Almaniyanın Leypsiq şəhərində anti-islam hərəkatı mitinqləri və ona etiraz nümayişləri keçirilib.
Axar.az xəbər verir ki, Leypsiqdə “Pegida” adlandırılan anti-islam hərəkatının etiraz aksiyalarında 15 min nəfər iştirak edib. Halbuki aksiyanın təşkilatçısı Yorq Hoyer (Jorg Hoyer) bir gün öncə nümayişlərdə 60 min nəfərin iştirak edəcəyinin gözlənildiyini bildirmişdi. Polisin məlumatına görə, etiraz aksiyası insidentsiz ötüşməyib. Bir neçə nəfər, o cümlədən də jurnalistlər xəsarət alıb.
Anti-islam həkatına qarşı çıxanların mitinqi isə 20 min iştirakçı toplayıb. Xəsarət alanlar haqqında məlumat yoxdur.
Mitinq keçirilən rayonlarda 4 mindən çox polis əməkdaşı təhlükəsizliyin təmin edilməsi üçün səfərbər olunub. Bu isə Berlin divarlarının yıxıldığı vaxtdan bəri ictimai tədbirlərə cəlb edilən polislərin rekord say həddidir.
Qeyd edək ki, son vaxtlar Almaniyada anti-islam “Pegida” hərəkatı güclənib, əsas şüarları isə belədir: “Patriot avropalılar Qərbin islamlaşmasına qarşıdırlar”.