Qaradağ rayonunda illərdir özünə fironsayağı xanədan quran "Çakır” ləqəbli icra başçısının əməlləri
Mikayılovun əməlləri ilə bağlı redaksiyamıza şikayətlərin ardı-arası kəsilmir. Qeyd edək ki, korrupsiya və maxinasiyalarda ən çox adı hallanan icra başçılarından biri də məhz "Çakır” ləqəbli S.Mikayılovdur. Onun yarıtmaz fəaliyyəti və sahibkarları sıxışdırması nəticəsində Qaradağ rayonu barıt çəlləyinə dönüb. Bu gedişlə Qaradağda sosial partlayış olacaq. Çünki S.Mikayılov rayona rəhbərlik etdiyi gündən əhalinin narazılığı azalmır.
"Fövqəlnazir"ə güvənən icra başçısı
S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova arxalandığını gizlətməyən icra başçısının Qaradağdakı əməlləri haqda cumhuriyyet.az-a daxil olan ilginc məlumatları diqqətinizə çatdırırıq.
Lökbatanda 5 obyekt
Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.
Kadr uğursuzluğu: Qobustanda 2 ilə 4 rəhbər
Qaradağ rayonunun digər böyük qəsəbəsi olan Qobustan qəsəbəsində iki ildə dörd dəfə qəsəbə icra hakimiyyəti nümayəndəsinin dəyişdirilməsi kadrların düzgün seçilib yerləşdirilməməsinin nəticəsidir. Onlardan biri, Lənkəranda S.Mikayılovun müavini işləmiş Nadir adlı şəxs Qobustan qəsəbəsinə icra hakimiyyətinin nümayəndəsi təyin olunandan qısa müddət sonra spirtli içkinin təsiri nəticəsində qəza törədib. Uzun müddət müalicədən sonra indi də onu təşkilat şöbəsinə müdir qoyub ki, tikinti-abadlıq işləri üzrə müavin vəzifəsinə təyin etsin. Hazırda Prezident Administrasiyasına onun təyinatı barədə təqdimat verilib. Rayonun əksər qəsəbələrinin icra nümayəndələri yerli kadr deyil, gəlmələri isə yalnız pul maraqlandırır.
"Cırtdan kafesi”
S.Mikayılov 2 il öncə Hərbi Hava Hücumundan Müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa Lökbətan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən "Cırtdan kafesi” tikdirib. Yerli əhalinin sözlərinə görə bu kafedə pullu oyunlar oynanılır ki bu da sakinlərin narazılığına səbəb olur.
Talanan büdcə vəsaitləri
Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, bunlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil.
İcra başçısının pulyığanları
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Onu da bildirək ki, ümumiyyətlə, Süleyman Mikayılovun müxtəlif sahələr üzərə peşəkarlaşmış pulyığanları var. Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, əgər karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır. Məhz onun əli ilə «Çakır» ləqəbli Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır.
Bir sözlə, Qaradağ rayonunda illərdir özünə fironsayağı xanədan qurmağa müvəffəq olan Süleyman Mikayılovun yeganə qazanc yeri heç də karxanalar deyil. Amma buna baxmayaraq, demək olar ki, nəzarətsiz buraxılmış daş karxanaları həm işçiləri üçün ölüm mənbəyi hesab olunur, həm də daş alıcıları üçün bir tələdir. Məsələn, artıq dünəndən etibarən Süleyman Mikayılovun göstərişi ilə dünənə qədər ədədi 30-35 qəpiyə satılan daşlar 40-45 qəpiyə qədər bahalaşdırılıb.