ABŞ Prezidenti Barak Obama vəzifədə olduğu müddətdə sülh tərəfdarlarını çox məyus edib.
Axar.az xəbər verir ki, Norveçin “Bergens Tidende” qəzetində bu barədə məqalə dərc edilib. Ağ Evin başçısını və onun fəaliyyətini təhlil edən müəllif edib ki, Obama 2008-ci ildə prezident seçkilərini udanda ona çox böyük ümidlər bəsləyirdilər.
“Avropa Obamanın xeyrinə keçən proqressiv seçkilərdən çox razı idir. Prezident seçildikdən bir il sonra amerikalıların Əfqanıstanda tarixi boyunca ən iri əməliyyatlar keçirməsinə başmayaraq, Obama sülh üzrə Nobel mükafatına layiq görüldü və artıq o zaman həyəcanlı siqnallar eşidilməyə başladı. Obama mükafatın təqdimetmə mərasimindəki nitqindən ABŞ-ın müharibə fəlsəfəsinin və güc tətbiq edilməsinin müdafiəsi üçün istifadə etdi”, - deyə məqalə müəllifi yazır.
Jurnalist Obamanın “müharibələr prezidenti” olmasını bu faktlarla isbatlamağa çalışıb:
“2009-cu ildə Kairdəki nitqində Obama ABŞ və müsəlman dünyası arasındakı münasibətləri yeni səviyyəyə çatdırmaq arzusunu ifadə etmişdi. O vaxtdan etibarən Obama ABŞ-ın özünəqədərki bütün digər prezidentlərindən daha çox sayda müsəlman ölkəsinə hücuma keçdi. Buş onunla müqayisədə, sadəcə, dinc, sözəbaxan uşağa bənzəyir. Əfqanıstan, İraq, Liviya, Somali, Yəmən, Pakistan... Hələ Suriyada da gözü var. ABŞ prezidentlərindən heç biri orduya bu qədər vəsait sərf etməmişdi”.
Jurnalist həmçinin xatırladır ki, məhz Obamanın hakimiyyəti müddətində müxtəlif etnik qruplar arasındakı çəkişmələr güclənib, ABŞ-ın özündə belə iqtisadi bərabərsizlik artıb. Müəllifin fikrincə, bütövlükdə onun “sülhyaradıcı” fəaliyyəti olduqca yarıtmazdır:
“ABŞ beynəlxalq hüquq normalarına və digər dövlətlərin suverenliyinə qətiyyən hörmət etmir. ABŞ-ın siyasəti rejimin dəyişilməsilə ona gətirib çıxartdı ki, dünyadakı durum daha da pisləşdi”.