Maxenasiyalar selində boğulan "Azercell"

23-01-2015, 01:15   
Maxenasiyalar selində boğulan "Azercell"

Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxenasiyaları var

Bu gün Azərbaycanın mobil rabitə bazarında olan mövcud qiymətlər və keyfiyyət göstəriciləri bir-biri ilə tam ziddiyyət təşkil edir. Demək olar ki, abonentlərə dünyada ən yüksək qiymətlərlə xidmətlər təklif edən mobil operatorların öz müştərilərinə addım başı "atdıqları” heç kimdə şübhə doğurmur. Müxtəlif vasitələrlə vətəndaşların cibinə girməyi bacaran operatorlar sonda bütün bunları "kompaniyalar” adı altında reklam etməyə də müvəffəq olurlar. İstər danışıq, istərsə də mobil internet xidmətlərinin aşağı səviyyəsi ciddi narazılıq doğurur.
Özünü ölkənin lider mobil rabitə provayderi hesab edən Azercell şirkəti isə sadaladığımız kriteriyalarda ümumiyyətlə heç bir sərhəd tanımır. Əl yandıran qiymətlərlər sahəsində həqiqətən də "lider” olan Azercell hər zaman öz abonentlərinə "sürprizlər” yaşatmağı bacarır. Şirkət müxtəlif tarif və kompaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1 manat və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır. Milyonlarla abonentinin olduğunu deyən "Azercell” şirkəti bu mesajları bütün abonentlərinə göndərir və onları aldadaraq külli miqdarda pul qazanır.
Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var. Şirkətin fırıldaqlarından biri də onun kontakt provayderi olan Sindibad şirkəti ilə bağlıdır. "Azercell” abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad”a qoşulmuşuz və bu pullar ona görə çıxılır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı ortaya çıxdı ki, "Azercell”in "feysbuk” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş verir. Bəs əslində nə baş verir? "Azercell” şirkətinə milyonlar qazandıran provayder şirkətlər öz xərclədikləri pulun müqabilində "Azercell” abonentlərinin xəbəri olmadan onları hansısa internet xidmətinə abunə edir...
"Azercell” istifadəçisi olan abunəçiləri narahat edən digər bir məqam isə danışıq intervalları ilə bağlıdır. Şikayətçilər bu mobil operatorun dələduzluq yolu ilə milyonlar qazandığını bildirirlər. Onların sözlərinə görə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla "Azercell” abunəçilərinin necə aldadıldığını görmək olar. Şikayətçilər bildirirlər ki, "Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. "Azercell”in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik — yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ölkədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir”. Qeyd edək ki, zaman-zaman Azərbaycandakı mobil operatorların dələduzluq yolu il müştərilərinin "cibinə girməsi” barədə məlumatlar yazılıb. Əlbəttə, yazılanlar real vəziyyətin çox cüzi hissəsini əhatə edir. Çünki onlar dələduzluq etməkdə çox püxtələşib. Bunları aşkarlamaq o qədər də asan deyil. Amma təəssüf hamının bildiyi – danışıq tariflərinin bahalığı, şirnikləşdirici SMS-lər, yalançı kampaniyalar və.s-lə bağlı hətta nazirlər səviyyəsində qaldırılan neqativ hallar belə çözülmür...
Azercell şirkətinin öz müştərilərinə qarşı apardığı bu talançılıq siyasətini ört-basdır etmək üçün xüsusi taktikası da mövcuddur. Təsadüfi deyil ki, cəmiyyətdə baş verən hər xırda çatışmazlığı işıqlandırmaqda fəallıq göstərən əksər mətbuat və elektron KİV-lər bu sahədə susmağa üstünlük verirlər. Görəsən bu xüsusi Azercell "sevgisinin” səbəbi nədədir? Bəlkə şirkət mətbuat nümayəndələrinə xüsusi endirimlər tətbiq edir? Əgər belə olsaydı, yenə də bu susqunluğa haqq qazandırmaq düzgün olmazdı. Çünki, özünü cəmiyyətin aynası adlandıran medyanın bu susqunluğu anlaşılan olmazdı. Ancaq bu məsələ ilə bağlı olduqca ilginc məqamlar üzə çıxıb. Əldə etdiyimiz məlumatlara əsasən, Azercell şirkəti bir çox medya qurumları ilə "diplomatik saziş” imzalamağa müvəffəq olub. Təbii ki, burada Femidanın iti gözlərini bağlamağa müvəffəq olan "əlahəzrət” səbəblər mövcuddur. Belə ki, Azercell-in təklif etdiyi müxtəlif danışıq balansları mətbuat nümüyəndlərinin "dilini-ağzını” bağlayıb. Necə deyərlər "Azercell-ə danış, Azercell-dən danışma” prinsipi işə salınıb.
Ancaq, bir neçə medya qurumunu ələ almaqla milyonlarla sadə vətəndaşın qəpik-qəpik haqqına girmək "liderlik” ənənələrinə uyğun deyil. Maraqlıdır ki, bu sahədə dəfələrlə gəlişi gözəl bəyanatlar səsləndirən əksər dövlət təşkilatları da sonda heç bir əməli tədbir görməyiblər və yaxud görmək istəməyiblər. Bu da həmin tarif, həmin prinsipdən irəli gəlirmi görəsən?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.