı 240-250 nəfərə “vor zakon” titulu verilib, bu isə çoxdur.
“Sxodka”da belə bir qərar qəbul olunub ki, son 6 ildə “tac” almış “oğru”ların titulu sual altına alınsın. Bu isə o deməkdir ki, həmin ildən sonra “oğru” titulu alan şəxslər daha “vor zakon” titulu daşımırlar, onlar yalnız bu ada iddiaçı sayılırlar.
“Lənkəranski” Ermənistana niyə gedə bilməzdi?
“Sxodka”da azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”), Georgi Uqlava (“Taxi”) və Cemal Mikeladzenin (“Cemo”) “qanuni oğru” adı müzakirəyə çıxarılıb.
Bildirilir ki, “Taxi” özü “sxodka”da yer alıb və onu dinləyib titulunu saxlayıblar. “Rosbalt” yazır ki, “Lənkəranski” “sxodka”ya qatılmaq və suallara şəxsən cavab vermək istəyib, ancaq ona bu imkan yaradılmayıb. “Lənkəranski”nin bu “sxodka”nı nə qədər “legitim” hesab edib-etmədiyi məlum deyil. Kriminal aləmdə “yer” məsələsi birmənalı olmasa da, şübhəsiz azərbaycanlı “qanuni oğru”nun Ermənistana getməsi istənilən halda diskomfort yarada bilərdi. İkinci bir tərəfdən, əgər bu “sxodka”ya toplaşanlar Ermənistan sərhədini rəsmi keçiblərsə, onların pasportuna bu ölkənin gömrük möhürü vurulub. “Lənkəranski” kriminal aləmlə bağlı olsa da, vətəni Azərbaycandır və ara-sıra doğmalarını görmək üçün ölkəyə gəlir. Ermənistana getməklə pasportunu bu cür “ləkələmək” “Lənkəranski”yə daha ciddi problem yarada bilərdi. Güman etmək olar ki, "Lənkəranski"ni titulundan məhrum etməkdə maraqlı olanlar bu kimi detalları nəzərə alıblar. Maraqlıdır ki, “Lənkəranski”nin özünü telefonla da müdafiə etməsinə şərait yaradılmayıb. Hər halda, yayılan xəbərlərdə bu barədə heç nə deyilmir...
“Cemo”nun “oğru” adı ikinci dəfə alınıb
“Oğru” adı alındığı deyilən “Cemo”ya gəlincə, o, vaxtilə “Lənkəranski” ilə çox yaxın olub. “Cemo” 1976-cı ildə Gürcüstanda doğulub. O, Rusiyanın kriminal aləmində tanınan Arsen Mikeladzenin kiçik oğludur. Atası 1993-cü ildə güllələnib. Atasının “təmiz oğru” ideyasına görə “Cemo” ya “qanuni oğru” adı 23 yaşında verilib.
“Cemo”nun adı “Lənkəranski” ilə ilk dəfə 2010-cu ildə birgə çəkilməyə başlayıb. 2010-cu ildə “Ded Xasan”a yaxın azərbaycanlı avtoritet Vaqif Süleymanovla “Rövşən Lənkəranski” arasında bir “sxodka” da “Cemo” aranı qatması ilə yadda qalıb.
“Sxodka”da onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” Vaqifi vurmaq istərkən (bu, “oğru qanunlarında” düzgün olmayan hərəkət sayılır) özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. “Cemo” bu “sxodka”dan sonra Rusiyanı tərk edərək Parisə gedib. “Ded Xasan” isə “Cemo”nun Vaqif Süleymanovla bağlı “sxodka”dakı hərəkətini və digər “günahlarını” (“qrex”) müzakirəyə çıxarıb. 2011-ci ilin iyununda “ded” “Cemo”nu “qanuni oğru” adından məhrum edir. Bu qərarı o, “Cemo”ya hamının iştirakı ilə və deyilənə görə, çox qaba formada telefonda elan edib. “Ded Xasan” “Cemo”ya təklif edib ki, əgər onun bu qərara etirazı varsa, Moskvaya qayıdıb özünü “təmizə çıxara” bilər. “Ded” ona həm də xəbərdarlıq edib ki, “sxodka”da günahları təsdiqlənsə, o, bu söhbətdən “evə sağ getməyə bilər”. Bundan sonra - 2012-ci ilin noyabrında “Ded”in xeyir-duası ilə “Lənkəranski”nin “oğru” adının da alındığı elan (“praqon”) olunub.
İrəvan “sxodkası”ndan sonra Azərbaycan həbsxanalarına “Lənkəranski” barədə bu cür “praqon” göndərilib-göndərilməməsi barədə hələ ki məlumat yoxdur. Bu “proqon” müzakirəyə çıxarıla bilməz, amma tanınmaya, etiraz doğura bilər. Bu “qərarın işləməsi” həm də “Lənkəranski”nin həbsxanalarda nüfuzlu tərəfdarlarının sayından da asılı olacaq...
“Ded”in ölümü və “Taro”...
“Sxodka”da “Ded”in öldürülməsinə görə günahkarların müəyyən edilməsi də müzakirə edilib. Hesab edilir ki, “Ded Xasan”ın və onun dostu, “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun öldürülməsi hazırda Rusiya həbsxanasında olan “Taro” ləqəbli Tariel Oniani və İtaliya həbsxanasında saxlanılan “Merab Suxumski” ləqəbli Merab Canqveladzenin rəhbərlik etdiyi klanın işidir. Məlumata görə, “sxodka” iştirakçıları bir-birilərindən soruşublar ki, Meraba və “Taro”ya qarşı “Ded Xasan”ın və “Yaponçik”in öldürülməsi ilə bağlı tutarlı irad irəli varmı. Ancaq “sxodka”da belə bir adam tapılmayıb. Ona görə də “kriminal generallar” belə mövqeyə gəliblər ki, adı çəkilənlərin işdə əlinin olmasına dair sübut yoxdur. Deməli, məsələyə daha sonra, onların azadlığa çıxmasından sonra baxılmalı və avtoritetlərə şəxsən bu barədə sual verilməlidir.
“Taro” “Lənkəranski”ni dəstəkləyəcəkmi?
Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani - “Taro” 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. Milliyyətcə gürcü-svan olan Onianin həbsxanaya yolu 17 yaşından başlayıb. Ən azı 8 məhkumluğu var. Rusiya mənbələrinin yazdığına görə, Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-cı illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. “Taro”nun slavyan qruplaşmasının lideri “Yaponçik”lə arasında həmişə problem olub. 2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdikləri irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilib. Amma bu əməliyyatda “Şakro Molodoy” həbs edilib ki, o da sonradan Oniani ilə konfliktə girib.
Bundan sonra “Taro”nun lideri olduğu qruplaşmaya qarşı həm Avropada, həm də Rusiyada əsl müharibə başlayıb. Ona yaxın olan kriminallar “Yaponçik” və “Ded Xasan”la barışıq üçün çağırılmış “oğru toplantısı”nda həbs edilib. Qeyd edək ki, gəmidə çağırılmış “sxodka”ya “Yaponçik” və “Ded” gəlməyib və bunun ardınca orada xüsusi əməliyyat keçirilib. Bundan sonra “Taro”nun “Yaponçik”lə bərabər Aslan Usoyanla da münasibətləri düşmənçilik həddinədək kəskinləşib.
2009-cu ildə Oniani Rusiyada hüquq-mühafizə orqanlarının əlinə keçib. Oniani məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib. Bundan sonra həm “Yaponçik”in, həm də “Ded”in ölümündə əsas suçlular sırasında onun da adı çəkilir. “Ermənistan sxodkası”nda verilən qərarlara Oninianin də mövqeyi həlledici olacaq. “Taro”nun “Lənkəranski” ilə münasibətlərinin necə yarandığı barədə məlumatlar demək olar ki, yox səviyyəsindədir. Yalnız o məlumdur ki, bu “qanuni oğrular”ın bir-birinə münasibəti normaldır.
Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildən anadan olan Levan da Suxumski ləqəbi ilə tanınır. Merabın bəzi gənc “qanuni oğru” lar kimi reklamı sevmədiyi məlumdur. O da vaxtilə “Lənkəranski” ilə yaxın olub. 2013-cü ildə Macarıstanda həbs edilən gürcü “qanuni oğru” “Ded Xasan” klanını ən qatı düşmənlərindən biri kimi tanınır.
“Lənkəranski” ilə bağlı ən son xəbərlər
Moskvadakı oğru dairələrində “Lənkəranski”yə yaxın mənbə Ermənistanda “sxodka” xəbərini təkzib edib.Virtualaz.org saytı xəbər verir ki, mənbə deyib ki, “Lənkəranski”nin “vor zakon” titulundan məhrum edilməsinə dair yayılan informasiyalar yalandır. Mənbənin bildirdiyinə görə, “Ded Xasan” klanının əsas liderləri - “Piçuqa” ləqəbli Yuri Piçuqin, “Voskres” ləqəbli Vasili Xristoforov, “Robinzon” ləqəbli Robinzon Arabuli və digərləri “sxodka”ya qatıla bilməyiblər. Həmçinin yunan, türk və Moskva qruplaşmalarının liderləri də bu toplantıya qatıla bilməyib. Piçuqin və Xristoforovun “sxodka”da iştirak etməməsinin səbəbi məlumdur. Yanvarın 5-də Komi Respublikasının Ust-Vımsk rayonunda Piçuqinin kiçik qardaşı Oleq güllələnib. Nəticədə Ermənistanda bir qrup “vor zakon” toplaşsa da “Şakro Molodoy”un qərarı ilə “sxodka” sonraya təxirə salınıb. Mənbə deyib ki, İrəvandakı görüşdə heç bir qərar qəbul edilməyib. Rövşənin dostları - “vor zakon”lar Georgi Uqulava və Kaxaber Parpaliya da İrəvana uçublar. Ancaq “sxodka”nın təxirə salındığını görüb geri qayıdıblar. Heç bir qərar qəbul edilməyib" deyə, mənbə bildirib.
“Lənkəranski”yə yaxın mənbə başqa bir sayta bildirib ki, İrəvan yaxınlığında keçirilən “sxodka”da iştirak edən nüfuzlu “vor zakon”, “Şakro Molodoy” “Lənkəranski”nin və “Cemo” ləqəbli Cemal Mikaladzenin “vor” titulundan məhrum edilməsinə qarşı çıxıb. “Şakro” mövqeyini belə əsaslandırıb ki, “vor zakon”un taleyi onun özünün iştirakı olmadan həll edilə bilməz.