Sökülən Sovetskidə kriminal yuvası: oğurluq və narkomaniya
19-01-2015, 21:44
Bu tarixi məhəllədə artıq dayandırılmış söküntü işlərinin nə vaxt bərpa ediləcəyi isə hələlik məlum deyil
Bakının məşhur "Sovetski" məhəlləsində 2014-cü ilin əvvəlindən başlamış söküntü işləri artıq dayandırılıb. Bu barədə məlumat daxil olduqdan dərhal sonra "Sovetski"dəki mövcud vəziyyəti yerində araşdırmaq üçün həmin əraziyə yollandıq. "Sovetski”yə çatdıqda gözlərimiz önündə dağılmış və insanların olmadığı evlərdən ibarət cansıxıcı bir mənzərə canlandı. Ona görə də, aparacağımız araşdırma üçün canlı obyekt tapmaq o qədər də asan olmadı. Xarabalığa çevrilmiş ərazini bir qədər gəzdikdən sonra nəhayət ki, istəyimizə nail ola bildik. Belə ki, xeyli "gəzinti”dən sonra qarşımıza çıxan "Sovetski" sakini Aida Şahverdiyeva bu məhəllədəki vəziyyətlə bağlı bizimlə söhbətə razılaşdı.
Aida xanım bildirdi ki, artıq bir neçə gündür, "Sovetski” ərazisində söküntü işləri dayandırılıb: "Demək olar, artıq 5-6 gündür ki, söküntü işləri tamamilə dayandırılıb. Halbuki buna qədər söküntü işləri çox sürətlə aparılırdı. Lakin indi söküntü işlərinə çox az-az rast gəlinir. Bizə evimizin əvəzinə çox az pul verildiyi üçün təklif olunan məbləğlə razılaşmayıb, evdən çıxmırıq. Nəticədə palçığın içində - bu cür çətin vəziyyətdə yaşamalı oluruq. Hazırda 17 kvadratmetrlik sahədə 11 nəfər yaşayırıq. Mən bu qədər adamla haraya gedim? Evin hər kvadratmetrinə görə verilən 1500 manat bizə qətiyyən sərf etmir. Çünki bu pulla Bakının heç bir yerində ev almaq mümkün deyil. Hazırda yaşadığım ev mənim şəxsi mülkiyyətim deyil, dövlətindir. Ona görə də məcburuq ki, oturaq gözləyək. Bu zamana qədərsə, belə vəziyyətdə yaşamağa məcburuq. Əlbəttə, əgər, buna yaşamaq demək olarsa..."
Aidə Şahverdiyeva daha sonra bildirdi ki, son vaxtlar ərazidə oğurluq halları baş alıb, gedir: "İki dəfə yoldaşımın avtomobilindən oğurluq ediblər. Məcbur olub, maşını dayanacağa aparmışıq. Dünən isə məhəllədə yaşayan qonşu qızın çantasını zorla əlindən alıb, qaçıblar. Ərazidə demək olar ki, heç bir işıqlandırma sistemi yoxdur. Sökülən evlərdə isə narkomanlar məskən salıblar".
Aidə Şahverdiyeva ilə söhbətimizi sona çatdırıb, növbəti müsahib tapmaq ümidilə yolumuza davam etdik. Qarşımıza çıxan növbəti "Sovetski" sakini Simuzər Hüseynova da söküntü işlərinin dayandırılması ilə bağlı məlumatları təsdiqlədi: "Artıq bir neçə gündür ki, burada heç bir iş görülmür. Bizə bildiriblər ki, söküntü işləri bu il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarından sonra davam etdiriləcək. Bizə isə hələlik evdən çıxmağımızla bağlı heç kim təzyiq göstərmir. Söküntü işlərinin aparılmasına başlanılandan indiyə qədər bir-iki dəfə Yasamal rayon İcra Hakimiyyətindən nümayəndələr gəliblər. Ondan sonra heç kim bizimlə maraqlanmayıb".
Daha bir "Sovetski" sakini Ruslan Babayevin evində söküntü işlərinin davam etdiyini görüb, həmin istiqamətə üz tutduq. Evi sökülməkdə olan sakin bildirdi ki, o, artıq dövlətdən evinin sahəsinə görə hesablanmış məbləği alıb: "Evimin sahəsi 50 kvadratmetrdir. Lakin bizim evin əlavə sahələri də olduğuna görə dövlət bunu da hesablayaraq, mənə 88 min manat pul verib. Özünüz də yaxşı bilirsiniz ki, bu pulla şəhərin mərkəzində ev almaq mümkün deyil. Mənim atam və əmilərimin hər biri bu evdə yaşayıblar. Onlar elə bu evdə də vəfat ediblər. Mənim özümün toyum da burada olub. Qardaşımın da evi burada idi, onu da artıq yerləbir ediblər. Ən gözəl günlərimiz bu evdə yaşanıb. İndi heç nə olmamış kimi, göz görə-görə xatirələrlə dolu olan, atamın, əmilərimin nəfəsi olan evimi uçururlar. Ən çox da bu təsir edir, insana..."
Hazırda ailə üzvlərinin harada məskunlaşması ilə bağlı sualımıza cavab verən Ruslan Babayev bildirdi ki, dövlətin ona verdiyi 88 min manat pulla o, artıq Masazırda özünə ev alıb. Bütün gördüyümüz bu mənzərələr keçmiş "Sovetski” sakinləri üçün müəyyən problemlərin hələ də qaldığını biruzə verir. Dövlətin bu problemləri nə vaxt taş şəkildə yoluna qoyacağını dəqiq bilməsək də, öz tərəfimizdən bu mövzunu davam etdirəcəyimizi vəd edirik.(musavat.com)