“İsraili dağıdıcı ildırımlar gözləyir”
İsrail ordusunun Suriya ərazisinə hava hücumu nəticəsində iranlı general Məhəmməd Əli Allahdedi oldürülüb. O, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandanlarından olub. Onun Suriya hökumətinə Sələfi terrorçularla mübarizədə yardım etdiyi qeyd olunur.
“Reuters”in yaydığı xəbərdə deyilir ki, iranlı general İsrailin hədəfində olmayıb. İsrail elə düşünüb ki, nişan aldığı maşında olanlar aşağı rütbəli şəxslərdir. Bu barədə agentliyə adının açıqlanmasını istəməyən İsraili təmsil edən rəsmi şəxs məlumat verib. O, çərşənbə axşamı bildirib ki, İsrail nə İranla, nə də "Hizbullah”la münasibətləri gərginləşdirməkdə maraqlı deyil.
"Hizbullah” da bəyan etmişdi ki, onun 6 nəfər üzvü bu hücum zamanı İsrail tərəfindən qətl edilib.
Agentlik yazır ki, "Hizbullah” İran tərəfindən dəstəklənən bir təşkilatdır. Rəsmi Tehran 2006-cı ildə İsrail ilə "Hizbullah” arasında davam etmiş 34 günlük müharibədə ona ciddi dəstək verib.
Rəsmi Tehran bu əməlinə görə İsraili cəzalandırmağa and içib. "Onların şəhid edilməsi cihada bağlı olmağın nə qədər lazımlı olduğunu sübut etdi. Sionistləri ölkəni xaraba qoyacaq dağıdıcı ildırımlar gözləyir", İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri, general Məhəmməd Əli Cəfəri çərşənbə axşamı “Fars news” agentliyinə bildirib.
“İnqilab Keşikçiləri sionist rejimə qarşı sona qədər mübarizə aparacaq. Biz İsrailə mübarizəni bu ölkənin regionun geosiyasi xəritəsindən silinənə qədər davam etdirəcəyik”, general deyib. Belə kəskin bəyanata baxmayaraq, general bildirib ki, münasibətlərin gərginləşməsi hər iki tərəf üçün arzu edilən deyil. Elə İsrail də əlavə gərginlikdən qaçmağa çalışır.
Elbəyi Həsənli, musavat.com