Gədəbəy cəbhəsinə xain hücumun pərdəarxası

28-01-2015, 10:09   
Gədəbəy cəbhəsinə xain hücumun pərdəarxası

Düşmən Azərbaycana qarşı təxribat taktikasını dəyişir ; Son vaxtlar Qarabağdakı təmas xəttində ciddi itkilər verən ermənilər başqa istiqamətlərdə təxribatlara əl atmaqdadır; ekspertlərə görə, bu, bir mesajdır ki, ordumuz nə vaxtsa torpaqlar uğrunda əməliyyata başlasa, işğalçı qüvvələr başqa istiqamətlərdə bizə problem yaradacaq...
Ermənistanda bu ölkənin hakimiyyəti və Rusiya əleyhinə etirazların gücləndiyi şəraitdə Azərbaycana qarşı diversiya-təxribat hərəkətlərinin artacağı barədə gözləntilərimiz təəssüf ki, özünü doğrultdu. Son günlər düşmən tərəf ciddi itkilər verməsinə baxmayaraq xain hücumlarını davam etdirməkdədir və təəssüflər olsun ki, bu hadisələr zamanı ordumuz da itkilər verib.

Özü də düşmən bütün cəbhə boyu azğınlığını davam etdirib. Belə ki, İcevandan Ağstafanın kəndləri, həmçinin Gədəbəydəki mövqelərimiz, Berd rayonundan Tovuzdakı yaşayış məntəqələrimiz, Tərtərin kəndləri, həmçinin Ağdam və Füzulinin işğal altındakı ərazilərindən mövqelərimiz atəşə tutulub. Azərbaycan ordusu yanvarın 24-də Goranboy cəbhəsində 3 şəhid verib, həmçinin yaralılarımız var. Düşmən həyasızcasına baş verənlərə görə Azərbaycanı günahlandırır.

“Ermənistan xarici işlər nazirinin 2014-cü ilin yekunlarına dair gecikmiş hesabatı çarəsiz şəkildə Ermənistanın uğursuz xarici siyasətinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”,- deyə, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev İrəvana cavabında deyib. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan “təxribat nəticəsində öldürülmüş erməni əsgərlərinin həyatına görə Azərbaycan ağır əvəz ödəyəcək”, - deyə Bakını hədələyib. H.Hacıyevin cavabında isə deyilir ki, “beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Cəbhədə artan gərginliyin səbəbləri barədə rusiyalı ekspertlərin də maraqlı fikirləri var. “Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük”. Bu fikri politoloq Vitali Arkov söyləmişdi. O, Qarabağda yeni müharibənin baş verməsi ehtimalını yüksək dəyərləndirmiş, II Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını demişdi.
Azərbaycanlı hərbi və siyasi ekspertlərin isə cəbhədəki mövcud duruma, xüsusən Tovuz-Gədəbəy zonasından aktivliyin daha çox müşahidə olunmasına, düşmənin bu istiqamətlərdən həmlələrinin artmasına diqqətçəkən baxışları var.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Gədəbəydə şəhid verməyimiz ondan xəbər verir ki, Ermənistanla savaşa yalnız Qarabağda deyil, bütün sərhəd boyu hazır olmalıyıq: “Görünür, qarşı tərəf Qarabağ istiqamətində bizə gücü çatmadığından digər istiqamətlərdə uyğun hədəflər axtarır. Başqa yandan, bu bizə mesajdır ki, əgər Azərbaycan ordusu nə vaxtsa Qarabağ istiqamətində əməliyyata başlasa, Ermənistan ordusu bizə başqa istiqamətlərdə problem yaradacaq. Önəmli olan bu mesaja necə cavab verəcəyimizdir. Müdafiə naziri Zakir Həsənov həlak olan hər əsgər və zabitimizin intiqamını düşməndən onqat alacağını açıqlamışdı. Bu hesabla 2015-ci ildə hələ çox belə toqquşmanın şahidi olacağıq. Bir tərəf vuracaq, digər tərəf balans pozulmasın deyə, əks-hücumla itkilərin sayını bərabərləşdirməyə çalışacaq. Yalnız Bakıda Avropa Oyunları zaman toqquşmalara ara veriləcək, atəşkəsə riayət ediləcək. Ermənistan da həmin günlərdə atəşkəsi pozmaqda maraqlı olmayacaq, çünki həmin günlərdə idmançıları Bakıda olacaq”.

E.Şahinoğlu XİN başçılarının planlaşdırılan növbəti görüşündən nəticə gözləmədiyini bildirdi: “Atəşkəsin pozulub-pozulmamasına onlar cavabdeh olmadıqlarına görə danışıqların sürətləndirilib-sürətləndirilməməsi məsələsinə də nazirlər cavabdeh deyillər. Bu görüş, sadəcə, danışıqların davam etməsi görüntüsü yaradır ki, beynəlxalq aləm vəziyyətdən çox da narahat olmasın”.



Hərbi ekspert Üzeyir Cəfərova görə, Ermənistanda baş verən hər hansı ciddi hadisə dərhal özünü cəbhə bölgəsində göstərir: “Əgər indiyə kimi İrəvanda və ətrafdakı əyalətlərdə baş verən hadisələrin xronologiyasına baxsaq, bu tendensiyanı açıq görmək mümkündür. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının əsgəri V.Permiyakovun 7 nəfərdən ibarət bir erməni ailəsini xüsusi amansızlıqla qətlə yetirməsi və daxildə baş verən ciddi narazılıqları bir qədər səngitmək üçün cinayətkar Sərkisyan və Ohanyan cütlüyü, dərhal gərginlik mərkəzini cəbhə bölgəsinə yönəldirlər. Əlbəttə ki, bu addımda bizim şimal qonşularımızın da dəsti-xətti görünür. Ona görə də cəbhə xəttindəki son günlər artan gərginliyin səbəblərindən biri və bəlkə də birincisi bu amildir desəm, yanılmaram”.

Ü.Cəfərov qeyd etdi ki, Rusiyanın Ukraynada həyata keçirdiyi qanunsuzluqları da əlavə etsək, qarşımıza çox mürəkkəb və rəngarəng bir mənzərə çıxar: “Ona görə də bu tip hadisələr baş verəndə biz cəbhə xəttində, xüsusən də Ermənistanla sərhəddə sayıqlığı birə-beş artırmalıyıq. Aydın məsələdir ki, belə olan halda itkilərin olması da mümkündür və yuxarı komandanlıq çalışmalıdır ki, şəxsi heyət son dərəcə diqqətli və hazırlıqlı olsun”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc xatırlatdı ki, faktiki olaraq atəşkəs dövründə əsasən Qarabağ cəbhəsində çox dinamik, intensiv, lokal toqquşmaların şahidi olmuşuq: “Ondan kənarda istər Tovuz, Qazax istiqamətindən, istərsə də Naxçıvandan belə genişmiqyaslı əməliyyatların, toqquşmaların şahidi deyildik. Bu, təkcə ona görə belə olmayıb ki, erməni tərəfi əsas təxribatları Qarabağda törədə biləcəyini yəqin edib və gücünü ora daşıyıb. Məsələnin məğzi həm də ondan ibarət idi ki, heç şübhəsiz, ordan kənarda bu toqquşmaların səbəbini xarici aləmə izah etmək qeyri-mümkün olacaqdı. Qarabağda torpaq, guya hansısa tarixə şəriklik məsələsini qoyub nələrisə iddia etmək mümkündür. Amma Gədəbəy, yaxud Tovuz və Qazaxda bu yöndə məsələləri siyasi yöndən arqumentləşdirmək erməni hərbi və dövlət rəhbərliyinə heç zaman müyəssər olmayıb. Odur ki, bu cinahda nisbi sakitlik hökm sürüb”.

Z.Orucun fikrincə, son dövrlərdəki vəziyyəti isə əvvəlkindən ciddi şəkildə ayırmalıyıq: “Gerçəklik ondan ibarətdir ki, 2014-cü ildə Qarabağ cəbhəsində itkilər hətta Seyran Ohanyan səviyyəsində də etiraf olunub. Adətən bu quzğunlar və Qarabağ savaşını həyata keçirənlər, təcavüzkarlıqda bilavasitə iştirak edənlər normal reallığı tanımaqdan uzaq, daha fərqli bir leksikonu tirajlayan adamlar idi. Amma 2014-cü ildə ermənilər qeyd etdiyimiz cəbhədə hər hansı nisbi uğur da qazana bilmədi, onlar üçün çox ağır oldu və 2015-ci ilə revanş götürmək kimi bir mesajla adladılar. Amma son hadisələr onu sübuta yetirdi ki, həqiqətən də güc nisbəti qeyri-bərabərdir. Azərbaycan özünün Silahlı Qüvvələrindəki məlum dəyişikliklərdən sonra daha toparlanmış, səfərbər olunmuş və yeni taktikalarla səngərə daxil olub. İndi ordu birləşmələrimizin qarşısında yeni vəzifələr var. Silahlı Qüvvələrin rəhbərliyi səviyyəsində qərargah planları əvvəlki dövrdən xeyli fərqlənir.



Bunu ermənilərin və yaxud onların kəşfiyyat məlumatları da müəyyən bir səviyyədə əldə edib. Onlar görürlər ki, həqiqətən də Azərbaycan qarşı tərəfi var-yoxdan çıxarmaq, iqtisadi cəhətdən çökdürmək, həmçinin bu itkilərin Ermənistanda nəticə verməsinə apelyasiya edir, daha çox ona işləyir. Həmin Sərkisyan rejimi ondan narahatdır ki, Qarabağdakı döyüşlər onun hakimiyyətinin iflası və bütövlükdə istefaya getməsi ilə sonuclana bilər. Odur ki, Gədəbəy cəbhəsindən zərbə vururlar. Mənim aləmimdə bu, o demək idi ki, Azərbaycan qüvvələri parçalasın, taktiki cəhətdən hədəfdən yayınsın, imkanlarını daha geniş məkana paylamaqla ermənilərin növbəti zərbəni haradan vura biləcəyini yəqin edə bilməsin. Belə demək mümkündürsə, onlar manevr edirlər, manipulyasiyadadır və işarə edirlər ki, cəbhə xətti geniş bir məkandadır”.

Z.Oruc daha təhlükəli təxribatların olmasını da istisna etmir: “Yəqin ki, bundan sonra hər hansı terror planları da meydana çıxa bilər. Məhdud qrupların diversiyası Azərbaycanın içərilərinə irəliləmək və orada zərbə vurmaqla geri dönmək yolunu seçə bilərlər. Çünki genişmiqyaslı toqquşmalar onlara fayda vermir. Azərbaycan göstərir ki, artıq hədəf vertolyot, tank, top və zabitlərdir. Yəni bəlkə də əsgərlər o qədər önəmli deyil, Azərbaycanın hədəfində deyil”.

Deputat qeyd etdi ki, cəbhədəki gərgin vəziyyətlə bağlı Milli Məclisin 2 fevral iclasında fikirlərini bölüşəcək: “Parlamentdə bu məsələlərlə bağlı dinləmələr qərarı hər zaman müxtəlif reaksiyalar doğurub. Bir çoxları bunu müharibəyə çağırış, ikincilər ordunun parlament qarşısında hesabat verməsi kimi dəyərləndirib. Ona görə də indiyədək səsləndirilən təkliflərdən müəyyən mənada daşınırıq”.

Z.Oruc mətbuatı erməni mənbələrinə istinad etməməyə də çağırdı: “2014-cü ilin avqust olaylarında cəbhə xəttindən sonra yaranmış durumda media ilə Müdafiə Nazirliyi eyni mövqedən çıxış edirdisə, son günlərdə biz bunun şahidi olmuruq. Yəni yenidən erməni təxribatının təsirləri mediada hiss olunmaqdadır. Bəzən yoxlanılmamış informasiyalar cəmiyyətə ötürülür ki, bu da nəticədə cəmiyyətdə anlaşılmazlığa yol açır. Yadımızda saxlamalıyıq ki, cəbhə xətti bu gün təkcə Ağdam, Füzuli, Goranboydan və digər ərazilərdən keçmir, eyni zamanda mətbuatdan da keçir. Necə ki, səngərdə əsgər dirəniş göstərirsə, burada da media nümayəndələri nəzərə almalıdır və hər hansı yanlışlığa yol verməməlidir”.


Elşad PAŞASOY /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar