Hakimiyyət ABŞ qarşısında geri çəkilir?

9-01-2015, 10:44   
Hakimiyyət ABŞ qarşısında geri çəkilir?
Bir müddət əvvəl Vaşinqtonla münasibətlərin dözülməz həddə çatdığını deyən Əli Həsənov «valı» dəyişib

Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Bloomberg” agentliyinə müsahibə verib. Əli Həsənov müsahibədə ABŞ-Azərbaycan münasibətlərindən danışıb. Şöbə müdiri bildirib ki, Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır:

“Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda ”ekspert" qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud bu və ya digər hüquqa zidd çağırışlar etməsi, müvafiq olaraq qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir".

Maraqlıdır ki, Əli Həsənov bir müddət əvvəl ABŞ-Azərbaycan münasibətlərinin dözülməz həddə çatdığını bildirmişdi. O zaman Əli Həsənov hansısa “maraqlı dairələrdən”, “bəzi qüvvələrdən” danışmırdı. Amma indi şöbə müdiri ABŞ və Azərbaycanın az qala qardaş ölkə olduğunu deyir. Bakı və Vaşinqtonun arasına hansısa qara qüvvələrin girdiyini iddia edir. Bunun ardınca isə dolayısıyla ABŞ-ı Azərbaycanda çevriliş etməyə cəhddə suçlayır. Əli Həsənov deyir ki, bəzi beynəlxalq qüvvələr demokratiya prinsiplərinin təşviqi adı altında hansısa “siyasət laboratoriyalarında” hazırlanmış standart proqramlarla müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr edir, bu ölkələrin rəsmi dövlət siyasətini və ictimai prosesləri nəzarətə götürməyə, belə demək mümkünsə, yönəltməyə, idarə etməyə çalışırlar: “Bir müddət bundan əvvəl Şərqi Avropada tətbiq olunan bu ssenari sonrakı mərhələdə postsovet məkanını və Yaxın Şərqi əhatə etmişdir. Bəzi faktlar analoji ssenarinin Azərbaycanda da həyata keçirilməsi üçün müəyyən planların qurulduğu fikrinə gəlməyə əsas yaradır”. Burda “beynəlxalq güclər” deyəndə ilk ağla gələn ABŞ-dır. Məhz ABŞ dünyada demokratiyanı təşviq edir və bunu gizlətmir. Bundan başqa, Azərbaycan hakimiyyəti zaman-zaman istər Şərqi Avropada, istərsə də Yaxın Şərqdə baş verən inqilabi prosesləri ABŞ-ın ayağına yazıb. Əli Həsənov da fərqindədir ki, “beynəlxalq güclər” adı altında məhz ABŞ-ı ittiham etməsini başa düşmək çətin deyil. Ona görə də sığortalanmaq üçün bu cəhdləri birbaşa ABŞ prezidenti və onun administrasiyası ilə əlaqələndirmək istəmədiyini deyib. Bəs nədən az əvvəl ABŞ-a qarşı açıq hücuma keçən Azərbaycan hakimiyyəti indi “quş dilində” danışmağa başlayıb? Mümkündür ki, bu, Vaşinqtonun Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmək barədə qəti qərarı üçün zəmin yetişməsindən və ABŞ-ın artıq belə bir qərar verə biləcəyinə hazır olduğundan irəli gəlir. Hər halda hakimiyyət leksikonunu dəyişib.


Əli Həsənovun müsahibəsində bir maraqlı məqam da var. Bu, ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan dövlət başçısı Ilham Əliyevə zəngi ilə bağlıdır. Şöbə müdiri iddia edib ki, Con Kerrinin Ilham Əliyevlə telefon danışığı ilə “Azadlıq” radiosunun bağlanması arasında hər hansı əlaqə yoxdur. Əli Həsənov daha sonra əlavə edib ki, Con Kerri Ilham Əliyevlə “ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər” müzakirə olunub. Con Kerri Ilham Əliyevə dekabrın 21-də zəng edib. Bu fakt Azərbaycan ictimaiyyətindən gizlədilib. Dövlət Departamentinin yaydığı məlumatda xüsusi vurğulanırdı ki, Con Kerri Ilham Əliyevlə telefon danışığında Azərbaycanda insan haqları sahəsindəki vəziyyətdən narahatdır. Bundan 5 gün sonra “Azadlıq” radiosunun Bakı ofisinin fəaliyyəti dayandırıldı. Bu, hakimiyyətin Con Kerrinin narahatlığına cavabı kimi dəyərləndirildi. Bəlkə də başqa vaxt Əli Həsənov baş verənləri olduğu kimi açıqlayardı. Amma indi bu faktları danmaq məcburiyyətindədir.

Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.