İranın Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan İsrailin Suriyanın Kuneytra şəhərindəki Hizbullah patrul avtomobilini vurduğuna görə ABŞ üzərindən İsraili xəbərdar etdiklərini açıqlayıb.
Axar.az İRNA-ya istinadən bildirir ki, hücum nəticəsində həlak olan iranlı general Məhəmməd Əli Allahdadi və Hizbullah üzvlərinin anma mərasimində danışan Abdullahiyan İsrailin qırmızı xətti keçdiyini bildirib:
“İsrailin hücumundan sonra diplomatik kanallar vasitəsilə ABŞ-a mesaj göndərdik. Bu mesajda sionistlərin İranın qırmızı xəttlərini aşdığını bildirdik. Amerikalılara sionist rejim səlahiyyətlilərinin bu hücumun nəticəsini gözləmələrinin lazım olduğunu söylədik”.
Xatırladaq ki, yanvarın 18-də İsrailin Suriya-İsrail sərhədindəki Kuneytra şəhərində patrul xidməti aparan Hizbullah karvanına təşkil etdiyi hücum nəticəsində İran İnqilab Keşikçiləri komandirlərindən general Məhəmməd Əli Allahdadi, Hizbullahın yüksək səviyyəli komandirlərindən Məhəmməd İsa və keçmiş Hizbullah komandirlərindən İmad Muğniyənin oğlu Cihad Muğniyə həlak olub.