Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümünə səbəb olan hərbi hospitalın cərrahının rütbəsi endirilib, “Medi Sina” klinikasının isə onkoloji əməliyyatlar üçün lisenziyası yox imiş
Həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının işi ilə bağlı proses Nəsimi Rayon Məhkəməsində davam edir.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən prosesdə Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının onkoloqu, E.Tofiqqızının əməliyyatına rəhbərlik edən cərrah-onkoloq Mahir Məmmədov ifadə verib. Cərrah ifadəsində bildirib ki, süd vəzisində əməliyyatla bağlı müayinə aparmayıb, sadəcə, müayinənin nəticələrinə baxaraq təsdiqləyib. Onun sözlərinə görə, əməliyyat onkoloji olub və ölüm anestezioloqun səhlənkarlığından baş verib.
Daha sonra M.Məmmədov məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verib. O, ibtidai istintaqa cərrahi əməliyyat zamanı anestezioloq Firuz İbrahimovun öz vəzifəsini yerinə yetirmədiyini bildirsə də, məhkəmədə ifadəsini dəyişib.
Cərrah qeyd edib ki, F.İbrahimov əlindən gələni edib. İbtidai istintaqa isə “anestezioloqun nəzərindən qaçıb” ifadəsini vermişdi. Zərərçəkmiş “bəs hamı hər şeyi edibsə, klinika düzgün seçilibsə, əməliyyat uğurlu aparılıbsa, sağlam insan necə dünyasını dəyişib?» deyərək etirazını bildirib.
M.Məmmədov bu faciədən vicdan əzabı çəkdiyini söyləyib. A.Niftəliyev isə ona “inanmıram ki, vicdan əzabı çəkəsən. Vicdan əzabı çəkən şəxs adam öldürən günü dərhal işə qaçıb, tez-tələsik sənəd saxtalaşdırmaz və iki gün əvvələ məzuniyyət götürməzdi” deyib.
Ardınca M.Məmmədov məhkəmə istintaqı zamanı etiraf edib ki, əməliyyat üçün “Medi Sina” klinikası məhz onun tərəfindən seçilib.
“Medi Sina” klinikasının isə onkoloji əməliyyatlar üçün lisenziyası olmadığı üzə çıxdı. Həmçinin M.Məmmədov əməliyyata görə nazir tərəfindən cəzalandırıldığını və polkovnik-leytenant rütbəsinin alındığını, mayor rütbəsinə endirildiyini açıqlayıb.
Cərrah M.Məmmədov rütbəsinin ondan alınmasının işdən əlavə kommersiya fəaliyyəti ilə məşğul olmasını göstərib. Zərərçəkmiş tərəf isə nazirliyin sözügedən əmrində başqa xüsusatın olduğunu bildirib. Ona görə də zərərçəkmişin hüquqlarını müdafiə edən Səməd Vəkilov həmin əmrin surətinin nazirlikdən alınması barədə vəsatətlə çıxış edib.
Dövlət ittihamçısı Elçin Nağıyev isə bu vəsatətin təmin edilməməsini istəyib. S.Vəkilov bildirib ki, prokurorun vəsatətə etirazı dövlət ittihamını obyektiv müdafiə edəcəyinə şübhə oyadır. Odur ki, zərərçəkmiş tərəf E.Nağıyevin dövlət ittihamçısı kimi prosesdən uzaqlaşdırılmasını istəyib və növbəti prosesdə yazılı vəsatətlə çıxış edəcəyini vurğulayıb. Hakim isə zərərçəkmiş tərəfin nazirliyə sorğu göndərməklə bağlı vəsatətini təmin edib.
Məhkəmədə daha sonra əməliyyat zamanı tibb bacısı işləmiş Ruhiyyə Abbasova da ifadə verib. Onun da ifadəsində ziddiyyətli məqamlar ortaya çıxıb. Tibb bacısı ibtidai istintaqa anestizioloq F.İbrahimovun öz vəzifəsini layiqincə yerinə yetirmədiyini bildirsə də, məhkəmədə bunun tam tərsini söyləyib. Tibb bacısı deyib ki, əməliyyatdan 15-20 dəqiqə sonra xəstənin halı pisləşib:
“Mahir həkim Firuz doktordan soruşdu ki, bir problem var? Firuz həkim dedi ki, narahat olma. Sonra Firuz əl-ayağa düşdü, dərman-zad... nəsə eləyirdi”. Prokurorun “ibtidai istintaqa demisiz ki, kənardan gətirilən dərmanlar vurulub, hansı naməlum dərmanlar idi” sualına R.Abbasova “bilmirəm” cavabını verib.
Anestzioloq F.İbrahimov isə prokurorun suallarını cavablandırarkən qeyd edib ki, əməliyyat briqadası cərraha tabedir. Buna baxmayaraq, əməliyyat zamanı hər hansı problem çıxarsa, cərraha məlumat vermək borcu olmadığını bildirdi. Dövlət ittihamçısının “bəs nə vaxt problemlə bağlı məlumat verilməlidir” sualını anestezioloq “ürək fəaliyyətini dayandıranda” deyə, cavab verib.
Mahir Məmmədov isə ürəyin fəaliyyətini dayandırdığını hiss etdiyi üçün Firuz həkimə “monitora bax, nəsə düz deyil” dediyini bir daha xatırladıb. Dövlət ittihamçısı “ürək dayanıbsa, niyə cərraha siz xəbər verməmisiniz, cərrah sizə xəbərdarlıq edib” sualı isə açıq qalıb.
Hakim növbəti prosesi yanvarın 21-i, saat 12:00-a təyin edib.
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.
Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Emil SALAMOĞLU