"Onu mənim nişamlım kimi təqdim etməyin"
Vüqar Əliyevin xanımı "Azadlıq"a ilginc faktlar açıqladı
"Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur. Vüqar xahiş edir ki, mətbuat bu qadını onun nişanlısı kimi təqdim edtməsin. Vüqarın öz ailəsi var və o, öz ailəsinə cavabdehdir". Bu sözləri "Azadlıq"az Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadliqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynur Əliyeva deyib.
Xatırladaq ki, Aslan Aslanovun oğlunun qətlinə görə Vüqar Əliyevlə yanaşı həmin vaxt onun nişanlısı olmuş Lamiyə Quliyeva da həbs edilib. Lamiyə Quliyeva 10 il azadlıqdan məhrum edilmişdi. Lakin cəzasınının bitməsinə az qalmış onun barəsində yeni cinayət işi başlanıb və "işinin" üstünə daha 5 il əlavə edilib. Son günlər Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətirməklə gündəmə gəlib.
Aslan Aslanovun oğlunun qətlinin ilə bağlı ilginc faktlar
Vüqar Əliyevin xanımı Aynur Əliyeva bildirir ki, əri bu qadının üzündən ömürlük azadlıqdan məhrum olunub, ailəsi faciələr yaşayıb: "Vüqarın bu işdə heç bir günahı yoxdur. Aslan Aslanovun oğlunu Lamiyə qətlə yetirib. Çünki həmin oğlan Lamiyənin 12 yaşı olarkən ona təcavüz edib. Sonradan Lamiyənin bir müddət onunla münasibəti olub. Vüqar Lamiyə ilə nişanlanarkən bunları bilməyib. Sonradan ona bütün bunları deyiblər. Vüqar da Lamiyədən deyilənlərin həqiqət olub-olmadığını soruşub. Lamiyə deyilənləri təsdiq edib. Vüqar Aslan Aslanovun oğlundan da bu barədə soruşub. Lakin o deyib ki, Lamiyə anam-bacım olsun, mən ona heç nə etməmişəm. Aslan Aslanovun oğlu Lamiyə ilə üzləşə biləcəyini də deyib. Üzləşmə vaxtı Lamiyə üzərindəki bıçaqla oğlanı öldürüb. Vüqarın günahı yalnız bundan ibarətdir ki, həmin vaxt Lamiyənin yanında olub. Onu da qeyd edim ki, həmin vaxt Lamiyə Aslan Aslanovun oğlundan hamilə imiş. Qarnında 4 aylıq körpəsi olub. Həmin uşağı Aslan Aslanov götüzdürüb. O istəmirdi ki, oğlunun bu əməlləri üzə çıxsın. Ona görə də uşağı götüzdürüb və bütün hadisəni Vüqarın üstünə yıxıb".
Aslan Aslanov Vüqar Əliyevi öldürtmək istəyib
Aynur Əliyeva deyir ki, hələ istintaq vaxtı Vüqarla Lamiyənin nişanın pozulub: "2011-ci ildə də Vüqar mənimlə ailə həyatı qurub. Amma buna baxmayaraq yenə də Lamiyəni Vüqarın nişanlısı kimi təqdim edirlər. Bu da Vüqara pis təsir edir. Ona görə də Vüqar xahiş edir ki, bu məsələlərdə onun adını hallandırmasınlar. Çünki bu namus məsələsidir. Vüqar öz ailəsinin namusuna cavabdehdir".
Aynur Əliyeva Aslan Aslanovun Vüqara həbsxanada etdiklərindən də danışıb: "Aslan Aslanov həbsxanada Vüqarı öldürtdürmək istəyib. Vüqarı zəhərləyiblər, amma xoşbəxtlikdən ölməyib. Hər dəfə görüşdən çıxandan sonra Vüqarı "kars"a salıblar. Ona işgəncə veriblər. Bütün bunlar keçmiş rəisin vaxtında olub".
Bunlar hamısı Aslanovun əməlləridir
“Mən Vüqarın vəkiliyəm, son illərdə onun hüquqlarını müdafiə edirəm. Bununla əlaqədar həmin işdən yaxşı xəbərdaram. Təsəvvür edin ki, Vüqarın şikayətinə uzun illər Ali Məhkəmədə baxılmasına imkan verilmirdi”. Bu sözləri isə Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev "Facebook" səhifəsində yazıb. Vəkil daha sonra bildirib ki, məqsədli şəkildə Vüqar Əliyevin şikayəti Ali Məhkəməyə göndərilməyib: “Sübut edə bildik ki, Vüqarın şikayətini 6 il müddətində həbsxana rəhbərliyi qəsdən Ali Məhkəməyə göndərməmişdir. Mən Ali Məhkəmənin Plenumu vasitəsilə müddətin bərpasına nail oldum. Ancaq şikayətə formal baxıldı, səbəbi də aydındır. İş indi Avropa Məhkəməsindədir.
Hesab edirəm ki, Vüqarın təqsirsizliyi şübhəsizdir. Tutulanda ciddi işgəncələrə məruz qalıb, bütün dişlərini sındırmışdılar. Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır. Bütün bunlara baxmayaraq, Vüqarı məhkum etdilər. Onun atası da 4 il yatdı. Bunlar hamısı Aslanovun əməlləridir”.
Lamiyə yaxın qohumlarından yalnız anası ilə görüşüb
Baş verənlər barədə Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev də danışıb.
Fəxrəddin Mehdiyev “Qafqazinfo”ya açıqlamasında Lamiyə Quliyevanın bəraət aldığı cinayət işi haqda məlumat verib: “Lamiyə Quliyevanın ilk məhkumluğu adam öldürməyə görə olub. O zaman onun 15 yaşı olmadığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssisəsində olarkən ona Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə cinayət işi açılıb. Həmin maddə cəzaçəkmə müəssisəsində rejim qaydalarının pozulmasıdır. Bu maddə ilə o 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonra ona yenidən CM-in 182-ci maddə ilə, hədə-qorxu ilə tələb etmə iddiası ilə cinayət işi açıldı. İstintaq yekunlaşandan sonra iş Xətai rayon məhkəməsinə göndərildi. O zaman mən onun vəkili kimi işə qoşuldum. Xətai məhkəməsi qərar verdi ki, ittiham əsassızdır və bəraət verildi. Cinayət işinə də xitam verildi. Sonra prokurorluq protest verdi. Bakı Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin qərarını ləğv etdi. Yenidən ona 6 il 6 ay cəza verildi. Biz kassasiya şikayəti verdik, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və bəraət hökümünü qüvvədə saxladı”.
Vəkil Lamiyə Quliyevanın həbsxanada hamilə qalması haqda müzakirələrlə bağlı onunla görüşdükdən sonra məlumat verə biləcəyini deyib: “Lamiyə və anası mənə müraciət etdi. Mən onunla görüşməyə cəhd etdim. Lakin 2015-ci il üçün mən yenidən Pentensiar Xidmətə müraciət etməliyəm. Yaxın günlərdə müraciət edib görüşəcəyəm. Onun özü ilə danışandan sonra sizə konkret açıqlama verə bilərəm. Lamiyə hamilə olandan sonra Pentensiar Xidmətin Təhqiqat Şöbəsi araşdırma aparırdı. Mən də prosesdə iştirak etdim. Birmənalı olaraq deyə bilərəm ki, ona qarşı hər hansı zorakılıq olmayıb. Detallar barədə isə Lamiyənin özü ilə görüşəndən sonra nəsə deyə bilərəm. Sonuncu dəfə təxminən 2 ay əvvəl Lamiyə ilə görüşmüşəm. Mənim bildiyim qədər o yaxın qohumlarından yalnız anası ilə görüşüb. Başqa kiminləsə görüşməsi barədə mən heç nə deyə bilmərəm”.
Lamiyə Quliyeva baş verənlər barədə nə deyir?
Bu arada Ombudsman Aparatının Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində araşdırma aparıb.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.
Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. Lamiyə Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.
Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə, Lamiyə Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.
Qeyd olunub ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.
Aslan Aslanov isə bu məsələlər barədə danışmaq istəməyib. «Mən heç bir suala cavab verməyəcəm. Çox sağ olun ki, məni yada salmısız, mənim də mövqeyimi öyrənmək istəmisiz. Amma bağışlayın, mən danışmayacam»,- deyə o, aznews.az-a deyib.