QMİ sədri növbəti bayram namazınadək Qafqazın ən böyük ibadət evinə nəzarəti ələ keçirməyi hədəfləyib; BŞİH tabeçiliyinə verilmiş “Heydər” məscidi ətrafında vəziyyəti öz xeyrinə dəyişməsə, o, Abutalıbovun “bığının altından” keçməli olacaq...
Bakının Binəqədi rayonunda ötən ay Qafqazın ən böyük ibadət evi - “Heydər” məscidi istifadə verildi. Təntənəli açılış mərasimində prezident İlham Əliyev və ailə üzvləri də iştirak etdilər. Söz yox ki, bu, yeni ibadət evinə ölkə başçısı səviyyəsində hansı həssas münasibətin olduğunun anonsu idi.
Bəlkə də ən birinci elə bu səbəbdən məscidin açılışı edilən kimi onun ətrafında bəzi söz-söhbətlər, maraqlı nüanslar ortaya çıxdı. Onlardan ən diqqət çəkəni Binəqədi məscidinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) deyil, məhz Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeçiliyinə verilməsi ilə bağlı idi. Əslində bununla da təzə bir QMİ-BŞİH gizli savaşının və ya çəkişməsinin əsası qoyulmuş oldu.
Xatırladaq ki, məscid açıldıqdan dərhal sonra belə məlumat yayıldı ki, artıq onun axundu və imamı da bəllidir. Ancaq elə həmin gün məlumat QMİ tərəfindən təkzib edilmişdi...
Bəzi müşahidəçilərə görə, Qafqazın ən böyük məscidinin Şeyxülislam Hacı Allahşükür Paşazadənin idarəçiliyinə verilməməsi onun, daha dəqiqi, qardaşı - Şeyxin biznesini idarə etdiyi deyilən Cavanşir Paşazadənin hakimiyyətin təşəbbüskar olduğu “ehsan islahatı”nı altdan-altdan iflas eləməsi ilə birbaşa bağlıdır. Ehtimal edilir ki, iqtidar QMİ sədrindən narazılığını, hətta qəzəbini məhz bu şəkildə bildirib.
Bundan az öncə isə Şeyxin maliyyə imkanlarına zərbə sayılacaq başqa bir addım atılmışdı - dövlətdən ayrılan vəsaitlər hesabına ölkədəki dini icmaların maliyyələşməsi səlahiyyəti ilk dəfə olaraq QMİ-dən alınaraq Mübariz Qurbanlının sədri olduğu Dini Komitəyə həvalə edilmişdi. Ardınca Azərbaycanda yeni və ən böyük ibadət ocağının - “Heydər” məscidinin də Şeyxə çox görülməsi əlbəttə ki, sonuncunun ətrafında dairənin daraldılması təəssüratını yaradır(dı).
Hər halda, çoxdanın söhbətidir ki, hakimiyyətdəki müəyyən çevrə ölkənin birinci şəxsi ilə Şeyxin münasibətlərinin korlanmasında, ən azı soyumasında maraqlıdır. Ancaq tanıyanlar bilir ki, Şeyx həzrətləri də “asan sınan qoz” deyil təbii ki. Onun hələ imkanları qalır ki, bəzi effektli kontur-addımlara getsin.
Birinci ona görə ki, oyun hər halda, onun “meydanında” gedir. Hər kəs də öz meydançasında daha yaxşı, daha inamlı oynayır və şanslı görünür. Şans isə ondan ibarətdir ki, QMİ şefi istəsə, faktiki surətdə özəl status daşıyan və axundu da QMİ-dən olmayacaq Binəqədi məscidinə qarşı adekvat cavab qismində ölkənin əsas məzhəbi kimi şiə toplumunda bir ögeylik formalaşdıra bilər.
Məsələn, bayram namazlarını əvvəlki illərdəki kimi, yenə “Təzəpir” məscidində təşkil edər. Halbuki məntiqlə belə namazları maksimum inanc adamının toplaşması üçün ən böyük məsciddə qılınmalıdır. Yeri gəlmişkən, açılışla bağlı belə bir informasiya da keçmişdi ki, “Heydər” məscidində sünni və şiə məzhəbindən olan müsəlmanlar cümə günləri birgə şəkildə vəhdət namazları qılacaqlar. Amma hələ ki, belə namazların qılınması haqda məlumat yoxdur...
Bəs Şeyx bayram namazı üçün Binəqədiyə, QMİ tabeliyində olmayan “Heydər” məscidinə gedəcəkmi?
Söz yox ki, boykot yolu seçməklə o, arxasında prezidentin təşəbbüsünün dayandığı bir projeni iqnor eləmiş kimi görünəcək - imtina üçün gərək çox sanballı əsas olsun. Başqa yandan, gedərsə, onda öz imicinə zərbə vuracaq, BŞİH rəhbəri Hacıbala Abutalıbovun olmayan bığının altından keçmək, onun qarşısında kiçilmək anlamlına gələcək. O zaman Dini İdarə başçısı hansı variantı seçəcək ki, “nə şiş yanacaq, nə də kabab”?
Məntiq diktə edir ki, hörmətli Paşazadə ən optimal yolu tutacaq. Söhbət “Heydər” məscidinin QMİ-nin balansına keçirməkdən gedir. Üstəlik, bunun üçün vaxt da az deyil - növbəti bayram namazına hələ kifayət qədər var. Onu da nəzərə alsaq ki, Şeyxin ölkə prezidenti ilə münasibətləri bütün yan təsirlərə baxmayaraq, Bakı meri ilə müqayisədə hələ ki, daha sıcaq və ən əsası, özəldir, o zaman qalan zaman kəsiyində QMİ sədrinin məsələni öz xeyrinə yekunlaşdırması üçün əlavə və bənzərsiz rıçaqa malik olduğu yəqinləşər.
Nəhayət, məscid ilk öncə ruhani sahəyə aid olduğundan Şeyxin öz xeyrinə gətirəcəyi arqumentlər yetərincə inandırıcı görünəcək sözsüz ki. Yəni “öz meydanında oynamaq” məsələsi.
Siyasət şöbəsi