Daxili işlər naziri generalın qohumunu Sabunçudan Nərimanova rəis gətirib
Rayon polis rəislərinin təyinatından cəmi bir gündən sonra baş verən ziddiyyət və dəyişikliklə bağlı maraqlı məlumat yayılıb. Axar.az daxili işlər orqanlarındakı mənbələrə istinadən məlumat yayıb ki, ötən il dekabrın ortalarından başlayan və ötən gün əmrlə təsdiqlənən təyinatlarla bağlı bəzi rəislər Daxili Işlər Nazirliyinə müraciət ediblər.
Mənbənin məlumatına görə, bu xahişləri əsasən daxili işlər orqanlarında uzun illərdir çalışan və nüfuz sahibi olan rəislər edirlər. Nazirliyin onların peşəkarlığına uyğun daha çətin, cinayətlərin açılması və narkotiklərlə mübarizə sahəsində statistik göstəriciləri aşağı olan rayonlara göndərmək istəyinə etiraz etməyən, amma etimadı doğrultmayacaqlarından narahat olan rəislər müraciətlərini əsaslandırmağa çalışıblar.
Xəbərdə iddia edilir ki, Sabunçu rayonuna polis rəisi göndərilən və hətta əmri verilən polkovnik Ismayıl Əsədovun təyinatı buna görə dəyişib. Sabunçu rayonunda yerlilərinin və yaxınlarının həddən artıq çox olduğunu və bu rayonda çalışmağın onu doğmaları ilə üz-üzə qoyacağını əsas gətirən Ismayıl Əsədov təyinatının dəyişdirilməsi üçün cənab nazirə müraciət edib. Nazirlik isə onun gətirdiyi arqumentlərin işinə doğrudan da təsir edəcəyi ehtimalını əsaslı saydığından, təyinatını dəyişib.
Bu dəyişiklikdən sonra Ismayıl Əsədov Nərimanova, Şəkinin polis rəisi Eldar Ilyasov isə Sabunçuya təyinat alıb.
Qeyd edək ki, digər təyinatlarla bağlı dəyişiklik olmayıb.
Onu da vurğulayaq ki, Ismayıl Əsədov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun qohumudur.azadliq.info