Etibar Əliyev: “Bu sərəncam müəllim-şagird nisbətini və müəllimlərin dərs yükünü nizama salacaq”
“Məktəb təhsilinin keyfiyyəti müəllim işinin keyfiyyətindən asılıdır. Bu, pedoqoji aksiomadır”.
Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevlə müsahibəni təqdim edirik:
- Ötən həftəsonu Azərbaycan prezidenti İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzaladı. Bu sərəncama münasibətinizi bilmək istərdik.
- Bu sərəncamdan öncə ölkə başçısının 25 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasi” sənədi təsdiq edilmişdi. Bu sənədin müəllim və tədris metodikaları bəndində yazılır: “Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əməkhaqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır”. Təhsil Nazirliyinin rəhbərliyi məhz bu bəndə istinad edərək 2014-cü ildə Bakı şəhərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini apardı. Əslində müəllimlərin əksəriyyətinin özlərinə təhlükə hesab etdikləri bu proses bütövlükdə onların xeyrinə işlədi. Diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin hamısının dərs yükü və əməkhaqqı yüksəldildi. Bu işin peşəkarlıqla aparılmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rolu xüsusilə qeyd olunmalıdır.
- Necə hesab edirsiniz, belə stimullaşdırıcı mexanizmlər strategiyada qeyd edildiyi kimi, müəllim fəaliyyətinin keyfiyyətini artıracaqmı?
- Bilirisniz, biz bu sərəncama qədər müəllimlərin əməkhaqqının 10 faizdən çox artırılmasının şahidi olmamışdıq. Bu cür əhəmiyyətli artım müəllim fəaliyyətinin keyfiyyətində müsbət dəyişiklik yarada bilər. Yəni bundan sonra müəllim daha yaxşı dərs deyə və öz üzərində çalışaraq attestasiyaya hazırlaşmalıdır. Aralıq mərhələdə onun üzərinə keyfiyyəti yaxşılaşdırmaq məsuliyyəti qoyulub. Məhz əməkhaqqında ciddi differensasiya bu prosesdən sonra başlayacaq. Attestasiyaya qədər əməkhaqqı yüksəldilən müəllimlərin dərslərinin və bütövlükdə fəaliyyətinin ciddi monitorinq sistemi qurulmalıdır.
Son iki ilə qədər Azərbaycan umumtəhsil məktəblərində müəllim şagird nisbətinin, müəllimlərin dərs yükünün beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində sistem yanaşma olmayıb. Biz təcrid olunmuş şəkildə orta təhsil sistemi qura bilmərik. Diqqət edək: Azərbaycanda 1 müəllimə 8,5 şagird (5-6 şagirdə 1 müəllim düşən rayon və şəhərlər də var) düşdyü halda, Türkiyədə 1 müəllimə 25,6, İngiltərədə 19,6, Almaniyada 24,7, Rusiyada 17,9, nəhayət, orta təhsil sistemi sürətlə inkişaf etmiş Koreyada 35,1 şagird düşür. Əslində həftəlik dərs yükünün 18 saat müəyyənləşdirlməsi beynəlxalq normaya çevrilib. Bu sərəncamdan irəli gələn məsələlər müəllim-şagird nisbətini və müəllimlərin dərs yükünü nizama salacaq.
Müəllimlər üçün həftəlik 18 saat dərs yükünün müəyyənləşdirilməsi və əməkhaqqının yüksəldilməsi həm də repetitorluğun qarşısını xeyli dərəcədə ala biləcək. Başqa sözlə bu addım müəllimi məktəbə və məktəb həyatına daha çox bağlayacaq.
- Təhsil Nazirliyinin yeni rəhbərliyi müəllimlərlə bağlı problemlərə daha çox diqqət edir. Sizcə təhsilin keyfiyyətinin aşağı olmasının əsas səbəbi budur?
- Məktəb təhsilinin keyfiyyəti müəllim işinin keyfiyyətindən asılıdır. Bu, pedoqoji aksiomadır. Bu gün müəllimin əməkhaqqını hesablmaq üçün istinad ediləcək hər bir şagirdin nailiyyətləri, onun inkişafının sabit monitorinq sistemi yaradılmayıb. Məktəb təhsilinin keyfiyyətinin ən sadə qiymətləndirilməsində 3 meyarı qeyd etmək olar. Savadlı müəllim, yaxşı dərsliklər və sağlam təhsil mühiti. Əslində savadlı müəllim aşağı səviyyədə yazılmış dərslikdən normal dərs keçə və həm də sağlam təhsil mühiti yarada bilər. Gəlin son iki ildə müəllimlərlə bağlı atılan addımlara diqqət edək. Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən 500 və daha yüksək bal toplayan ilk 300 tələbənin hər birinə 100 manat məbləğində əlavə təqaüd müəyyənləşdirib. Əslində bu işi ali məktəblər qazandıqları tələbə vəsaitləri hesabına etməli idilər. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə vəsait ödənilməsi haqqında Nazirlər Kabinetinin qərarı var. Həmin qərarda həmçinin onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilməsi də nəzərdə tutulur. Bütün bunlarla yanaşı 2008-2009-cu tədris ilindən başlayaraq "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazanan 100 müəllimə 5000 manat məbləğində birdəfəlik pul mükafatı verilir. Müəllimlərin repetitorluqla məşğul olmasına heç bir maneçilik törədilmir. Bunu onlara verilən sərbəstlik kimi qiymətləndirmək olar.
Müəllimlərin işə qəbulu və yerdəyişmələrinin imtahan vasitəsilə həyata keçirilməsini də mühüm işlər sırasına aid etmək olar. Bütün bunlardan sonra qalır müəllimlərin öz işlərinə məsuliyyətlə yanaşmaları. Bir az kobud da olsa deməliyik, bu artıq vicdan məsələsidir. Müəllim o zaman öz peşəsindən məmnunluq duyur ki, artıq hiss edir ki, onun qayğısına qalırlar. Yəqin ki, atılan addımların müqabilində bunu duya biləcək müəllimlərin sayı artacaq.
- Etibar müəllim, bildiyimiz kimi prezidentin bu sərancamı yalnız Bakı şəhərində çalışan müəllimləri əhatə edir. Bu proses regionlarda dərs deyən müəllimlərdə pessimist ovqat yaratmayacaq ki?
- Məncə regionlarda çalışan müəllimlərimizin dərs yükünün və əməkhaqqının artırılması analoji diaqnostik qiymətləndirmədən sonra baş verəcək. Dərs ilinin başa çatmasına 4 ay vaxt qalıb. Təhsil Nazirliyi Bakı şəhərində qazandığı bu təcrübəni regionların məktəblərində çalışan müəllimlərə çətinlik çəkmədən tətbiq edə biləcək. Təhsil naziri Mikayıl Cabbarov AzTV-də birbaşa efirdə olarkən bir müəllim (səhv etmirəmsə fizika müəllimi idi) fərdi şəkildə onun bilik və bacarığının diaqnostik qiymətləndirilməsinin keçirilməsini xahiş etdi. Bəlkə də belə müəllimlərimizin sayı minlərlədir. Bu proses həm də müəllimlərimizə biliklərinin yoxlanılmasından çəkinməməyə sövq etdi. Elə bu amilin özü prosesin üstün keyfiyyətlərindən biridir.
Başqa bir mühüm məsələni qeyd edim. Ölkə başçısının 24 iyul 2014-cü il tarixli sərancamı ilə Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə Təhsil Nazirliyinin regional idarələri yaradılıb. Regional Təhsil İdarələrinin işə başlaması diaqnostik qiymətləndirməni nəinki tezləşdirə, həm də maliyyə probleminin əsaslı şəkildə aradan qaldırılmasına kömək edə bilər.
Regionlarda çalışan müəllimlərimizin kifayət qədər vaxtları var ki, diaqnostik qiymətləndirmənin fəlsəfəsi ilə tanış ola bilsinlər. Ola bilsin ki, verilən bu vaxt ərzində onlar Bakı məktəblərinin müəllimlərindən də yaxşı nəticə qazansınlar.
Musavat.com