Ermənistanda nə baş verir (VİDEO)

14-01-2015, 23:54   
Ermənistanda nə baş verir (VİDEO)

Region Ermənistanın başı artıq iki gündür ki, Gümrü şəhərində bir ailənin 6 üzvünün Rusiyanın buradakı 102-ci hərbi bazasının əsgəri tərəfindən güllələnərək öldürülməsilə nəticələnən insidentlə əlaqədar qarışıqdır. Ermənistanda etirazlar get-gedə daha sərt xarakter almağa başlayır. Bu gün İrəvanda Rusiya bayrağı tapdalandı. İndi tərəflər əllərindən gələni edirlər ki, məsələ siyasiləşməsin. Rusiyada da etiraf edirlər ki, belə getsə, daha pis nəticələr qaçılmaz ola bilər!

Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun erməni Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirməsi get-gedə siyasi xarakter almağa başlayır. Bu gün Gümrüdə Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbilə avtomobil yürüşü keçirilib. Rusiyanın Gümrüdəki baş konsulluğunun binasına yürüş edənlər arasında İrəvandan gələnlər də olub. Rusiyanın bayrağı ayaqlar altına atılıb.

Paytaxt İrəvanın Azadlıq meydanında da ayrı-ayrı adamlar öldürülən Avetisyanlar ailəsinin üzvlərinin xatirəsinə şam yandırıblar. Orada da siyasi xarakterli bəyanatlar səslənib. Ya Ermənistan məhkəməsi, ya da burdan rədd olub gedin! Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına yönəlik bu cür mesajlar isə Ermənistan siyasətçilərini hərəkətə gətirib. “Çiçəklənən Ermənistan” partiyasından seçilən deputat Araqaç Axoyan məsələni siyasiləşdirməməyə çağırıb. O, deyib ki, bu insidentdə heç bir siyasi motiv yoxdur və hadisə Ermənistan-Rusyia münasibətlərinə təsir göstərməməlidir.

Rusiyalı politoloqlar isə erməni deputat qədər nikbin deyillər. Məsələn, bu gün ANS-ə müsahibəsində siyasi şərhçi Sergey Markov bildirib ki, Gümrüdə baş verənlər Rusyia-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək.

"Bunun təsiri mənfi olacaq. Ancaq indi hər iki tərəf bu mənfi təsirin dərəcəsini azaltmağa çalışır. Hadisə ilə bağlı mətbuata çox məlumatlar sızdırılmır. Çünki, bu hadisə ictimailəşdirilsə, əlbəttə ki, daha pis nəticələrə yol aça bilər. Rusiyanın Ermənistandakı hərbi varlığı və eləcə də Rusiyadakı erməni diasporu üçün ciddi təhlükələr ortaya çıxa bilər”.

Yeri gəlmişkən, Sergey Markov Putinin də məsləhətcisi sayılır. Bu arada qətli törədən Valeri Permyakovun atası da danışıb. Oğlunun hərbi xidmətə böyük həvəslə getdiyini, bütün normativlərdən əla qiymət aldığını, hətta komandanlığın buna görə onu tərifnamə ilə təltif etdiyini də ata Permyakov müsahibəsində deyib. Bu nümunəvi hərbiçinin avtomatın qundağı ilə vurduğu 6 aylıq körpənin vəziyyəti isə ağır olaraq qalır. Ermənistanın səhiyyə naziri Armen Muradyan bu səhər uşağın vəziyyətinin qiymətləndirilməsi üçün üçüncü dəfə konsilium keçirib. 5-6 saat köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirən və süni nəfəs aparatına qoşulan körpənin vəziyyətinin ağır olaraq qaldığı deyilir.

Hadisələr isə 102 saylı hərbi bazanın komandiri Andrey Ruzinskinin də vəziyyətinin ağır olacağından xəbər verir. Belə ki, Rusiya mətbuatı 2013-cü ilin sonlarından etibarən Ermənistandakı hərbi bazalardan şikayətlərin daxil olmasına dair məlumatlar yayıb. Bildirilir ki, 2009-2013-cü illərdə hərbi bazada tam sakitlik olub. Amma 2013-ün sonlarından hərbi qulluqçuların pullarının əlindən alınması, onların təhqir edilməsi, vaxtında müalicə üçün xəstəxanaya göndərilməməsilə bağlı şikayətlər eşidilib.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir. Bu hərbi bazanın yaxınlığında yerləşən hərbi şəhərcikdə isə hərbçi ailələri yerləşdirilib. Onların təxminən 2500 nəfəri rus, 2000 nəfəri ermənidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.