Ölkənin bir sıra regionlarında ətin qiymətində ucuzlaşma müşahidə edilir.
Axar.az xəbər verir ki, yay aylarında müşahidə edilən ucuzlaşma bu dəfə qış fəslinə təsadüf edib. Ucuzlaşma özünü yalnız mal və qoyun ətinin satışında göstərir. Əvvəllər bazarlarda 9-10 manata satılan qoyun əti indi 8 manata, mal əti isə 6 manata alıcılara təklif olunur.
Son iki ayda bölgələrdəki mal bazarlarında ətin ucuzlaşmasına səbəb kimi təklifin tələb balansını xeyli üstələdiyi göstərilsə də, burada bəzi başqa məqamlar da qiymətin aşağı düşməsinə təsir edir.
Son dönəmlərdə ölkə ərazisində yem bahalaşdığı üçün fermerlər artıq heyvan saxlamağın qazanclı olmadığını düşünür, və bu üzdən də kütləvi şəkildə öz mal-qarasını bazara çıxarırlar. Ucuzlaşma da buna görə yaranır. Satıcılar sahibkarların qış fəslindən istifadə edib daha çox qazanmaq məqsədi ilə satışı artırdığını bildirərək bunun əks nəticə verdiyini vurğulayır.
Bölgələrdə mal və qoyun ətinin qiyməti ucuzlaşsa da, hələlik paytaxtda və digər böyük şəhərlərdə bu hal müşahidə olunmur.
Mütəxəssislər bunu böyük şəhərlərdə tələbin təklifdən üstün olması ilə əlaqələndirirlər. Onların qənaətinə görə, regionlarda ətin ucuzlaşması prosesi uzun müddət davam edərsə, bunun böyük şəhərlərə də təsiri olacaq.