Lamiyəni zorlayanın adı – Leviafan

28-01-2015, 10:25   
Lamiyəni zorlayanın adı – Leviafan

Şahvələd Çobanoğlu

Həbsxanada zorlandıqdan sonra ana olan Lamiyənin əhvalatı indi dillərdə dastandır. Ilk gündən bu hadisəyə məlun “uşağın atası kimdir?” marağı ilə diqqət kəsilənlər də sonradan öyrəndilər ki, dastanın əvvəli var və əvvəli indikindən heç də maraqsız deyil. “Uşağın atası kimdir” sualı bir tərəfdən Azərbaycanın “ədliyyə sistemi”ni yenidən sorğulamağa başladı, digər tərəfdən də Lamiyənin gözəl olmayan taleyini. Taleyinin gözəl olmamasına baxmayaraq, Lamiyə özü çox gözəldir, ancaq əmin olun ki, gözəlliyi onun taleyinin bəd gətirməsində sadəcə vəsilə idi. Normalda gözəllik ona ağ atlı oğlan, sevgi, qayğı, gəlinlik, qumaş yataqda körpəsini əmizdirmək qismət etməli idi. Gerçəkdə də Lamiyənin gözəlliyi onun bədbəxtliyi üçün səbəb olmadı. Dağa-daşa düşüb, ötəri təəssürat və mülahizələrə qaçıb deməyin ki, gözəllik başa bəladır. Bəla başqa idi.

Niyə uzadaq?! Mən dərhal demək istəyirəm: səbəb onun yaşadığı Ölkəni harın, oğru, yalançı bir heyətin idarə etməsi, zora və şərə söykənən ədalətsiz bir idarəçiliyi ilə hər mənada əzməsidir. Bir az da konkret deyək - bu ölkəni talayan məmurlar, onların yaxınları, böyüyüb diş çıxaran balaları təkcə onun sərvətlərinə göz dikməyiblər ki?! Onlar gözəl Lamiyələri də iştaha edirlər. Eyş-işrət üçün onların xidmətində durmağa qədər bədbəxt edilmiş gözəllər bəs etmir, ödənişləri bunlara limonad pulu kimi görünən fahişələr də azlıq edir. Ciblərinin imkanı bunlara hər cür şərait yaratsa da, müxtəlif rənglərdən, müxtəlif etnoslardan, müxtəlif qitələrdən olan gözəlçələr bunları doydurmur. Ataları ölkənin zəngin sərvətləri ilə doymayıb yetim puluna da əl uzatdığı kimi, onlar da yetim gözələ - Lamiyəyə əl uzatdılar. Lamiyə də bıçağa əl uzatdı, oldu qatil. Lakin o, padşahlığın onların rayonundakı padşahının - Aslan Aslanovun oğlunun qatili olduğu üçün zorlanmamış qatil kimi düşdü həbsə.

Aslan tək deyil axı! Hamısı eynidir bunların. Və onların Əjdaha kimi bir dövləti var - güclü, pullu, hallı. Bu Əjdahanın nazirlikləri, polis bölmələri, məxfi idarələri, prokurorları, hakimləri, xidmətlərində olan min cür qulluq və yaltaq ordusu var. Yəni başı da, ayağı da, caynağı da çox olan bir Əjdahası var onların - Dövlət. Lamiyə də, nişanlısı da düşdü həmin Əjdahanın caynağına.

Bu xalq da həmin Əjdahanın caynağında deyilmi, əslində?


Bəli, bəzən siz zərif inamlara qapılırsınız və deyirsiniz: haqq yerini tapdı. Lamiyə, yaxud Ləyaqət qisasını aldı. O zaman bütün şəmkirlilərin dediyi kimi. Ilahi ədalət, karma, nə bilim nə... Aldatmayın özünüzü. Gördünüzmü Lamiyənin sonunu, gördünüzmü Əjdahanın yenə də onu didib-parçaladığını? Gördünüzmü Əjdahanın nələrə qadir olduğunu? O hələ də evlər sökür, talelər qırır, didir, parçalayır, həbsə atır, məhv edir, hətta hamıya qapalı olan bir yerə girib zorlayır və ata olur. O Əjdaha Ələddinin sehrli çırağı kimi bunların istədiyi an istədikləri yerdə peyda olur və bunların arzularını yerinə yetirir. Ən pis arzularını! Yəni bizim Dövlət hələ də Əjdaha olduqca ədalət heç cür yerini tapa bilməyəcək - sadəlövh olmayın.

Bəs uşağın atası - Leviafan kimdir? Axı əvvəlcə Müzəffər adı hallanırdı. Əslində Aslan adı da, Müzəffər adı da, ya başqa birisi də heç nə demir burada. Düzdür, mən olayı mücərrədləşdirmək istəmirəm, demirəm ki, qanunun necə pozulduğu ayırd edilməsin, konkret günahkarlar cəzasını almasın. Amma indiki gerçəklikdə mən olayı daha da konkretləşdirdim - kəsilməyən zorun sahibi olan Əjdahanı göstərdim. Leviafan da həmin əjdahanın adıdır. Bu günlərdə isə çox məşhur kəlmədir, çünki rus rejissoru Andrey Zvyagentsevin eyniadlı filmi ilə gündəmə gəlib və hər yerdə müzakirə edilir. Amma filmə baxmaqla o adı anlamaq çətindir, əksinə, adın mənasını bilməklə filmi anlamaq asanlaşır.

Rus sənətkar öz filmində xalqının Leviafanın əlində necə yazıq, bədbəxt günə düşdüyünü, necə əzablar çəkdiyini göstərir. Leviafan xristianlıqda - Əhdi-Əqiqdə çoxbaşlı pislik vəhşisidir (hər şeyi dağıdan əcinnə və şeytan kimi). Lakin filmdə, həyatda və artıq tarixdə onun mifik və dini mənası itib, çünki Leviafan adının yeni (siyasi) mənası var və bu, böyük və mütərəqqi fikir adamı Tomas Hobbsa (17-ci əsr) məxsusdur. Tomas Hobss “Leviafan” adlı əsərində ədalətsiz dövləti çoxbaşlı pislik əjdahası - Leviafan adlandırır və tənqid edir, belə dövlətin Lamiyələri, Lenaları, Luizaları (yaxud onların əks cinsdən olan soydaşlarını) necə bədbəxt etdiyini yazırdı. Əsər o zaman onun ölkəsində - Britaniyada qadağan olunmuşdu, tərcüməsi isə sonralar Rusiyada yandırılmışdı.

Laviafan - ədalətsiz və çağın şərtlərinə cavab verməyən dövlət deməkdir. Andrey Zvyagentsev də filmində Rusiyanın Leviafanın caynağında olduğunu göstərir. Bizdə belə bir film olmasa da, Lamiyənin olayı göstərdi ki, elə biz də Leviafanın parlaq dastanları çoxdur.

Və ən sonda diqqət edin!

Lamiyənin zorlanması bundan da dəhşətli bir faktı kölgədə qoydu. Cəza müddəti bitdikdə, yenə həbsdə qalsın deyə ona 5 il cəza veriblər. Nəyə görə? Həbsxana müdiri ilə mübahisə etdiyinə görə! Gördünüzmü nəyə görə! Bu qədər özbaşınalıq və vəhşilik olar? Belə məhkəmə, belə ədalət olar? Mübahisəyə görə 5 il iş olar?

Sadəcə, onun azadlığa çıxmasının qabağı alınmalı idi və Leviafanın bir başı və bir pullu əli dərhal orada peyda oldu, Lamiyənin azadlığa yolunu kəsdi!

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar