Rusiya Ermənistanı... Azərbaycanla qorxudur

20-01-2015, 10:45   
Rusiya Ermənistanı... Azərbaycanla qorxudurVəfa Quluzadə: "Əgər bizim aramızda bugünkü düşmənçilik olmasaydı, Azərbaycan və Ermənistan postsovet məkanında Avropa İttifaqına daxil olan ilk iki dövlət olacaqdı, hələ də gec deyil...”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın İrəvandan Azərbaycanı təhdid etməsi son günlərin ən ciddi hadisələrindən sayıla bilər. Azərbaycan-Rusiya münasibətlərinin soyuması fonunda 40-dək Rusiya hərbçisinin Ermənistana səfər edərək bir sıra hərbi müqavilələrə imza atması, ardınca Rusiya müdafiə nazirinin Xankəndinə qanunsuz uçuşların həyata keçiriləcəyi halda təyyarələrin vurulacağını bəyan edən Bakıya təhdid dolu açıqlamalarla çıxış etməsi ölkəmizə qarşı açıq təhdiddir.
Onsuz da Ukrayna böhranından sonra gərgin aylarını yaşayan Rusiya öz əsgərinin Ermənistanda törətdiyi qətliamdan sonra Qafqazdakı yeganə dayağından da məhrum olmaq dərəcəsinə çatıb. Ermənistan cəmiyyətini sakitləşdirmək üçün Moskva ən çeşidli vasitələrə əl atsa da, hələlik istəyinə çata bilməyib.
Yayılan məlumata görə, Rusiyanın Ermənistandakı hərbi bazasında Gümrüdə həlak olmuş erməni ailəsi üçün pul yığılmağa başlanıb. Bu barədə Gümrüdəki 102 saylı rus hərbi bazasının komandiri Andrey Ruzinski Ermənistanın Şirak vilayətinin qubernatoru Feliks Çolakyanla telefon söhbəti zamanı bildirib. Bu yolla ruslar ermənilərin könlünü alıb onları sakitləşdirmək istəyir. Ancaq Rusiyadan son günlərdə səslənən aşağılayıcı bəyanatlar, hətta Ermənistanın "itin quyruğu”na bənzədilməsi kimi sərt ifadələr çətin ki, ermənilərin yaddaşından belə tez silinsin.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi qatil əsgər Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir.
Bu arada Rusiya İstintaq Komitəsinin rəhbəri, general-polkovnik Aleksandr Bastırkin də İrəvana gəlib. Məlumata görə, Bastırkinin Ermənistan İstintaq Komitəsinin rəhbəri Ağvan Ovepyan ilə söhbətinin əsas müzakirə mövzusu Permyakovun istintaqı olub. Erməni mətbuatından belə görünür ki, Rusiya tərəfi rus əsgərin İrəvanda mühakimə edilməsinə razılıq verməyib.

Belə bir ərəfədə diqqət çəkən odur ki, Kreml növbəti dəfə diqqəti özündən yayındırmaq üçün gərginliyi Azərbaycan-Ermənistan müstəvisinə daşımağa çalışır. Cəbhədə son günlər atəşkəsin daha çox pozulması, hətta qumbaraatanlardan istifadə edilməsinin arxasında da Gümrüdəki rus əsgərlərinin dayandığı şübhə doğurmur. İndiki situasiyada Ermənistanın müharibəyə cəlb edilməsi işğalçı ölkənin intiharı demək olardı. Ancaq Rusiya üçün bunun önəmi yoxdur. Belə ki, Moskva sadəcə erməni ailəsinin məhvi hadisəsini arxa plana daşımaq üçün gərginliyi müəyyən müddət üçün olsa belə, artırmaqda israrlı görünür.
Bu ərəfədə maraqlı ehtimallar da dövriyyəyə buraxılıb. Rusiya böhran içində yaşayan erməniləri Azərbaycanla hədələyir.

Maraqlısı odur ki, bu kimi təxribat xarakterli məlumatlar ermənilərin özlərinin vasitəsilə dövriyyəyə buraxılır ki, çox da şübhə doğurmasın. Xəbərlərin birində deyilir ki, Naxçıvan ərazisindən İrəvanı cəzalandırmaq üçün 1989-cu ildə edilən hərbi hücum yenidən təkrarlana bilər. ANS-in məlumatına görə, bu ehtimal Gümrüdə rus əsgər Valeri Permyakov tərəfindən bir erməni ailəsinin qətl edilməsi ilə bağlı gedən istintaq prosesini şərh edən erməni KİV-ləri tərəfindən yayılıb. "Rusiya ekspertləri hətta 1989-cu ildə İrəvanda baş verən hadisələri yada saldılar. Onda Rusiyanın xüsusi bölmələri Azərbaycan ərazisindən İrəvana hücum etdilər və ermənilərin aksiyasını sərt şəkildə yatırdılar. Əgər Gümrüdəki aksiyalar davam edərsə, bu hədələr təkrarlana bilər”, - deyə bildirən erməni portalı "Lragir” Rusiyanın dəstəyi ilə Azərbaycan tanklarının Naxçıvandan İrəvana hücum edəcəyini iddia edir.



Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə vəziyyəti şərh edərkən dedi ki, Rusiya müxtəlif yollarla Ermənistandakı mövcud situasiyaya görə bərk nigarandır: "Ona görə ki, Ermənistan cəmiyyətində Rusiya siyasəti əleyhinə qəzəb toplanıb. Ermənistan görür ki, Rusiya ilə müttəfiqlik bu illərdə ona heç bir xeyir verməyib. Hətta 20 faiz Azərbaycan torpağını işğal etsə belə, heç olmasa Dağlıq Qarabağı özününkü adlandıra bilməyib, onu nə Rusiya tanıyıb, nə də İrəvanın özü tanımaq cəsarətində olub. Digər tərəfdən, Ermənistan Rusiyanın siyasəti nəticəsində bütün dünyada çıxdaş olunmuş ölkə halına düşüb, təcrid olunub. Ermənistan Rusiyaya görə Gürcüstan, Türkiyə və Azərbaycanla düşməndir, bir dənə İranın ermənilərə loyal münasibəti var, o da Ermənistanı yalnız ərzaqla təmin edə bilər”.

Quluzadə erməniləri fürsətdən yararlanmağa çağırır: "Ermənistanı normal dövlət etmək üçün hələ də gec deyil. Ermənistan artıq Rusiyadan canını qurtarmaq barədə düşünür. Qatil rus əsgərinin törətdiyi olay artıq qığılcım rolunu oynayıb. Bu, partlayışa gətirib çıxara, ermənilər Gümrüdəki hərbi bazanın çıxarılmasını tələb edə, Azərbaycanla sülhə gedə bilər. Ona görə Ermənistanda bu əhvalat olan kimi Putinin sağ əli olan Duqin Ermənistanı hədələdi, yəni ilk hədə Kremldən gəldi”.

Sabiq müşavir indiki situasiyanı həm Ermənistan, həm də Azərbaycan üçün faydalı sayır: "Görəsən, ermənilər başa düşürmü ki, nə qədər gülünc vəziyyətdədirlər? Bu gün Rusiya həm Azərbaycan, həm də Ermənistanı silahlandırır. Silahlanma prosesində isə nə biz qazanırıq, nə də Ermənistan, qazanan yalnız Rusiyadır. Bizimçün çox əlverişli olardı ki, Ermənistan Rusiyadan canını qurtarsın, torpaqlarımızdan çıxsın, bizimlə sülhə gəlsin. Bu ehtimal güclü olduğu üçün Rusiya Ermənistanı qorxutmaqla məşğul olacaq ki, ”səsinizi çıxartmayın, yoxsa biz gedərik, Azərbaycan sizi məhv edər.

Bu günlərdə Rusiyanın Ermənistandakı "5-ci kolon”u xüsusilə canfəşanlıq edir. Amma Levon-ter Petrosyan səviyyəsində savadlı adamlar da başa düşür ki, Ermənistan Rusiyadan qopan kimi Qərb tərəfindən dəstəklənəcək. O cümlədən Azərbaycan və Türkiyə normal inkişaf yolunu tutan Ermənistana "yaşıl işıq” yandıra bilər, təbii ki, torpaqların işğaldan azad olunması şərtilə. Rusiya isə Qərblə qarşıdurma zamanı Cənubi Qafqazdakı yeganə dayağını itirməkdən qorxur. Moskva bütün Qafqazı itirmək təhlükəsi qarşısındadır. Şimali Qafqaz artıq Rusiyanın deyil. Qroznıda 800 min adam İslamı müdafiə üçün meydana çıxırsa, bu, ciddi hadisədir. Bu mənada Rusiyanın vəziyyəti Qafqazda da çox acınacaqlıdır. Ermənistan bu dəqiqə düzgün seçim etsə, özünü xilas edə bilər. Əgər bizim aramızda bugünkü düşmənçilik olmasaydı, Azərbaycan və Ermənistan postsovet məkanında Avropa İttifaqına daxil olan ilk iki dövlət olacaqdı. Çar imperiyasının varisi olan Rusiya da bu təhlükəni əvvəlcədən duyduğu üçün 25 il öncə 20 Yanvar qırğınını törətdi, Qarabağda münaqişəni alovlandırdı. Amma mən Ermənistandakı ağıllı adamlara üz tutub deyirəm ki, hələ də gec deyil".

***
Ermənistan parlamenti isə yaxın vaxtlarda Gümrüdəki faciə ilə əlaqədar yüksək səviyyədə qapalı iclas keçirəcək. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, iclas zamanı Gümrüdəki son hadisələr və Valeri Permyakovun istintaqının erməni tərəfinə verilməsi məsələləri müzakirə ediləcək. Yayılan məlumata əsasən, deputatlarla yanaşı, iclasda Ermənistan İstintaq Komitəsinin rəhbəri Aqvan Ovsepyan, baş prokuror Qevorq Kostanyan, Ermənistan XİN-in nümayəndələri və həmçinin yüksək rütbəli məmurlar iştirak edəcək. Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur. Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Bu arada erməni polisinin Gümrüdə iki sərxoş rus hərbçisini saxladığı haqda məlumat yayılıb. Ermənistanın "Qala” telekanalı əməkdaşı iki sərxoş rus hərbçisinin bir-biri ilə dava etdiyini və mülki geyimdəki erməni polisin onları saxlayaraq polis bölməsinə apardığı məlumatını verib. Sonradan polis bölməsi xəbəri təkzib edərək rus hərbçilərin 102-ci bazada olduqlarını bildirsə də Ermənistanın "Aykakan Jamanak” qəzeti hadisənin həqiqətən baş verdiyini və şəhərdə yerli sakinlərlə rus hərbçilər arasında narazılığın getdikcə artdığını yazıb.

Gümrü şəhərinin meri Samvel Balasanyan da 102-ci hərbi bazanın komandanlığına müraciət edərək hərbi hissədə daxili nizam-intizamı möhkəmləndirməyə çağırıb. Onun müraciəti Gümrüdə yerli sakinlərlə rus hərbçilər arasında münasibətin heç də ürəkaçan olmadığının göstəricisidir.

Putinin boyunduruğuna qoşulduğu ilk aydaca müşkülə düşən Serj Sərkisyan rejimi də indiki durumda çətin sınaq dövrünü yaşayır. Ona görə də müxtəlif toplantılar və müzakirələrlə xalqın yanında olduğunu isbatlamağa cəhd edir. Ancaq qəzəbli erməni cəmiyyətindən xilas yollarından biri kimi Ermənistan hakimiyyətindəki "Qarabağ klanı”nın hətta son anda Xankəndinə qaçacağı və Moskvanın dəstəyi altında burdakı separatçı rejimə rəhbərlik edəcəyi də yayılan xəbərlər arasındadır.

Kəlbəcərli girovların məsələsi Türkiyə və Strasburqda

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi "məhkəmə”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə çıxardığı "hökm”lə bağlı məsələ qaldırılacaq. Bunu açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Avropa Şurasına etiraz məktubunun göndərildiyini deyən S.Seyidov qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı sessiya çərçivəsində komitələrin iclası zamanı qaldırılacaq müzakirə zamanı azərbaycanlı girovlara çıxarılan "hökm” də müzakirə olunacaq. Onun sözlərinə görə, separatçı rejimin beynəlxalq ictimaiyyətin gözü qarşısında oynadığı bu "məhkəmə” şousuna və onun çıxardığı "hökm”ə üzv ölkələrin iradlarının bildirilməsi, buna buna ciddi reaksiya verilməsi tələb olunacaq: "Biz həmişə olduğu kimi, tam ciddiyyətlə bu məsələ ilə də bağlı konkret faktlar əsasında tələbimizi ortaya qoyacağıq. Amma əsas odur ki, görək əməkdaşlıq etdiyimiz bu beynəlxalq təşkilat buna ikili standartla yox, həqiqi gözlə baxsın”. Qeyd edək ki, separatçı rejimin "birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə D.Əsgərova ömürlük həbs verib, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyi işğal altındakı Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmadan aparılan "məhkəmə” prosesinin dayandırılması və onların dərhal azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. S. Ünsal soydaşlarımızın qanunsuz həbsini Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz nümunəsi kimi qiymətləndirib: "Ermənistan həm Azərbaycan torpaqlarını işğal edir, həm də günahsız insanları qanunsuz həbs etdirir. Biz bu gün buna etirazımızı bildirmək üçün toplanmışıq. Azərbaycanlı girovlar ən qısa müddətdə azadlığa buraxılmalıdır”.

"Mənim bir deputat kimi, gücüm ona çata bilər ki, gedib iki erməni oğurlayım. Amma yaşım bir az keçib, oğurlaya bilmərəm”. Bunu isə azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. O deyib ki, D.Əsgərov və Ş.Quliyevi erməni girovlarla dəyişdirmək ən münasib yoldur.

Deputat həmçinin qeyd edib ki, iki ermənini oğurlayıb, girovlarımızla dəyişdirə bilərik: "Nə çətin məsələdir ki, gedib iki erməni götürürsən, sonra da dəyişdirirsən. Bunun ayrı yolu yoxdur. Beynəlxalq məhkəmə var ki? Onlar hamısı ikiüzlü məhkəmələrdir. Girovlarımızın biri Rusiya vətəndaşıdır. Rusiya isə onun geri verilməsini tələb etmir. Qanunda var ki, həmin girov Rusiyaya ekstradisiya edilsin. Girovlarımızı geri qaytarmağın çox asan yolu girovu girovla dəyişdirməkdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.