Ticarət mərkəzlərinin administratoru Bəhruz Həsənov: “Yazılanların heç bir həqiqəti əks etdirmir, buranın Əli Nağıyevlə bağlılığı yoxdu”
“Yeni Müsavat”ın ötən sayında 8-ci kilometr bazarının yaxınlığında yerləşən “Diqlas” və “Lotos” ticarət mərkəzlərində baş verənlərdən yazılmışdı. Sözügedən ticarət mərkəzlərində alverlə məşğul olan işçilərin redaksiyaya verdikləri xəbərdə bildirilirdi ki, general Əli Nağıyevə məxsus “Diqlas” və “Lotos”da ticarətçilərə hansısa xarici ölkədən gətirilmiş köhnə mallar verilir ki, satsınlar. Amma bu mallar o qədər köhnədir ki, alan olmur, nəticədə ticarətçilər ziyana düşür. Redaksiyaya verilən məlumatda bildirilirdi ki, “Diqlas” və “Lotos”un administratoru Bəhruz Həsənov ticarətçilərdən həmin mallara görə 250-300 manat pul alır. Satıcılar buna etiraz etdikdə isə qovulacaqları ilə hədələnirlər.
Bundan əlavə, yer pulunu gecikdirən və verə bilməyən satıcıların mallarının zorla əllərindən alındığı da yayılan xəbərlər arasındadır. Biz də bu xəbərlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün “Diqlas” və “Lotos” ticarət mərkəzlərinə baş çəkib həm ittihamlarda adı hallanan Bəhruz Həsənovun, həm də satıcıların fikrini öyrəndik.
Əvvəllər metronun “Xalqlar dostluğu” stansiyasında işlədiyini deyən və adının çəkilməsini istəməyən ayaqqabı satıcısı metroda ticarətin bərpa ediləcəyini eşidib çox sevindiyini və öz yerinə qayıdacağını bildirdi: “Balaca bir yerə görə 300 manat pul ödəyirəm. Heç aya 300 manat qazana bilmirəm. Demək olar ki, ziyana işləyirəm. Burada çalışanların çoxu yer pulunu verə bilmədiyi üçün getdi. Metronun açılacağını eşidib çox sevindik. Demək olar ki, hamımız çıxıb gedəcəyik. Metroda alverim bundan yaxşı idi. Bura gələndən sonra metroda qazanıb kənara qoyduğum pulları da xərcləmişəm. Nə edim, ziyana da olsa işləməyə məcburam. Evə gündəlik 1-2 manat çörək pulu aparmalıyam”.
Paltar satıcısı xanım isə ticarət mərkəzi və Bəhruz Həsənov haqda yazılanların doğru olmadığını bildirdi: “Mən əvvəl “Qara Qarayev” metrosunda işləmişəm. Mən də metroda ticarət bərpa edilən kimi gedəcəyəm. Burada yer haqqı çoxdur. Çünki qazanmıram. Bəlkə də qazancım olsa, mənə çox gəlməz. Metroda yer haqqı bundan da çox idi. Amma o pulu artıqlaması ilə çıxardırdım. Köhnə paltarları bizə verib satdırmağa gəlincə isə belə bir şey olmayıb. Şəxsən mənə belə bir təklif gəlməyib, ya da eşitməmişəm”.
Digər satıcı Yaşar Əmirov isə hər şeydən razı olduğunu və bu günə kimi heç bir sərt münasibət görmədiyini dedi: “Metro açılsa mən getməyəcəyəm. Çünki alverim burada daha yaxşıdı. Yazılanların və deyilənlərin hamısı yalandı. Biz Bəhruz müəllimdən çox razıyıq. Bizə həmişə güzəştə gedir. Ona görə də axıra qədər burada qalıb işləməyi düşünürəm”.
İttihamlarda adı hallanan Bəhruz Həsənov da yazılanların heç bir həqiqəti əks etdirmədiyini bildirdi: “Yazılıb ki, guya biz satışa köhnə paltarlar veririk və sairə. Bunların heç biri həqiqəti əks etdirmir. Metroda ticarət obyektləri yığışdırıldıqdan sonra biz oranın satıcılarını yanımıza gətirib yerlə təmin etdik. Onlardan ilk 3 ay icarə haqqı da almadıq. Bizdə -1-ci mərtəbə var. O mərtəbəni “Lotos”da ticarət mərkəzi etdik və verdik metrodan gələnlərə. İndi bu söhbətlər çıxıb. Bundan əlavə, məmurlarla adımızı bağlayırlar. Bunların hamısı yalandır. Buranın sahibkarı Araz Rəhimov ad-soyadlı iş adamıdır. Həmin şəxs sahibkar, biznesmendir. Bizdə icarə haqları bir günə yığılmır. 10-15 gün vaxt verilir. Bizdə qiymətlər digər ticarət mərkəzlərindən iki dəfə ucuzdur. Alverimiz də yaxşı gedir. Bəzi yerlərin boşalmasına gəlincə bu, sezonla bağlıdır. Bəzən dolur-boşalır. Bura tikilib ki, pul qazanılsın. Mən 200-300 manata görə icarəçimi çıxartmaram. Bu, məntiqə sığmayan bir şeydir. Sabah onun yerinin boş qalması bizə ziyandır. Qəzetdə yazılıb ki, guya burada general Əli Nağıyevin qohumlarının dükanları var. Hamısı yalandır. Buradakı bütün yerlər sahibkarın - yəni Araz Rəhimovundur. Heç kəsin şəxsi dükanı yoxdur. İcarə haqqı isə mərtəbəyə və yerə görə hesablanır. Satıcı ilə kobud rəftar etməyim haqda yazılanlar da yalandır. 10-15 il əvvəl Bakıda bir-iki ticarət mərkəzi vardı. Satıcılarla necə davranmalarından asılı olmayaraq onlar məcbur olub işləyirdilər. Amma indi elə deyil, rəqabət var. Elə təkcə Qara Qarayev prospektində saysaq bəlkə 20 ticarət mərkəzi var. Hansı satıcı ilə kobud davransam, gedib başqa ticarət mərkəzində işləyək, bu da mənə sərf etməyəcək”.