“New York Times" Əliyevin Rusiyaya meyllənməsinin mümkün nəticələrini şərh etdi
“Bakı ilə Vaşinqton arasında münasibətlərin nə qədər pis olduğunu dekbarın axırında baş verən hadisələr açıq şəkildə göstərdi”
"New York Times" qəzetində Azərbaycan-ABŞ münasibətlərinə dair məqalə dərc olunub. Məqlənin müəllifi Avrasiyada hərbi və təhlükəsizlik məsələlərindən yazan jurnalist Coşua Kuçeradır. Məqlənin tərcüqməsini təqdim edirik:
***
Dekabrın 26-da Azərbaycan hakimiyyətinin təmsilçiləri Azadlıq Radiosuna hücum etdilər. Radionun komputerləri götürüldü, ofisi isə bağlandı. Dekabrın əvvəllərində Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl həbs edildi. Xədicə İsmayıldan şikayət edən şəxs iddiasından əl çəkdiyini elan etsə də, xanım İsmayıl hələ də həbsdədir.
Beynəlxalq aləm bu hadisəni Azərbaycan hakimiyyətinin söz azadlığına olan növbəti hücumu kimi qiymətləndirdi. Azərbaycan hakimiyyəti 2014-cü ildə xarici siyasətdə əvvəlkindən fərqli istiqamətə daha çox meyl etməyə başladı və Vaşinqtonla düşmənçilik yolunu seçdi.
Rusiya ilə İranın arasında yerləşən Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ABŞ-la yaxından əməkdaşlıq edərək Türkiyə vasitəsilə enerji daşıyıcılarının Qərbə çıxarılmasına nail oldu. Bakı bu illər ərzində İsraillə silah və neft sahəsində yaxından əməkdaşlıq edən ölkəyə çevrildi. Rusiya Krımı işğal edəndən sonra görünür, Bakıda belə hesab etdilər ki, Qərblə münasibətlərin bundan sonra əvvəlki kimi davam etdirilməsi qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün heç də vacib deyil. Azadlıq Radiosuna hücum Azərbaycan hakimiyyətinin nümayəndələrini kəskin anti-Qərb ritorikası apardığı vaxta təsadüf etdi. Azərbaycan hökumətinin yüksək rütbəli nümayəndələri ABŞ-ın Azərbaycandakı səfirini ölkənin daxili işlərinə kobud müdaxilədə ittiham etdilər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev böyük məqalə ilə çıxış edərək ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini keçmiş Sovet ölkələrində rəngli inqilablar həyata keçirməkdə ittiham etdi. Ramiz Mehdiyev hüquq müdafiəçilərini ABŞ-ın beşinci kalonu adlandırdı.
Əslində qəribə vəziyyət yaranıb. Azərbaycan hakimiyyəti Vaşinqtonu hüquq müdafiəçilərinin və qeyri-hökumət təşkilatlarının əli ilə ölkədə sabitliyi pozmaqda ittiham edir. Hüquq müdafiəçiləri isə ABŞ-ı və Avropa Birliyini Bakıya yumşaq münasibət göstərməkdə qınayırlar.
Azərbaycan hakimiyyəti Rusiyaya tərəf meyllənməyə başladığı vaxtdan anti-Amerika ritorikasını gücləndirdi.
Bakı ilə Vaşinqton arasında münasibətlərin nə qədər pis olduğunu dekbarın axırında baş verən hadisələr açıq şəkildə göstərdi. Azadlıq Radiosu ABŞ dövlət katibi Con Kerrinin İlham Əliyevə zəngindən sonra bağlandı. Kerri telefon danışığı zamanı İlham Əliyevə Vaşinqtonun Azərbaycanda aparılan repressiyalarla bağlı ciddi şəkildə narahat olduğunu bildirmişdi. Bu danışıqdan sonra başlıca nəticə Azadlıq Radiosunun bağlanması oldu.
Dekabr ayında Azərbaycan hökumətinin nümayəndəsi Əli Həsənov nəyə görə İran, yaxud Rusiya deyil ABŞ sərt şəkildə tənqid olunur sualına belə cavab vermişdi: “Bizi ABŞ tənqid edir, biz də onun cavabını veririk”.
Azərbaycan tərəfi bütün davranışı ilə açıq şəkildə göstərir ki, istədiyimizi verməsəniz biz Rusiya istiqamətində gedəcəyik. Görünür, Bakı hesab edir ki, Rusiyanın izolyasiyası üçün böyük səylər göstərən Vaşinqtonun Avropaya Rusiyadan kənar xətlərlə qazın çatdırılmasında mühüm rol oynayan Azərbaycana böyük ehtiyacı var. Bakı bu amildən öz maraqları üçün istifadə etməyə çalışır. Ancaq Vaşinqtonun Rusiyaya qarşı dəstək toplamaq naminə prinsiplərini qurban verməsi ağılsızlıq olardı. Moskvanın hazırkı geosiyasi mövqeyi müvəqqətidir. Bakıda Rusiyayönlü qüvvələr baş qaldırsa da, digər güclü bloklar Qərblə daha yaxın münasibətlərin tərəfdarıdır. Azərbaycanda ölkəni Rusiya istiqamətində aparmaq istəyən qüvvələrlə yanaşı Qərblə münasibətləri daha da gücləndirməyə çalışan ciddi qüvvələr də var”.