“İŞİD” lideri Əl Bağdadinin karikaturasını yayımladığına görə hücüma məruz qalan və bir müddət fəaliyyətini dayandıran "Charlie Hebdo" jurnalı yenidən çapını bərpa etdi. Çox böyük tirajla çıxan jurnalın üz qabığında İslam peyğəmbərinin görüntüsünün olacağı barədə məlumatlar düz çıxdı. "Charlie Hebdo" əvvəlki kimi Məhəmməd Peğəmbəri (s.ə.s) təhqir yolunu davam etdirmək yolunu seçdi. Sanki, cəmi bir neçə gün əvvəl ondan çox adamın ölümü ilə nəticələnən qanlı hadisələr baş verməmişdi.
ANS TV-nin məlumatına görə, Fransanın "Charlie Hebdo" satirik həftəlik jurnalı növbəti dəfə bəşəriyyət üçün neqativ addım atıb. Redaksiya terrordan sonra çıxardığı növbəti sayda yenə də İslam peyğəmbərinin karikaturasını əks etdirməklə jurnalı 4 milyon tirajla 16 dildə buraxıb. Ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə "Je suis Charlie" (Mən Şarliyəm) sözləri yazılmış plakat tutub. Bundan başqa plakatın üzərində qara hərflərlə “Hər şey bağışlandı” da yazılıb. Jurnal manifestində faşizm, nasiszm və stalinizmdən sonra islamizmi demokratiyanın əsas təhlükəsi adlandırıb.
Maraqlıdır ki, jurnalı tənqid etdiyi nasizim, faşizm, ksinofobiya, inkvizisiya bütün bunların hamısı Asiyada deyil, məhz jurnalın dərc olunduğu Avropada yaranıb.
Sərsəm işlərlə məşğul olan jurnal məruz qaldığı silahlı hücuma, 12 nəfərin qətlinə baxmayaraq, ölənlərin ruhuna hörmətsizlik edərək, baş verən proseslərdən nəticə çıxarmayaraq siyasətini dəyişməyib, dini mövzuda karikaturaların dərcini davam etdirib.
"Charlie Hebdo"nun yenidən İslam peyğəmbərini təhqir edərək karikaturanı dərc etməsinə Amerika Birləşmiş Ştatları münasibət bildirib. Birləşmiş Ştatların hökumət sözçüsü Mari Harf deyib ki, şəxsi fikirlərə baxmadan "Charlie Hebdo"nun bu karikaturaları yenidən dərc etmək hüququnu qətiyyətlə dəstəkləyirik. Bu, demokratiyanın təzahürüdür. Həzrəti Məhammədin karikaturasının dərc edilməsinin İslama zidd kimi görürsünüzmü sualına Harf heç bir şey ifadə azadlığının qarşısında olmamalıdır cavabını verib.