Parisi qana boyayanlardan biri təslim oldu

9-01-2015, 10:07   
Parisi qana boyayanlardan biri təslim oldu
Terroru törətməkdə şübhəli bilinən digər iki qardaşın isə axtarışları davam edir
Fransanın prokurorluq orqanları “Charlie Hebdo” jurnalına silahlı basqın edərək 12 nəfəri öldürməkdə şübhəli bilinən şəxslərin adını açıqlayıb. “Reuters” agentliyi xəbər verir ki, ilk olaraq 1996-cı il təvəllüdlü Həmid Murad könüllü təslim olub. O, polisə deyib ki, hücumda iştirak etməyib: “Hücum olan saatlarda liseydə idim və mənə qarşı irəli sürülən ittihamlar yalandır, əsassızdır. Günahsız olduğumu sübut etmək üçün də polisə təslim oldum”.

Günün sonuna qədər qaçaq düşən Səid və Şərif Kuyaşi qardaşlarının axtarışı davam edib. Polis bildirib ki, hücum edənlərdən birinin kimliyi qaçarkən maşında qoyduğu şəxsiyyət sənədindən bəlli olub. Bundan başqa, axtarışda olan iki qardaşdan biri - Şərif Kuyaşi əvvəllər terrorçuluq ittihamı ilə 18 ay həbsxana cəzası çəkib. O, 2005-ci ildə Şərqi Parisdəki məsciddə İraqda amerikalılara qarşı döyüşmək üçün yaraqlıları səfərbər edən qrupun üzvü olub. Polis qardaşların son dərəcə təhlükəli və silahlı olduqları barədə əhaliyə xəbərdarlıq edib.

32 yaşlı Şərif Kuyaşi, onun böyük qardaşı, 34 yaşlı Səid Kuyaşi və 18 yaşlı Həmid Murad yanvarın 7-də “Charlie Hebdo”nun redaksiyasına hücum ediblər. Səid və Həmid “AK-47" avtomatları, Şərif isə qumbaraatanla silahlanıbmış.

“Allahu Əkbər!”, “Peyğəmbərin təhqir olunmasının qisasını alacağıq!” bağıran bu üç şəxs 12 nəfəri qətlə yetirib, 10 nəfəri isə yaralayıb. Onların üçü də Reyms şəhərinin sakinləridir. Redaksiyaya hücum edənlər əvvəllər Suriyada “Cəbhət əl Nüsrət” terror qruplaşmasının tərkibində vuruşublar.

ABŞ prezidenti Barak Obama deyib ki, jurnal redaksiyasına qorxaqcasına hücum edənlər söz azadlığından nə dərəcədə qorxduqlarını göstəriblər.

ABŞ Dövlət katibi Con Kerri deyib ki, ölən jurnalistləri “azadlıq uğrunda şəhidlər” adlandırmış fransalı dini icma imamı ilə razıdır: “Bu, sivilizasiyalar arasında qarşıdurma deyil, bu, sivilizasiya ilə sivil dünyaya qarşı çıxanların qarşıdurmasıdır”.

Rusiya saytları xəbər verir ki, jurnalın əvvəlki redaksiyası da 2011-ci ilin noyabrında tamamilə yandırılıbmış. O vaxt Məhəmməd Peyğəmbərin (ə.s.) karikatirasını çap edəndən bir gün sonra qəzetin redaksiyasına “Molotov kokteyli” atılıb.

“Charlie Hebdo”nun keçən həftəki son tvitində isə İŞİD yaraqlılarının lideri Abu Bakr al-Bagdadinin karikaturası verilmişdi. Bu, jurnalın İslamla bağlı karikaturlar çap etməsindən sonra baş vermişdi.

Yanvarın 8-də isə dünyanın aparıcı KİV orqanları Məhəmməd Peyğəmbərin karikaturalarını yenidən dərc edib. Bununla da jurnalistlər “Charlie Hebdo” satirik jurnalı ilə həmrəy olduqlarını bildiriblər. ABŞ-da karikaturaları “Business İnsider” və “Huffington Post” kimi nəşrlər dərc edib. “Daily Beast” tabloidi isə “Charlie Hebdo” jurnalının 2011-ci ildə nəşr etdiyi karikaturalardan ibarət 16 slayd şou yerləşdirib. Almaniyada da Berlin qəzeti olan “B.Z”nin ilk səhifəsində Məhəmməd Peyğəmbərin karikaturası dərc edilib. Danimarkanın “Berlingske” qəzeti də “Charlie Hebdo” karikaturalarını yenidən dərc edib.
İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu musavat.com-a açıqlamasında bildirib ki, Parisdə günahsız insanlara qarşı baş verən anti-bəşəri cinayəti birmənalı olaraq pisləyirlər: “Baş verən terror aktı müqəddəs İslam dini ilə daban-dabana zidd olan bir cinayətdir. Biz bunu təkfirçi İŞİD-çilərin son dövrlərdə həyata keçirtdiyi ant-İslami davranışın bir halqası kimi də dəyərləndiririk. Eyni zamanda təəssüflə bunu da vurğulamağı lazım bilirik ki, baş verən terror olayında illərlə qızışdırılan islamofobik sürəcin və müsəlmanlara qarşı sərgilənən ikili standartların da böyük rolu vardır”.

Fransada törədilən terror hadisəsinə hakim Yeni Azərbaycan partiyasından da reaksiya bildirilib.

Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Azərbaycan ərazisində həmişə erməni terroru törədilib və buna görə də ölkəmiz həmişə terrorun əleyhinədir: “Hesab edirəm ki, iki il bundan qabaq karikaturanın çəkilməsi hadisəsi ilə də bunu bağlamaq bəhanədir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da terror aktına münasibətinin olduqca mənfi olduğunu vurğulayıb. Komitə sədri bunu dinlər və mədəniyyətlərarası dialoqa mənfi təsir göstərən hal kimi qiymətləndirib: “Lakin bu cür hərəkətlərin hansısa terrorla aradan qaldırılması istəklərini pisləyirik. Hesab edirik ki, əgər kimlərsə müqəddəslərə toxunursa, bu cür hərəkətlərə yol verənləri ictimai qınaqla, müxtəlif tədbirlər keçirərək, bunun yolverilməzliyini həmin topluma çatdırmaqla həll etmək lazımdır. Hər hansı silaha əl atmaq, əlbəttə, yol verilən deyil. Ona görə də Fransada törədilən terror hərəkəti başa düşülən deyil, yolverilməzdir və bu, əslində İslam dünyası ilə xristian dünyası arasında olan ziddiyyətləri daha da dərinləşdirir, islamofobiyanı Qərb dünyasında gücləndirir, tədricən qarşıdurmanı daha da mürəkkəbləşdirir. Ona görə də biz bu hadisəni qətiyyətlə pisləyirik. Hesab edirik ki, terrorun vətəni milliyyəti, fərdiliyi yoxdur, terror elə terrordur”.

Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, qurum dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyir: "Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər".

Müsavat Partiyası da Fransada baş verən terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, terror hadisəsinin jurnalın redaksiyasında jurnalistlərə qarşı törədildiyinə görə söz və mətbuat azadlığına qarşı yönəlsə də, əsas məqsədin konfensiyalar arasında ziddiyyət yaratmaq olduğu ehtimalı da böyükdür. Müsavat Partiyası bu terror hadisəsini qətiyyətlə pisləyir, belə halların təkrar olunmaması üçün dünya ictimaiyyətinin səylərinin artırılmasını məqsəduyğun hesab edir.

Ekspert Altay Göyüşov da Parisdə baş verənləri terrorizm adlandırdı: “Bunu birmənalı olaraq qınamaq, lənətləmək əvəzinə ”İslamı gözdən salmaq üçün özləri ediblər", “İŞİD-i özləri yaradıblar” və sairə bu kimi ya bisavadlıqdan ya emosionallıqdan doğan konspiroloji mülahizələr irəli sürmək, yaxud terror qurbanlarında günah axtarmaq, əslində o terrorun mənəvi iştirakçısı, dəstəkçisi olmaqdır. Bu cür yanaşma terrorun qarşısını almır, onun gələcəkdə təkrarlanması üçün rəvac verir".

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev aktual.az-a bildirib ki, sözügedən terror hadisəsi bütün dünya ictimaiyyəti tərəfindən qınanmalıdır: “Bu hadisə dinindən, irqindən asılı olmayaraq, bütün dünya jurnalistlərinə qarşı təzyiq vasitəsidir. Əslində bu hadisəni dinlə əlaqələndirirlər. Amma bu məsələ siyasi xarakter daşıyır. Məncə, bütün dünya jurnalistləri bir araya gələrək sözügedən terrora qarşı yox deməlidir. Buna dünya ictimaiyyəti də dəstək durmalıdır”.
***

Bu günə qədər Azərbaycanda da bəzi media orqanlarının redaksiyasına hücum olub. Bunların sırasına “Yeni Müsavat” başçılıq edir. Redaksiyamıza 2000-ci ildə nehrəmlilərin hücumu, 2003-cü ildə isə Fərəməz Novruzoğlunun basqını media tarixində yaddaqalan hadisələrdəndir. Bundan başqa, 2007-ci ildə xocalılıların həmin vaxt fəaliyyət göstərən “Gündəlik Azərbaycan” qəzetinin redaksiyasına yumurtalı basqınını da unutmaq olmaz. Xoşbəxtlikdən bu günə qədər Azərbaycanın media orqanlarına hücumlardan heç birində insan tələfatı baş verməyib. Türkiyədə də dəfələrlə qəzet redaksiyalarına basqınlar edilib, jurnalistlər döyülüb və yaralanıb.

Sevinc TELMANQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.