Kompensasiya və rüşvət üstündə canlarına qıydılar; Bakının “Sovetski” məhəlləsində Eldar Tağıyevin yanmış meyiti tapıldı, Goranboyda isə Qarabağ qazisi olduğu deyilən Bəxtiyar Əhmədov özünü 5-ci mərtəbədən atdı; səbəblərlə bağlı şahidlərin və rəsmilərin açıqlamaları ziddiyyət təşkil edir, lakin...
Yanvarın 8-də Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, günorta saatlarında paytaxtın “Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə görə verilən kompensasiyanın azlığına etiraz edən sakin özünü yandırıb. Bu dəhşətli intihar hadisəsi haqda xəbəri “İnterfaks-Azərbaycan” agentliyinə şahidlər verib. Özünü yandıran şəxsin kimliyi hələlik məlum deyil.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə intihardan söhbət getmir. Qurumun saytında bildirilir: “Bakı şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub”.
Həftənin başqa bir intihar hadisəsi isə Goranboyda baş verib. Bizimxeber.az-ın məlumatına görə, Bəxtiyar adlı Qarabağ qazisi özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Saytın məlumatında deyilir ki, Qarabağ qazisinin həyat yoldaşı Goranboydakı musiqi məktəblərindən birinin direktoru işləyir. İntiharın səbəbləri barədə isə aşağıdakılar bildirilir: “Rayon icra başçısının müavini Baxış Abdullayev qazinin müdir işləyən həyat yoldaşını yanına çağıraraq ondan 5000 min manat pul istəyib. Səbəb kimi isə rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün pul lazım olduğu göstərilib. Baxış Abdullayev bildirib ki, tapşırıq icra başçısı Nizaməddin Quliyev tərəfindən verilib. Bu qədər pulu düzəldib verə bilməyəcəyini görən xanım direktor baş verənləri həyat yoldaşı Bəxtiyara danışıb və onu icra başçısı ilə görüşə göndərib. İcra başçısı ilə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib. Lakin başçı onu təhqir edərək otaqdan qovub. Nəticədə də Qarabağ qazisi Bəxtiyar özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb”.
Goranboyla əlaqə saxlayıb hadisənin təfərrüatlarını dəqiqləşdirmə aparmağa çalışdıq. İcra başçısının 1-ci müavini Baxış Abdullayev “Yeni Müsavat”a dedi ki, intihar edən şəxs Goranboy şəhər sakini olsa da, Qarabağ qazisi deyil: “Bəli, intihar edib, araşdırma gedir. Ancaq məndə intiharın səbəbi barədə məlumat yoxdur”. B.Abdullayev öz adının bu hadisədə hallandırılması və rüşvət istəməsi barədə məlumatı qəti təkzib etdi: “Bu barədə bizimxeber saytı yazıb. Mən saytla da danışdım, onu səhv məlumat verdiyinə görə məhkəməyə verəcəyəm ki, adım burada niyə hallandırılıb. Hətta başçının da adı yazılıb. Ancaq başçı bir həftədir məzuniyyətdədir. Nə həmin xanım, nə həyat yoldaşı qəbula gəlməyib”. Müavin intihar edən şəxsin həyat yoldaşının şəhər musiqi məktəbinin direktoru olduğunu da təsdiqlədi.
Goranboy rayon prokurorunun böyük köməkçisi Füzuli Əliyev isə məsələni araşdıran müstəntiqlə əlaqə saxlamağı məsləhət gördü. Lakin müstəntiq məlumat verməkdən imtina etdi.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov hadisə ilə bağlı “Yeni Müsavat”a bunları bildirdi: “Goranboy sakini Bəxtiyar Əhmədovun yanvarın 6-da intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib. B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə istintaqa hazırkı vaxtadək məlumat daxil olmayıb. Eyni zamanda bildirirəm ki, hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış ”ölümümdə özüm günahkaram" sözləri ilə başlayan məktub aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir".
Qarabağ Qazilər Birliyinin sədr müavini Firudin Məmmədov isə dedi ki, bu barədə xəbəri oxuyandan sonra araşdırmalara başlayıb: “Ancaq hələlik onun Qarabağ qazisi olub-olmadığını dəqiqləşdirə bilməmişik. Bildiyimiz odur ki, əlillər və şəhid ailələri üçün tikilmiş veteranların binasında yaşayıb”.
Qeyd edək ki, mərhum 1954-cü ildə anadan olmuşdu.
Paytaxtın “Sovetski” məhəlləsindəki intihar hadisəsi ilə bağlı da Nazirlər Kabinetindən və Bakı Şəhər Prokurorluğundan məlumat ala bilməsək də, günün sonunda bununla bağlı rəsmi məlumat açıqlandı. “Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı verilən kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə yayılan məlumatlar tamamilə əsassızdır”. Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. Onun sözlərinə görə, həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb: “Ümumiyyətlə, həmin mənzildə yanğın olmayıb, meyit yanmış şəkildə mənzildə aşkar olunub. Ekspertiza həmin şəxsin kim olduğunu müəyyənləşdirər ki, hansı şəraitdə ölüb, öldürülüb, yaxud yandırılaraq ora atılıb...”
Mövzuya qayıdacağıq.