Qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində məhkum Lamiyə Quliyevanın ana olması günlərdir ki, medianın əsas mövzularındadır. Axar.az saytı yanvarın 17-də “Bakıda ərindən 9 il ayrı qalan məhkumun övladı oldu – Şok” başlığı altında məhkum qadının ana olduğu haqda xəbər yaydı.
Növbəti günlərdə Penitensiar Xidmət, Ombudsmanlığın Milli Preventiv Qrupunun üzvləri məsələni araşdırdıqlarını bəyan etdilər. Amma “uşağın atası kimdir” sualı bu günə qədər də cavabsızdır.
Ötən ilin oktyabrında məhkum qadının dünyaya gətirdiyi uşaq bir çox gizlinlərlə yanaşı, Lamiyə Quliyevanın üzləşdiyi amansızlıqları da üzə çıxardı…
“Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur”
“Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur. Vüqar xahiş edir ki, mətbuat bu qadını onun nişanlısı kimi təqdim edtməsin. Vüqarın öz ailəsi var və o, öz ailəsinə cavabdehdir”. Bu sözləri “Azadlıq”a Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək, ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynur Əliyeva deyib.
“Qarnında 4 aylıq körpəsi olub”
Vüqar Əliyevin xanımı Aynur Əliyeva bildirib ki, əri bu qadının üzündən ömürlük azadlıqdan məhrum olunub, ailəsi faciələr yaşayıb: “Vüqarın bu işdə heç bir günahı yoxdur. Aslan Aslanovun oğlunu Lamiyə qətlə yetirib. Çünki həmin oğlan Lamiyənin 12 yaşı olarkən ona təcavüz edib. Sonradan Lamiyənin bir müddət onunla münasibəti olub. Vüqar Lamiyə ilə nişanlanarkən bunları bilməyib. Sonradan ona bütün bunları deyiblər. Vüqar da Lamiyədən deyilənlərin həqiqət olub-olmadığını soruşub. Lamiyə deyilənləri təsdiq edib. Vüqar Aslan Aslanovun oğlundan da bu barədə soruşub. Lakin o, deyib ki, Lamiyə anam-bacım olsun, mən ona heç nə etməmişəm. Aslan Aslanovun oğlu Lamiyə ilə üzləşə biləcəyini də deyib. Üzləşmə vaxtı Lamiyə üzərindəki bıçaqla oğlanı öldürüb. Vüqarın günahı yalnız bundan ibarətdir ki, həmin vaxt Lamiyənin yanında olub. Onu da qeyd edim ki, həmin vaxt Lamiyə Aslan Aslanovun oğlundan hamilə imiş. Qarnında 4 aylıq körpəsi olub. Həmin uşağı Aslan Aslanov götüzdürüb. O, istəmirdi ki, oğlunun bu əməlləri üzə çıxsın. Ona görə də, uşağı götüzdürüb və bütün hadisəni Vüqarın üstünə yıxıb”.
“Aslan Aslanov Vüqar Əliyevi öldürtmək istəyib”
Aynur Əliyeva deyir ki, hələ istintaq vaxtı Vüqarla Lamiyənin nişanı pozulub: “2011-ci ildə də Vüqar mənimlə ailə həyatı qurub. Amma buna baxmayaraq, yenə də Lamiyəni Vüqarın nişanlısı kimi təqdim edirlər. Bu da Vüqara pis təsir edir. Ona görə də, Vüqar xahiş edir ki, bu məsələlərdə onun adını hallandırmasınlar. Çünki bu, namus məsələsidir. Vüqar öz ailəsinin namusuna cavabdehdir”.
Aynur Əliyeva Aslan Aslanovun Vüqara həbsxanada etdiklərindən də danışıb: “Aslan Aslanov həbsxanada Vüqarı öldürtdürmək istəyib. Vüqarı zəhərləyiblər, amma xoşbəxtlikdən ölməyib. Hər dəfə görüşdən çıxandan sonra Vüqarı “kars”a salıblar. Ona işgəncə veriblər. Bütün bunlar keçmiş rəisin vaxtında olub”.
“Lamiyə Quliyeva istintaq zamanı intim münasibətə təhrik edilib”
“Təzadlar” qəzeti isə L.Quliyevanın ibtidai istintaq zamanı Şəmkirdəki istintaq təcridxanasında olarkən Aslan Aslanovun tapşırığı ilə işi aparan müstəntiq tərəfindən intim münasibətə təhrik edilməsi haqda məlumat yayıb.
Həmin yazdan sitat: “…Bu yöndə daha bir araşdırmamız nəticəsində məlum oldu ki, L.Quliyeva Şəmkirdəki istintaq təcridxanasında olarkən Aslan Aslanovun tapşırığı ilə işi aparan müstəntiq tərəfindən intim münasibətə təhrik edilib…
Bu, əslində böyük bir rüsvayçılıqdır… Müstəntiq hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində işləyir. Hələlik bircə onu deyə bilərik ki, Lamiyə Quliyevanın 10 illik cəza müddəti 2013-cü ildə başa çatmalı idi. Lakin artıq hamıya məlum olduğu kimi, guya qaydalara tabe olmayıb, guya nəzarətçi ilə dalaşıb və bu səbəbdən L.Quliyevanın cəza müddəti CM-nın 317-ci maddəsinə görə (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) 5 il 6 ay artırılıb. Mənbə deyir: “…Təbii ki, bütün bunların arxasında Şəmkirin sabiq icra başçısı Aslan Aslanov dayanır… Onun məqsədi həm Lamiyə Quliyevanı, həm də onun nişanlısı Vüqar Əliyevi əzab verə-verə ödürməkdir. Bütün söylənilənlər və verilən məlumatlar da bunu təsdiq edir”.
Qəzet daha sonra yazır ki, Aslan Aslanovun cəza mexanizmi və təsir dairəsi Lamiyə Quliyevanın və nişanlısı Vüqar Əliyevin başı üzərindədir.
“Bəs A.Aslanov özünün hazırda heç bir vəzifəsi olmaya-olmaya bu insanlara işgəncəni, mənəvi əzabı necə verdirir” sualına yazıda belə bir cavab verilir: “Hər iki gəncin daim əzabda olması üçün A.Aslanov hazırda Daşkəsən rayon polis şöbəsinin rəisi işləyən qardaşı Elsevər Aslanovun və Ədliyyə Nazirliyində işləyən digər oğlu Turqay Aslanovun vasitəsi ilə xüsusi əməliyyatlar həyata keçirir. Yəqin ki, bu faktı çoxları bilmirdi ki, A.Aslanovun oğlu Ədliyyə Nazirliyinin məsul əməkdaşıdır… İndi özünüz təsəvvür edin, onun tabeliyində olan müəssisədə qardaşının qətlində günahkar bilinən şəxslər rahat məhkumluq həyatını yaşaya bilərlərmi? Yəqin ki, bu məsələ aidiyyəti qurumları ciddi maraqlandıracaq”.
Yazıda E.Aslanovun V.Əliyevə baş çəkməyə gedən qohumlarına “qurduğu əməliyyat”dan da söhbət açılır.
İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov qadının həbsxanada zorlandığını və məsələ ilə bağlı cinayət işinin başlanması üçün baş prokuror Zakir Qaralova müraciət etdiyini bildirmişdi. Hüquq müdafiəçisi “Bizimyol”a “Hələ ki, bir söz demək tezdir. İşin gedişatını gözləyək” – deyə bildirib.
Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü Sahib Məmmədov isə məsələnin şəxsi xarakter daşıdığını açıqlayıb: “Ona görə də bu məsələni bu qədər də şişirtmək lazım deyil. Ancaq əgər həmin şəxsin bu haqda şikayəti olarsa, o zaman müvafiq orqanlar da, ictimai sektor da bu işə müdaxilə edə, araşdıra bilərlər. İndiki halda xanım dünyaya övlad gətirib və bununla bağlı onun heç bir etirazı yoxdur. Ona görə də, bu məsələnin səbəblərini, uşağın atasının kim olmasını axtarmaq tamamilə yersiz bir məsələdir. O, atanın kim olmasını açıqlaya da bilər, yaxud uşağa öz atasının soyadını da verə bilər. Bu, ancaq onun şəxsi məsələsidir”.
S.Məmmədov məsələnin gündəmdə artıq bir neçə gün qalmasının səbəbini bunda maraqlı tərəfin olması ilə əlaqələndirib və deyib ki, məsələdə qanunazidd heç nə yoxdur: “Qanunazidd heç nə yoxdur. Əgər hər hansı bir formada könüllü akt olubsa, qanunazidd heç bir şey yoxdur, burada…”
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış isə qanunun hər bir halda məsələnin araşdırılmasını tələb etdiyini açıqlayıb: “Hörmətli Sahib Məmmədovun fikirləri ilə bağlı aşağıdakıları bildirirəm ki, zorlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (AR CM) 149-cu maddəsində nəzərdə tutulan cinayət əməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (AR PCM) 37.3-cü maddəsinə görə, zorlama cinayətləri ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər kateqoriyasına aiddir. AR-nın CPM-nin 207.2-ci maddəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasına görə, təqib olunan cinayətlər, yəni zorlama cinayətində əgər zərərçəkmiş şəxsin şikayəti yoxdursa, onda cinayət təqibi başlanılmır.
Amma həmin maddədə o da göstərilir ki, AR-nın CPM-nin 37.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olunmaqla… AR CPM-nin 37.5-ci maddəsində də ictimai-xüsusi ittiham qaydasında prokurorun cinayət təqibini başlamaq səlahiyyəti var. Yəni əgər törədilmiş cinayət dövlətin, cəmiyyətin mənafeyinə toxunursa, o zaman prokuror CPM-nin 37.5.1-ci maddəsinə görə, cinayət köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmişsə, ona qarşı hədə-qorxu nəticəsində törədilmişsə, yenə də CPM-nin 37.5.4-cü maddəsinə görə, prokuror cinayət işinə başlamalıdır”.
M.Baxış onu da qeyd etdi ki, L.Quliyeva zorlanma barəsində şikayətinin olub-olmamasından asılı olmayaraq, o, cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə və orada həmin müəssisənin rəhbərliyinin qarşısında köməksiz ola biləcəyini nəzərə alaraq, bu hadisənin cəmiyyətin marağında olduğuna, dövlətin mənafeyinə toxunduğuna görə prokuror bu fakt barəsində cinayət işinə başlamalıdır: “Bu cinayət cəmiyyətin marağındadır ki, necə baş verib? Necə ola bilər ki, o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirib?”
L.Quliyevanın saxlandığı müəssisənin eks-rəisi Müzəffər Məmmədov tərəfindən zorlanması xəbəri də mətbuatda dolaşırdı. M.Məmmədov bu xəbəri təkzib edərək “100 faiz əminliklə deyirəm ki, bu işin baş tutması “zon”da qeyri-mümkündür” söyləmişdi. Deməli, L.Quliyeva müəssisədən kənara çıxarılıb. Belə bir addımın atılmasına qadir olan şəxslər sırasında ilk yerdə yenə də Aslan Aslanovun adı hallanırdı. A.Aslanov isə susur.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi.
Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.
P.S. Yazıda adı hallanan hər kəsi, V.Əliyevin, L.Quliyevanın yaxınlarını, Aslan Aslanovu və digər şəxsləri dinləməyə, mövqelərini dərc etməyə hazırıq. Musavat.com