Köhnəqalanın köhnə günbəzinin sirr dolu tarixçəsi

8-01-2015, 10:36   



Tovuz rayonun Köhnəqala kənd qəbiristanlığında təpəsi piramidanı xatırladan günbəz var. Yerli camaat ora “kümbəzi” deyir. Dam örtüyü yastı şəkildə olan qara daşlardan hörülüb. Hörgüdə qoyun südü ilə yumurtadan istifadə olunub.

Yan divarları maraqlı üslubda tikilib. Çay daşlarını və qədimi kərpicləri biri-birinin üzərindən o şəkildə düzüblər ki, qəfil diqqət çəkir. Hətta qabaq qapısının üzərində düzülən kərpiclər sünbülə bənzəyir. İnsanların dediyinə görə, təpəsində quş yuxasına oxşar oyuq da var.

Tikilinin tarixinin qədim olduğu deyilir. Amma dəqiq heç kim bilmir ki, hansı dövrə aiddir. Kənd camaatı tərəfindən onun haqqında maraqlı rəvayətlər danışılır. Belə nağıl eləyirlər ki, Zəyəm çayı sahilində Alı bəy adlı imkanlı adam yaşayırmış. Erməni qızı ilə ailə quran Alı bəy günlərin bir günü həyat yoldaşının dinini dəyişdirib müsəlman etdiyini adamlara söyləyir. Xəbərə görə, ona suvarma üçün arx, torpaq bağışlayırlar. Çox keçmir ki, o, zənginləşir.

Bundan sonra Alı bəyin kənddə bir qıza gözü düşür. Həmin qızın da sevgilisi var imiş. Onlar bəyin bu niyyətindən duyuq düşüb qaçırlar. Bəy inada onların yerini bir nəfərdən öyrənir. Sevən oğlanı da, onun yeznəsini də, onları müdafiə edənləri də qətlə yetirir, qızı da özüylə aparır.

Rəvayətə inansaq, abidə oğlanın bacısının təşəbbüsüylə qardaşının və həyat yoldaşının qəbri üstündə inşa edilib. Di gəl, bəzi insanların dediyinə görə, günbəzdə iki qəbir yox, bir qəbir olub. Bir sözlə, tarixçə qaranlıqdır.

Günbəzin içindəki qəbirdə qızıl olduğuna dair iddialar da olub ki, bunun üstündə qan tökülüb. İddia “Ağ Ayı” ləqəbli bir sabirabadlı qonaq tərəfindən irəli sürülüb. Hadisədən məlumatı olan 10-cu sinif şagirdi Xaliq evdə məsələni nənə və babasına danışıb. Kənddə çıxıb bir neçən gündən sonra qayıdan sabirabadlı şəxs qəbrin onların gəlişindən qabaq açıldığını görüb söhbətin ilkin məlumatlısından öyrənir ki, məsələdən Xaliqin də xəbəri var idi. Bundan sonra zülm-zillətlə bir ailənin üç sakinini – baba, nənə və nəvəni qanına qəltan ediblər.

Hazırda abidənin dəyərindən xəbəri olan adamların bircə istəyi var ki, mütəxəsislər tərəfindən tədqiq edilsin. Onların düşündüyünə görə, Azərbaycan tarixi üçün dəyərli mənbədir.

Qeyd edək ki, artıq insanlar abidəni müqəddəsləşdirmək dərəcəsinə çatıb. Hətta deyirlər, Aşura günü qadınlar günbəzin başına dolanırlar.

Hikmət Carçılı Orhun, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.