Rövnəq Abdullayevin yerinə iddialı “evlər kralı” – ŞOK FAKTLAR

28-01-2015, 14:29   
Vitse-prezidenti ARDNŞ-in əsas söz sahibinə çevirən amillər…
Rövnəq Abdullayevin yerinə iddialı “evlər kralı” – ŞOK FAKTLAR
Milyonlara sahib olan məmur bəzi yüksək nüfuzlu şəxslərin adından istifadə edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin Rövnəq Abdullayev tərəfindən deyil, məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib, onun sahibi olduğu geniş biznes şəbəkəsi haqda konkret faktlar ortalığa qoyulub. Amma ya zəlzələdən, ya da vəlvələdən ARDNŞ-də əsas söz sahibinə çevrilən, deyilənə görə, bir çox hallarda Rövnəq Abdullayevin belə tapşırıqlarına əhəmiyyət verməyən Mikayıl İsmayılova “gözün üstə qaşın var” deyən olmayıb.

ARDNŞ-in əsas söz sahibinə çevrilən məmuru hərbi xidmətdə olmayıb?

Məlumat üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Vitse-prezidentin “vikipediya”da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə olmadığı aydın olur.

“Neftçilərin imtiyazlarının ləğv olunmasının, əmək haqlarının azaldılmasının,

ixtisarların, çeşidli xoşagəlməz halların ideya müəllifi odur”

Məlum olduğu kimi, son vaxtlar Dövlət Neft Şirkətinin xeyli işçisi ixtisara düşüb. Və bu, ciddi müzakirə mövzusuna çevrilib. Bu məsələ həm də Dövlət Neft Şirkətində araşdırmalara yol açıb. Belə ki, ARDNŞ-ə Rövnəq Abdullayev rəhbərlik etsə də, gözəgörünməz bir kölgə şirkəti qarışdırmağa başlayıb. Yayılan söz-söhbətlərə görə, bütün qaranlıq məqamların arxasında Mikayıl İsmayılovun kölgəsi var: “Neftçilərin imtiyazlarının ləğv olunmasının, əmək haqlarının azaldılmasının, ixtisarların, çeşidli xoşagəlməz halların ideya müəllifi odur. Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin xarici siyasətinə daha çox vaxt ayırdığı üçün daxili idarəetməni məhz Mikayıl İsmayılova tapşırıb. O, da hətta Rövnəq Abdullayevə yaxın şəxsləri şirkətdən uzaqlaşdırmaqdan belə çəkinmir”. ARDNŞ rəhbərliyi tərəfindən ixtisara salınmış bəzi işçilər isə Mikayıl İsmayılova əməlli-başlı od püskürüblər. Məsələn, Dövlət Neft Şirkətinin İxtisaslandırılmış Xüsusi Texnika İdarəsində mexanik işləmiş Telman Hüseynov bir müddət əvvəl mətbuata üz tutaraq bildirib ki, şirkətin rəhbər vəzifəli şəxsləri işçilərin haqqını tapdalayır: “Ayda 180-186 saat işləyirik. Buna baxmayaraq, ayda cəmi 324 manat maaş alırdıq. Bayram, şənbə, bazar günlərinə, gecə saatlarına görə əməkhaqqı ödənilmirdi. Mən idarənin rəisi Şahbala Quliyevə müraciət etdim. O isə cavabında dedi ki, mənim sizə veriləcək artıq pulum yoxdur. 2001-ci ildən adıçəkilən idarədə müxtəlif vəzifələrdə çalışmışam. 2004-cü ildən idarədə 13-cü dərəcəli “Avtodəstə” rəisi vəzifəsinə təyin edildim. 2007-ci ildən isə məni çıxarıb aşağı vəzifəyə təyin etdilər. 2008-ci ildən idarənin yeni rəisi Şahbala Quliyev olub. O işçilərin əmək hüquqlarını pozaraq onlara işlədikləri saatın müqabilində çox az maaş verib. Mən onun bu hərəkətlərindən Neft Şirkətinin rəhbərliyinə və şəhər prokurorluğuna müraciət edəcəyimi bildirdim. Şahbala Quliyev mənə dedi ki, sən kimsən mənə nəsə edəsən? Mənim arxamda Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyev, ARDNŞ-in vitse-prezidenti Mikayıl Ismayılov və başqaları dayanır. 2007-ci ildən bəri idarədə müxtəlif təzyiqlərlə üzləşdim. Ona görə də 2010-cu ilin oktyabrında məcburiyyət qarşısında istefa verərək təqaüdə çıxdım. İdarədə il yarım ərzində mənə çatacaq 5 min manat əməkhaqqını Şahbala Quliyev mənimsəyib. Son nəticədə şikayət ərizələri araşdırılarkən işçinin hüquqları yox, Dövlət Neft Şirkətinin məmurlarının maraqları əsas götürülüb”.

Mikayıl İsmayılov “evlər kralı” imiş

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi “evlər kralı” olan məmurdan bəhs edib. Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Sirr deyil ki, bəzi məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Bəzi məmurların saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə vətəndaşlara satıb kapitallarını “yuyur” və həm də artırırlar. Ancaq indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə başlaması həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu da söyləyə bilərik. Bu baxımdan ölkədə peşəkar şəkildə kirayə biznesi ilə məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab etmək olar. Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə imkanları var. Ancaq sonradan məlum oldu ki, Sərdar Cəlaloğlunun “evlər kralı” adlandırdığı məmur Mikayıl İsmayılov imiş.

Vitse-prezident Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb

Başqa bir məlumata görə, Mikayıl İsmayılov həm də şirkətin maliyyə məsələlərinə nəzarət edən əsas şəxs hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı, şirkətdə özbaşına işlərin ən çox yayıldığı təchizat işi də vitse-prezidentin nəzarəti altındadır: “ARDNŞ-dəki bütün təchizat rəisləri Mikayıl İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, vitse-prezident son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir. Lakin onun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır. Deyilənlərə inansaq, Mikayıl İsmayılov bəzi qüvvələrin ARDNŞ-dəki əsas dayağıdır. Hətta bəzi mənbələrin iddiasına görə, həmin şəxslər Mikayıl İsmayılovu şirkətdə yüksək vəzifəyə gətirmək istəyirlər. Yəni vitse-prezident onu bu səviyyəyə gətirib çatdıran Rövnəq Abdullayevin kreslosuna göz dikib. Onun ARDNŞ-in vitse-prezidentinə qədər yüksələn karyerasında Rövnəq Abdullayevin xüsusi rolu olub. Mikayıl İsmayılov Rövnəq Abdullayev “Xəzərdənizneftqaztikinti” trestinin müdiri işləyərkən onun yaxın çevrəsinə daxil olub. Şirkət rəhbəri Bakı Neft Emalı Zavodunda direktor işləyəndə onu özünə müavin təyin edib. Nəhayət, Abdullayev ARDNŞ-in prezidenti postuna keçdikdən sonra onun vitse-prezident postuna təqdimatını ölkə rəhbərliyinə təqdim edib. Və Mikayıl İsmayılov bu vəzifəyə təyin edilib. Artıq ən yuxarı dairələrin nomenklaturasına daxil olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb. Məsələn, şirkət rəhbərinin uşaqlıq dostu və həmyerlisi, ARDNŞ Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev məhz Mikayıl İsmayılovun təkidi ilə işdən kənarlaşdırıldı. ARDNŞ şefi isə uşaqlıq dostunu müdafiə edə bilmədi. Zöhrab Quliyevin işdən kənarlaşdırılması qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra baş verdi. Həmin komissiyaya Mikayıl İsmayılov rəhbərlik edir. Onun rəhbərlik etdiyi xüsusi komissiyanın araşdırması zamanı Quliyevə qarşı kompromatlar toplandı və nəticədə əvvəlcə Kəmərlər İdarəsinin bir neçə rəis müavini, bir qədər sonra isə Zöhrab müəllimin özü işdən kənarlaşdırıldı”.

“Neftçi” MTK-nın vasitəsilə milyonlar göyə sovrulub

Araşdırma zamanı onu da öyrəndik ki, Mikayıl İsmayılovun adı 2013-cü ildə daha böyük qalmaqalda hallandırılıb. Belə ki, 2013-cü ilin fevralın 13-də “Neftçi” Mənzil-Tikinti Kooperativinin (MTK) icraçı direktoru Səfərli Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyev Aydın Süleyman oğlu “Neftçi” MTK-nın vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, adətən bu cür həbslərdə rüşvət alan şəxslər daha çox cəza alırlar. Rüşvət verən insanlar isə məsuliyyətdən kənarda qalırlar. Düzdür, hansısa şəxsdən kimlərsə rüşvət tələb edərsə və bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunarsa, o zaman rüşvət verən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Lakin qalan bütün hallarda rüşvət verən də rüşvət alan kimi eyni məsuliyyəti daşıyır. 250 min manatlıq rüşvət olayında adıçəkilən “Neftçi” MTK-nin fəaliyyəti barədə araşdırma apardıqda gördük ki, qurum Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişlərini yerinə yetirir. Şirkətin əsas fəaliyyəti istiqaməti ARDNŞ-də çalışan işçilərin mənzil təminatını yaxşılaşdırmaqdan ibarətdir. MTK şirkətin sifarişi ilə burda çalışan işçilər üçün müxtəlif yerlərdə mənzillər tikir. Əldə etdiyimiz məlumatlara görə, kooperativin icraçı direktoru Azər Səfərli ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılova yaxın adamdır. Elə bu yaxınlığa görədir ki, ARDNŞ-in tikinti işlərinin xeyli hissəsini “Neftçi” MTK layihələşdirir. Məlumata görə, kooperativin bu günə qədər tikdiyi mənzillərdə kifayət qədər maliyyə maxinasiyaları qeydə alınıb. Deyilənə görə, neft şirkətindən ayrılan pulların böyük qismi təyinatı üzrə xərclənməyib. Yaxın günlərdə Mikayıl İsmayılovun Ağsu aşırımındakı restoranları, istirahət mərkəzləri, Bakıdakı ticarət obyektləri, villaları, mənzilləri, “Modern Hospital”, “Baku Medical Plaza” və “offşor” şirkətlərdəki maliyyə hesabları barədə şok faktları açıqlayacağıq.

Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar