Qərb qadınlarını İŞİD-ə aparan ilginc yol

27-01-2015, 09:38   
Qərb qadınlarını İŞİD-ə aparan ilginc yol

Avropalı ekspertlər dəhşət içində - qadınları saxlamaq olmur...
Ölkə və dünya mediası demək olar ki, hər gün İŞİD-ə qoşulan qadınlar barədə xəbərlər yayır. Hər birinin bu addımla bağlı fərqli arqumenti və həyat hekayəsi var. “Yeni Müsavat” bu sayından etibarən sizi o qadınların hekayəsi ilə tanış edəcək.

ABŞ-ın Denver şəhərciyi... Səhər saat 5 radələri... 3 gənc qız - birinin 15, digərinin 16, üçüncüsünün 17 yaşı var. Üçü də eyni gündə dərsə gəlmir, məktəbə isə xəstələnmələri barədə xəbər göndərirlər. Valideynlərindən ümumi olaraq 2 min dollar oğurlayır, şəxsiyyətlərini təsdiqləyən sənədləri götürür və aeroporta yola düşürlər. Onları uzun bir yol gözləyir - Kolorado ştatından Almaniyaya, ordan Türkiyəyə, ordan da Suriyaya. Məqsədləri İŞİD-ə qoşulub, terrorçulara yardım etməkdir. Amma bu üçlüyü FBR-in Almaniyadakı nümayəndələri yaxaladığı üçün məqsədlərinə çata bilmirlər.

Statistika isə göstərir ki, təkcə Almaniyadan İŞİD-ə qoşulmaq üçün gedən 378 “şəhid xanım”ın böyük əksəriyyətini miqrant ailələrin qızları təşkil edir. 54 qız İslamı qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-ə qoşulan qızların cəmi 12 faizi “radikallaşmadan” öncə iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da əksəriyyəti qeyri-leqal bizneslə məşğul imişlər. Böyük əksəriyyəti təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımçıq saxlayıb. Almaniya xüsusi xidmət orqanlarının araşdırması göstərir ki, ölkədən cihada qoşulmaq üçün gedənlərin 11 faizi qızlardır.



Qızların 60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq və ya narkotik alverinə görə həbs ediliblər. İŞİD-ə qoşulan qadınları əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar. “Bir çox gənc alman Almaniya vətəndaşı olmasına baxmayaraq, bu ölkədə özünü marginal, cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç bir perspektiv görmür, özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı, qəzet və televiziyalar demək olar ki, hər gün İŞİD-in uğurları barədə yazır. Ona görə də İŞİD-ə qoşulan qadınlar ”cihada qoşulsam, uğur qazanaram, bütün dünya mənim haqqımda danışar" deyə düşünürlər" - bunu da almaniyalı psixoloqlar bildiriblər.
Ekspertlər isə hesab edirlər ki, cihada yardım etmək adı ilə İŞİD-ə qoşulanlar bir qayda olaraq sonradan qıfıl altında qalır və ancaq ordakı hərbçi kişilərə qulluq edirlər. İŞİD-çilər qadınları, gənc qızları ora cəlb etmək üçün internet, xüsusən də sosial şəbəkələrin gücündən istifadə edirlər. Cəlbedici reklam rolikləri, yüksək keyfiyyətli videolar, kompüter oyunları bu məqsədlə hazırlanır, sosial şəbəkələrə buraxılır.

Andre Taubert “Kitab” adlı yardım təşkilatında çalışır. Onun dediyinə görə, valideynlər onlara müraciət edərək, övladlarının cihada qoşulmasının qarşısını almağa çalışırlar. Müraciət edənlərin böyük əksəriyyəti qız valideynləridir. Taubert bildirib ki, əsasən qız valideynləri onların bu məqsədindən daha tez duyuq düşürlər. Çünki onların hicab bağlaması, islami qadın geyimlərindən istifadə etməsi özünü göstərir ki, bu da valideynlərin gözündən qaçmır: “Bəzi qızlar var ki, onları şəhidin dul arvadı olmaq perspektivi cəlb edir. Çünki xəlifədə bu, ən uca simvollardan biri sayılır və özlüyündə cənnətə düşməyi vəd edir”.



Bundan başqa, bir çox qərbli qadın düşünür ki, müsəlman ərlər ən yaxşıdırlar. Onların fikrincə, onlar mübarizə aparmaqdan qorxmurlar. Taubert bir çox ailələrlə, İŞİD-ə qoşulan qızların hekayəsini düşünəndən sonra bu nəticəyə gəlib: “İslam radikallığını dəstəkləyən qızlar bir qayda olaraq ailə zorakılığını yaşamış şəxslərdir. Onlar şəhid-döyüşçünün qadına barmağı ilə toxunmayacağı fikrinə inanırlar və bu, onlara güvən hissi verir. Amma bununla yanaşı, döyüşçülərlə bağlı istənilən xəbər, öldürülən, qul kimi satılan qadınların yaşadıqlarını həmin xanımlar ”qərb təbliğatı" hesab edirlər».

Yəni cihadın qadın üzvləri seçdikləri kişilərin nəyə qadir olduğunun fərqində olurlar. Amma onlar düşünürlər ki, zorakılığa ancaq o qadınlar məruz qalır ki, onlar bunu “haqq edirlər” - “xəyanətkarlar”, yezidlər, kürdlər, bir sözlə, qadın cinsinin düşmənləri. Bunun əslində necə olduğunu isə bir qayda olaraq demək mümkün deyil. Çünki sözügedən əraziyə düşən, döyüşçü-islamçılar tərəfindən idarə olunan qadınlar geri qayıtmırlar.

Sevinc TELMANQIZI h/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.