Xuraman Hüseynzadə
Hər kəsin özü üçün yazdığı imperativ qanunlar var. Bu qanunlar onun savadlı, cəmiyyətə və ailəsinə xeyirli insan kimi formalaşmasını müəyyənləşdirir. “İkinci mən” dediyimiz absurd varlıq elə bu qanunların hesabatını verdiyin adamdı. O, sənə səni göstərir...
“Son günlər ölkədə cinayət hadisələrinin çoxalması...” ilə bağlı xəbərlərə hər zaman rast gəlmək olur. Bu “son günlər” isə bitmək bilmir ki, bilmir.
29 yaşlı əmim oğlunu qətlə yetirənlər ömürlərinin bundan sonrakı 14-15 ilini həbsxanada keçirməli olacaq. Özü də ən gözəl illərini. Gənclik çağlarını. Halbuki bu illər ərzində təhsil alıb özlərinə karyera qura bilərdilər. Hökm oxunanda rəngləri ağarıb, halları pərişan olub. Görünür, cəzasız qalacaqlarını və ya 2-3 il həbsdə yatacaqlarını düşünürmüşlər. Kiminsə həyatına bıçaq saplayanda bunu düşünməliydilər...
Düşünməliydilər ki, mənasız bir mübahisə üstündə kimisə qətlə yetirmək və həbsdə yatmaq olarmı? Düşünə bilmədilər. Çünki düşünə bilmək üçün beyin, ağıl lazımdı. Bunlar yoxdusa, qələbə cəhalətindi...
Lamiyənin uşağının atasının kimliyi haqda suala cavab axtaranlar yalnız bu xəbərdən sonra mövzunu “yenilədilər”: “Ər arvadının başını kəsib küçəyə atdı”...
Bu iki daşın arasında hansısa yazıçımız beynəlxalq miqyaslı ödül almış olsaydı, gündəm bu cür məşğul olmayacaqdı...
Daha necə dəhşətli xəbər olmalıdı ki, Lamiyənin uşaq doğmasını və qısqanclıq zəminində başı kəsilən qadının faciəsini arxa plana keçirsin?!
Xəbərlərin dəhşət dozası gün-gündən artır.
Adamlar get-gedə daha da qəddarlaşır.
Adi ölüm xəbərlərini də qeyri-adi başlıqla oxumaq istəyirlər.
Tələbat, bu cür xəbərlərədi.
Bunun qarşısını almaq, tədbirlər görmək, psixoloji təbliğat maşınını işlətmək əvəzinə ya ölkənin çiçəklənməsindən danışırlar, ya da Avropaya inteqrasiyadan...
Günəşə çox baxmaq gözləri kor edər. Görə bilməzsən həqiqəti. Qaranlıqda da həqiqəti görmək mümkün deyil. Diqqətlə baxmaq və görmək lazımdı ölkəni, insanları, axıdılan qanları, qandallanan qolları...