Neft və şahzadələr ölkəsi - vəhhabi milyarderlərin hekayəsi... -

23-01-2015, 19:46   


Dünyanın ən əsrarəngiz monarxiyası, 5 min şahzadəsi olan Səudiyyə Krallığı haqda bildiklərimiz...
Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əl-Səud ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib. Kral 3 həftə əvvəl ər-Riyadda yerləşən Milli Qvardiya hospitalında müalicə alırdı. Səudiyyə krallıq divanı kral Abdullahın yanvarın 23-də ər-Riyad şəhərində dəfn olunacağını bəyan edib.

Dəfn mərasimində bir çox ölkələrin dövlət başçıları, o cümlədən Türkiyə prezidenti Ərdoğan da iştirak edəcək. Türkiyə prezidenti Afrika turunu yarımçıq saxlayaraq ər-Riyada gedib, bu səbəbdən də onun Somali səfəri müvəqqəti olaraq təxirə düşüb.

ABŞ prezidenti Barak Obama, Misir prezidenti Əbdülfəttah Sisi və digər dövlət və hökumət rəhbərləri kralın ölümü ilə bağlı başsağlığı mesajları veriblər. İordaniyada isə 40 günlük matəm elan olunub və İordaniya kralı Davosdakı proqramını yarımçıq qoyaraq ər-Riyada gedib.



Artıq Səudiyyə səltənətinin yeni, 7-ci kralının adı məlumdur. Kral Abdullahın qardaşı Salman ibn Əbdüləziz əl-Səud Səudiyyə taxtının yeni hakimi, rəsmi titulda qeyd olunduğu kimi “İki müqəddəs şəhərin xadimi” elan olunub. Qeyd edək ki, Səudiyyə krallarının rəsmi titulu iki müqəddəs şəhərin (Məkkə və Mədinə) xadimidir. Yeni kral Salman bin Əbdüləziz 31 dekabr 1935-ci ildə ər-Riyada anadan olub. Atası ölkənin birinci kralı Abdullah bin Əbdüləziz, anası isə Həssa əl-Sudairidir. Kral Əbdüləzizin 25 oğlundan biri olub. 48 il ər-Riyad əyalətinin valisi olub. Son illərdə isə Səudiyyə Ərəbistanı müdafiə naziri vəzifəsini tutub.

Qeyd edək ki, dünyasını dəyişən kral Abdullah 2005-ci il avqustun 1-dən, qardaşı Fəhd bin Əbdüləzizin ölümündən sonra taxta çıxıb. Yeri gəlmişkən, hazırkı kral Salman da daxil olmaqla 7 Səudiyyə kralından 6-sı dövlətin qurucusu və ilk kralı olmuş Əbdüləziz əs-Səudun oğullarıdır. Abdullah bin Əbdüləziz 1924-cü il avqustun 1-də Riyad əyalətində dünyaya gəlib. Kral Abdullah daha əvvəl Məkkənin bələdiyyə başçısı, daha sonra isə Səudiyyə Ərəbistanı Milli Qvardiyasının komandiri təyin olunub. Məhz bu post dövlətdə əsas güc mərkəzi hesab olunur və dövlətin əsas silahlı gücünə rəhbərlik edən şəxsin hakimiyyətin müəyyən edilməsində böyük rolu olur. Maraqlıdır ki, hazırda Milli Qvardiyanın komandiri kral Abdullahın oğlu şahzadə Mataab bin Abdullahdır.

Neft və şahzadələr ölkəsi - vəhhabi milyarderlərin hekayəsi... -


Səudiyyə krallığı

Səudiyyə Ərəbistanı ərəb yarımadasının böyük bir hissəsində yerləşən, 2 milyon 149 min kv.km əraziyə sahib böyük bir ölkədir. Ancaq ölkənin ərazisinin yalnız bir faizi kənd təsərrüfatına yararlıdır, 39 faizi isə heyvandarlıq üçün uyğundur. Yerdə qalan 60 faiz ərazi səhra və quru dağlardan ibarətdir. Bu səbəbdən də ölkədə milli gəlirin yalnız 6 faizi kənd təsərrüfatı və heyvandarlığın payına düşür. Yerdə qalan əsas gəlir mənbəyi isə neft və qazdır. Krallıq gündəlik 10 milyon barrel neft ixracına görə dünya birincisidir. Eyni zamanda ildə 33 milyard kubmetr qaz ixrac edir. Səudiyyə dövlətinin daha böyük gəlir mənbələrindən biri də dini ziyarətgahlardır. Hər il yalnız Həcc ziyarəti zamanı ölkəyə 3-4 milyon arası ziyarətçi gəlir. İl ərzində isə Ümrə ziyarətində milyonlarla zəvvar ölkəyə gəlir. Səudiyyə Ərəbistanı hazırda 13 vilayətdən ibarətdir.


Tarixi

16-cı əsrdən Osmanlı Sultanlığının ərazisinə daxil olan Ərəbistan yarımadasının mərkəzində 18-ci əsrin əvvəllərində sonradan qurucusunun adı ilə Vəhhabilik adlandırılan təməlçilik cərəyanı meydana çıxdı. Hənbəli alimi olan atasının görüşlərinin əksinə olaraq Məhəmməd ibn Əbdülvəhhab sünni və şiəliyin ilkin İslamdan uzaqlaşdığını və dinə ötən əsrlər ərzində xeyli “şirk” qarışdırıldığını iddia edərək mövcud dini məzhəblərə zidd olan yeni fikirlərini ortaya atır. Onun fikirləri ailəsində, eləcə də ərəb cəmiyyətində dəstək qazanmasa da, (qardaşı ona rəddiyə yazır) ideyalarının hakim Osmanlı ideologiyasını rədd edən, Osmanlı xəlifəliyini qəbul eləmədiyi üçün siyasi anlam qazanması ilə bir sıra dairələrin diqqətini çəkir. 1744-ci ildə Dəriyyə qəsəbəsindəki qəbilələrdən birinin başçısı Məhəmməd ibn Səudla Əbdülvəhhab arasında anlaşma əldə olunur və hərəkat bununla da genişlənərək siyasi anlam qazanır. Tezliklə ərəb qəbilələri Osmanlı xanədanını qəbul etməyən yeni cərəyanla birləşirlər. 1746-cı ildə Osmanlıya qarşı cihad elan olunur və ilk toqquşmalar başlayır. İlk vaxtlarda Osmanlı dövləti bir neçə qəbilənin baş qaldırmasını ciddi qəbul etmirlər.

Ancaq ərəblərin ayaqlanması genişlənir və 1800-ci ilin əvvəllərində Kərbəlaya yürüş edən vəhhabilər şəhəri ələ keçirərək yandırır və qarət edirlər. 1803-cü ildə isə üsyançılar Məkkə şəhərini ələ keçirir. Yalnız bundan sonra narahat olan Osmanlı Misir valisi Mehmed Əli Paşaya Ərəbistandakı qiyamçıları cəzalandırmağı tapşırır. Mehmed Paşanın oğlu Tosun paşanın komandanlığı altındakı Osmanlı ordusu 1812-13-cü illərdə Məkkə, Mədinə və Taif şəhərlərini vəhhabi işğallarından azad edir.



1814-cü ildə Əbdüləziz Səud öldükdən sonra qüvvələri dağılır. 1818-ci ildə yenə Mehmed Əli paşanın göndərdiyi Kavalalı İbrahim paşanın rəhbərlik etdiyi ordular Dəriyyə şəhərini ələ keçirərək şəhərin qazısı, Məhəmməd ibn Əbdülvəhhabın oğlu Süleymanı edam etdirir. Onun digər qardaşı Əli is Həcc ziyarətində ələ keçirilərək öldürülür. İbrahim paşa Əbdüləziz ibn Səudun oğlu Abdullahı və oğlanlarını ələ keçirərək, İstanbula yollayır.

17 dekabr 1819-cu ildə Abdullah və oğulları İstanbulda edam edilir.
Ancaq bu hadisələr yeni cərəyanın qarşısını almır və 1821-ci ildə Turki ibn Abdullah ər-Riyadda hakimiyyətini elan edir və 1843-cü ildən Osmanlı hakimiyyətini qəbul edir. 1891-ci ildə İkinci Əbdüləziz yenidən müstəqilliyini elan edir və bölgədə fəallaşan Britaniya hökuməti ilə əməkdaşlığa başlayır. 1915-ci il dekabrın 26-da Birinci Dünya Müharibəsinin gedişində İkinci Əbdüləzizlə Britaniya hökuməti arasında anlaşma imzalanır. Anlaşmaya əsasən ingilislər Əbdüləzizin ələ keçirdiyi torpaqlardakı hakimiyyətini qəbul edirdilər və onun hakimiyyətinin özündən sonra varislərinə keçəcəyini qəbul edirdilər.



Birinci Dünya Müharibəsinin başa çatması və Osmanlının dağılması ilə Səud hakimiyyəti 1921-ci ildə Hail, Taif, Məkkə, Mədinə və Ciddə şəhərlərini də ələ kçeirir. 1924-cü il dekabrın 5-də Əbdüləziz əl Səud Nəcd və Hicaz kralı elan edilir. 1927-ci il mayın 27-də imzalanan müqaviləyə əsasən Nəcd və Hicaz Krallığı müstəqil dövlət olaraq tanınır. Qeyd edək ki, Birinci Dünya Savaşından sonra Ərəbistan əraziləri Böyük Britaniya mandatlığı altına düşüb. 1932-ci ildə isə dövlətin adı “Səudiyyə Ərəbistanı Krallığı” olaraq elan edilir və Britaniya tərəfindən müstəqil dövlət olaraq tanınır.

Səudiyyə Krallığının 1932-ci ildən bu günə qədər 7 kralı olub. Dövlətin qurucusu Əbdüləziz əl-Səud (1876–1953) 1953-cü il 9-da ölümünə qədər vəzifədə qalır. Ondan sonra yerinə oğlu Səud bin Əbdüləziz (1902–1969) taxta çıxır. Ancaq 1964-cü il noyabrın 2-də baş vermiş hərbi çevriliş nəticəsində Səud ibn Əbdüləziz vəzifəsindən məhrum edilir. Növbəti kral isə qardaşı Fəysal ibn Əbdüləziz (1906–1975) olur. Faysal ibn Əbdüləziz 1975-ci il martın 25-də qardaşı oğlu Faysal ibn Musad tərəfindən sui-qəsdə uğrayaraq öldürülür. Ölkənin 4-cü kralı Xalid ibn Əbdüləziz (1913–1982) olur. 1982-ci il iyunun 13-də Xalid ibn Əbdüləzizin ölümü ilə onu taxtda qardaşı Fəhd bin Əbdüləziz (1921–2005) əvəz edir. 2005-ci ildə isə Xalid ibn Əbdüləzizin ölümü ilə taxta sayca 6-cı kral Abdullah ibn Əbdüləziz (1924–2015) gəlir. Və nəhayət, 2015-ci il yanvarın 23-də kral Əbdüləzizin 80 yaşlı oğlu şahzadə Salman ibn Əbdüləziz ölkənin sayca 7-ci kralı seçilir.


Şahzadələr ölkəsi

Yeri gəlmişkən Səudiyyə kralları çoxuşaqlı ailə başçıları kimi məşhurdular. Krallığın qurucusu Əbdüləziz Səud 41 qadınla ailə qurub və bu qadınlarda 36 oğlu və 27 qızı olub. Bu günə qədərki 6 kral onun oğlanlarıdır. Onun oğlanlarının, yəni sonrakı kralların da çoxlu sayda övladları olub. Məsələn, ikinci kral Səud ibn Əbdüələzizin 54 oğlu və 57 qızı olub. Dünyasını dəyişən kral Abdullahın isə 33 övladı var.

Krallığın bu günə qədər 15 min şahzadəsinin olduğu bildirilir. Onlardan bir çoxu həyatda yoxdur. Hazırda krallıqda 5 min şahzadənin olduğu haqda məlumatlar var. Şahzadələrin özlərinin böyük sərvətə mail olmaları ilə yanaşı, Krallıq büdcəsindən hər il şahzadələrin təminatı üçün 2 milyard dollar vəsait ayrılır. Bəzi iddialara görə, kral Abdullah bu vəsaiti artıq dayandırmışdı. Bundan başqa Səudiyyə kralları dünyanın ən varlı insanları sayılırlar.

Dünyasını dəyişən Abdullah bin Əbdüləzizin 20 milyardlıq sərvətinin olduğu haqda məlumatlar dolaşır. Qərb mediasının yazdığına görə isə Qərb banklarında, xüsusən də ABŞ-da Səudiyyə Ərəbistanına məxsus 2 trilyon vəsait var.


Yaxın Şərqin oyunçusu

Belə bir fikir var ki, 1744-cü ildə Məhəmməd ibn Əbdülvəhhabla Səud ailəsi arasında əldə olunan anlaşmaya görə, ölkənin siyasi hakimiyyəti səudlara, dini hakimiyyət isə Əbdülvəhhab ailəsinə məxsus olacaq. Ölkə əhalisinin böyük əksəriyyəti əhli-sünnə məzhəbinə daxildir. Hənbəli məzhəbi rəsmi məzhəbdir. Ancaq eyni zamanda ölkə əhalisinin 20 faizini şiələr təşkil edir. Şiələr əsasən Mədinə şəhərində və şərq əyalətində məskunlaşıb. Bu ilin yayında Kral ilk dəfə şiə məzhəbinə mənsub şəxsi parlament naziri vəzifəsinə təyin edib.

Doğrudur, hazırda Səudiyyədə kralın qeyri-məhdud hakimiyyəti var, ancaq eyni zamanda dini hakimiyyət vəhhabi müftilərin əlindədir və onlar üzərində kralın təsiri olsa da, bir çox hallarda siyasi hakimiyyətlə dini liderlər arasında anlaşılmazlıqla olur. Lakin bütün bunlarla yanaşı Səudiyyə Krallığı bütün dünyada vəhhabilik və ya sələfilik adlandırılan dini fəaliyyətin əsas dəstəkçisidir. Radikal vəhhabilərlə Krallıq arasında zaman-zaman fikir ayrılığı yaranır və bir çox hallarda hakimiyyətin mövqeyi ilə fərqlənir. Lakin buna baxmayaraq rəsmi ideologiya toxunulmaz olaraq qalır. Eyni zamanda krallar zaman-zaman müsəlman aləminə dini açılımlar həyata keçirərək fərqli məzhəblər arasında anlaşmanın əldə olunması istiqamətində addımlar atır.

Səudiyyə Ərəbistanı krallığı ötən əsrin 30-cu illərdən başlayaraq ABŞ-la yaxın müttəfiq münasibətlərinə sahibdir və ölkə neftinin istehsalında Amerika kompaniyaları yaxından iştirak edir. Eyni zamanda, siyasi olaraq Krallıq Yaxın Şərqdə ABŞ-ın ən böyük müttəfiqlərindən biridir. Məsələn, 1991-ci ildə Krallıq İraqa qarşı müharibədə açıq şəkildə Amerikanın yanında yer alıb.



Eyni zamanda bölgədə böyük təsir gücünə malik olan Səudiyyə Krallığı Misir mərkəzli “Müsəlman Qardaşları” cərəyanı və İranın rəhbərlik etdiyi şiə hərəkatına qarşı sələfi-vəhhabi ağırlıqlı siyasətin aparıcı qüvvəsidir. Sələfi (vəhhabi) ideologiyası üzərindən Yaxın şərqdə mənəvi-siyasi gücünü yayan krallıq zəngin neft gəlirləri səbəbindən hazırda əsas güc mərkəzlərindən birinə çevrilib. Misirdə baş verən hərbi çevriliş, Liviyada hazırda davam edən vətəndaş müharibəsində, eləcə də Yəməndə davam edən daxili böhranda əsas tərəf güc olaraq Səudiyyə Krallığı dayanır.

Hazırda Yaxın Şərqdə yerli oyunçular Türkiyə və Qətərin liderlik etdiyi “ixvan”, İranın şiə cərəyanı və Səudiyyənin sələfi cərəyanıdır. Maraqlıdır ki, Suriya, Bəhreyn, İraq böhranları zamanı Səudiyyə -“ixvan” cərəyanı müttəfiq kimi çıxış etsə də, Misir, eləcə də Liviya və Yəməndə qarşı-qarşıya gələn tərəflərə çevriliblər. Bu isə Yaxın şərqdə gedən mürəkkəb siyasi proseslərin üzə çıxan şəklidir.

Səudiyyə Krallığı sərt bir monarxiya rejimidir. Kral qanunverici və məhkəmə hakimiyyətlərinə də nəzarət edir. Qadınlara yalnız bu illərdə seçim hüququ verilib. Bundan başqa ölkədə parlament olmayıb, 1993-cü ildən 60 nəfərlik Kral yanında məsləhət Şurası formalaşdırılıb. Yalınz İki il əvəl 2013-cü ildə qadınların da daxil olduğu məclis seçilib.

Kənan Rövşənoğlu /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.