Quantanamo məhbusunun şok işgəncə gündəliyi... - FOTO

20-01-2015, 15:09   
Quantanamo məhbusunun şok işgəncə gündəliyi... - FOTO

Gələn həftə ABŞ-ın Quantanamo həbsxanasında saxlanılan məhbuslardan birinin sensasion memuarları dərc olunacaq.

Virtualaz.org saytı “The Guardian” qəzetinə istinadən xəbər verir ki, məhbus Muhammed uld-Slahi bu memuarları 6 il əvvəl yazıb, ancaq həbsxana rəhbərliyi onun dərcinə icazə verməyib və üzərinə “Məxfi” qrifi qoyub.

Nəhayət, 6 illik mübarizədən sonra məhbus memuarlarının dərcinə icazə ala bilib. İlk dəfədir ki, Quantanamo həbsxanasında saxlanılan məhbus öz gündəliyinin dərcinə icazə alır. Bu kitabın nəşri ABŞ-ın terror şübhəlilərini saxladığı həbsxanada baş vermiş dəhşətli işgəncələr haqda ətraflı məlumat almağa imkan verəcək.

Bundan əvvəl ABŞ Senatının xüsusi komissiyası Quantanamo həbsxanasında tətbiq edilən dindirmə metodlarına dair geniş hesabatını təqdim edib. Hesabatın yalnız bir qismi ictimaiyyətə açıqlansa da orada məhbuslara qarşı dəhşətli işgəncə metodlarından istifadə olunduğuna dair çoxsaylı faktlar yer alırdı.




760 nömrəli məhbus Muhammed uld-Slahi 13 il əvvəl “əl-Qaidə” ilə əlaqəli olmaqda şübhəli bilinərək vətəni Mavritaniyada həbs olunub. Daha sonra İordaniyaya, oradan Əfqanıstana, sonda isə Kubadakı Quantanamo həbsxanasına aparılıb.

ABŞ silahlı qüvvələrinin nümayəndələri bu həftə “Guardian”a bildiriblər ki, Slahiyə qarşı heç bir ittiham irəli sürülməsə də gələn il onu çətin ki, azadlığa buraxalar. Baxmayaraq ki, hakim də Slahinin azadlığa buraxılımasına qərar verib.

İngilis dilində yazdığı gündəliyində Slahi təsvir edir ki, Amerika hərbçiləri onu necə yuxudan məhrum edib, öldürməklə hədələyib, seksual təhqirlərə məruz qoyub və anasını ələ keçirəcəkləri ilə qorxudub. Onun gözünü bağlayıblar, duzlu su içməyə məcbur ediblər, sonra katerdə dənizə aparıblar və orada buzun üstündə oturdub üç saat ərzində döyüblər.

Slahi yazır ki, bu işgəncələrin sonu yalanla bitib. Məhbus bu əzablara son qoymaq üçün bir neçə yalan ifadə verib. Bildirib ki, Kanadanın Toronto şəhərində CNT qülləsini partlatmağa hazırlaşır.

Slahidən bunun düz olub-olmadığını soruşanda o belə cavab verib: “Mənim heç nə vecimə deyil, əsas odur ki, siz razı qalın. Əgər siz alırsınıza, mən də satıram”.

Gündəliyin dərcinə icazə verilənə qədər onu məxf informasiyanın qorunması üçün 2500 dəfə senzuraya məruz qoyublar. Əslində isə həbsxana rəhbərliyi onun məruz qaldığı işgəncələrin bütün təfərrüatlarının açıqlanmasını əngəlləmək istəyib. Slahi azadlığa çıxa bilsə, gündəliyin senzurasız variantını da dərc edəcək.

Məhbus Quantanamoda məruz qaldığı işgəncələri belə təsvir edir: “Məndə qarabasmalar başladı və təmiz xrustal kimi səslər eşitməyə başladım. Mən öz yaxınlarımın səslərini eşidirdim, adi ailə söhbətləri edirdim... Eşidirdim ki, necə gözəl səslə Quran oxuyuram. Öz ölkəmin musiqisini eşidirdim. Sonradan mühafizəçilər mənim qarabasmalara məruz qalmağımdan istifadə edərək su borusu vasitəsilə qəribə səslərlə danışmağa başladılar, məni mühafizəçilərə hücum etməyə və qaçmağa sövq etmək istədilər. Ancaq onlar məni aldada bilmədilər, mən isə onları aldadırdım. “Biz nəsə eşitdik, yəqin ki, bu, cindir” - onlar deyirdilər.

“Hə, ancaq mən onun səsini eşitmirəm” - mən cavab verirdim. Mən ağlımı itirmək üzrə idim”.

Amerika insan haqları təşkilatları internetdə Slahinin azadlığa buraxılması üçün kampaniya aparırlar. Onlar bildirir ki, Slahi günahsız insandır və ABŞ onu 13 ildir amansız işgəncələrə məruz qoyaraq əsassız olaraq həbsdə saxlayır.

Slahi 90-cı illərin əvvəllərində iki dəfə Əfqanıstanda olub və “əl-Qaidə”yə sədaqət andı içərək Əfqanıstandakı sovet qoşunlarına qarşı döyüşməyə başlayıb. Lakin özünün dediyi kimi, 1992-ci ildə bu təşkilatla əlaqəsini kəsib.

Buna baxmayaraq 2001-ci il, 11 sentyabr terror hücumlarından sonra onu Los-Anceles beynəlxalq aeroportunu partlatmaq cəhdinə görə həbs ediblər. Ancaq bu ittihamı əsaslandırmaq üçün heç bir dəlil yoxdur. 2004-cü ildə hərbi prokuror bu cinayət işində dəlillərin işgəncə yolu ilə əldə edildiyini əsas gətirərək Slahinin işinə çıxmaqdan imtina edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.