Moskvada Məhəmməd peyğəmbərin doğum günü qeyd edilib
Din Yanvar ayında Parisdə “Charlie Hebdo” jurnalında İslam peyğəmbərinə qarşı yayımlanan çirkin karikaturalar bütün dünyada müsəlmanların etirazı ilə qarşılandı. 30 milyona yaxın müsəlmanın yaşadığı şimal qonşumuz Rusiyada isə fransız jurnalının provokasiyasına gözəl bir cavab verilib. Məhəmməd peyğəbərin (s.ə.s) doğum gününü bu il daha böyük coşquyla qeyd edən müsəlmanlar onun müqəddəs saçını da ilk dəfə Moskvaya gətiriblər.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, peyğəmbərimizin doğum günü münasibətilə Moskvadakı Müslüm Maqomayev adına konsert salonunda bu il 10-cu dəfə keçirilən “Mövlud ən-Nəbi” proqramında aralarında Rusiyanın hökumət təmsilçilərinin də olduğu 7 minə yaxın insan iştirak edib. İştirakçıların milliyəti fərqli olsa da, onları birləşdirən tək şey İslam peyğəmbərinə olan dərin sevgi və hörmət hissləri olub.
Peyğəmbərlərin həyatına dair hekayələrin anlatıldığı proqrama məşhur ərəb müğənnisi Maher Zain də öz ilahiləriylə ayrı bir rəng qatıb. Kiçik bir qızın peyğəmbərimizin həyatını anlatan şeiri ifa etməsi isə hamını duyğulandırıb.
Daha sonra ilk dəfə Dağıstandan Moskvaya gətirilən peyğəmbərimizə aid mübarək saç da səhnədə nümayiş edilib.
“Bugünkü tədbirdə peyğəmbərimizə yönəldilən sevgi tərənnümləri, deyilən sözlər Fransada karikatura kimi iyrənç hadisənin təsirini demək olar ki, yox səviyyəsinə düşürdü, onları sildi. Məsələ burasındadır ki, peyğəmbərimiz həyatdaykən də ona belə təhqirlər edilirdi. O isə səbr edirdi. Bu gün biz də bu təhqirlərə peyğəmbərimizə sevgimizi və bağlılığımızı bildirərək cavab verdik” – deyə Rusiya müftisinin köməkçisi Nafiqulla Aşirov bildirib.
Rusiya patriarxı Kiril də Fransanın “Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbərdən (s.ə.s) sonra xristianların üç tanrı inancını ələ salan karikaturları da dərc etməsinə münasibət bildirib. O terrorizmə pisləməklə birlikdə peyğəmbəri, xristiyanların inancını təhqir edənləri qınadıqlarını deyib.