Sabiq prokuror müavini keçmiş naziri cinayətlərdə suçladı
Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli ilə keçmiş daxili işlər naziri İsgəndər Həmidov arasında qarşılıqlı ittihamlar barəsində məlumat vermişdik. Belə ki, M.Mütəllimli moderator.az saytında “Yad qardaşlar” adlı məqaləsində politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və o zamankı daxili işlər naziri İsgəndər Həmidovu nazirdən çox reketçilik etməkdə günahlandırmışdı. İsgəndər Həmidov isə M.Mütəllimlinin cavabını “Yeni Müsavat”da vermişdi. İsgəndər Həmidov sabiq prokuror müavinini deputat mandatı payı almaq istəyinə düşməkdə, torpaq sahələrini, obyektlərini, vaxtilə camaatın məhkəmədə əlindən aldığı dükanlarını, mülkləri saxlamaq üçün cəhd etməkdə, 4 iyun qiyamı ilə bağlı yaradılmış deputat-istintaq komissiyasının sədri kimi, Ə.Elçibəy hakimiyyətinin zərərinə iş aparmaqda suçlayıb.
Dünən isə Mətləb Mütəllimli “Yeni Müsavat”a açıqlama verərək İ.Həmidovun ittihamlarına sərt cavab verib: “Öncə qeyd edim ki, İsgəndər Həmidova geniş cavabımı “Sındırılmış adam” adlı məqalə yazaraq bildirmişəm. AzPolitika.info-da dərc edilib.
İsgəndər Həmidov deyir ki, mən Baş prokurorun birinci müavini olarkən, onun jurnalist Zərdüşt Əlizadəyə qarşı qanunsuz hərəkətinə görə tədbir görməmişəm və cinayət etmişəm. Guya onunla söhbətə tək gedib və məhkəmədə də əl verib ayrılıb. Birincisi, İsgəndər Həmidov Zərdüşt Əlizadənin üstünə tək getməmiş, qoçuları ilə ona hücum edərək, təhqir etmiş, maşının “bağaj”ına basmışdı. İkincisi, yaddaşı o qədər itib ki, törətdiyi əməllərin tarixini belə unudur. Mən, 1992-ci ildə, cəmi 4 ay vəzifədə olmuşam, o isə bu xuliqanlığı 1993-cü ilin aprel ayında törədib.
İsgəndər Həmidov özü də yaxşı bilir ki, bu onun nazir kimi fəaliyyətində birinci reketçiliyi, xuliqanlığın deyildi. Prezidentin fərmanı olmadan 370 məhbusu məhbəsdən açıb buraxmağı, “Subtropik əməliyyatı” adı ilə Astara rayonunda günahsız bir ailəni, o cümlədən azyaşlı uşağı və iranlı qonağı məhv etməyi, cənub regionunda imkanlı adamların siyahısını tutdurub, arvadlarının boyunbağısına, sırğasına qədər zorla aldırmağı, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-yə hücum çəkməyi, canlı yayıma müdaxilə etməyi, verilişdə iştirak edənləri təhqir etməyi, rəhbərlik etdiyi DİN-nin kollegiyasında da xuliqanlıq edərək nazirlik əməkdaşına butulka atmağı, Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 “Jiquli” markalı avtomaşınları qamarlayıb, kefi istəyən adamlara paylamağı, 2 dəfə qoçularını prokurorluğa, mənim üstümə göndərməyi saysız hesabsız özbaşınalıqlarının cüzi bir hissəsi deyilmi?
İsgəndər Həmidov deyir ki, mən o vəzifəyə “təsadüfən sahiblənmiş, yerində olmayan adam idim. Çoxları kimi İsgəndər də yaxşı bilirdi ki, mən o vəzifəyə göydən gəlməmişdim, milli-azadlıq hərəkatında hüquqşünas kimi xidmətlərimi, deputatlıq fəaliyyətimi nəzərə alan prezident məndən xəbərsiz belə bir qərar vermişdi. Mən Baş prokurorun birinci müavini təyin olunandan sonra, çox keçmədi ki, yüksək çinli komanda üzvlərindən müxtəlif təzyiqlər oldu, Ağ Binada – prezident aparatında oturan bəzi vəzifəli şəxslər öz istədikləri, lakin, layiq olmayan insanları prokuror təyin etdirməyə çalışırdılar. Mən isə birinci müavin kimi, qısa bir müddət Baş prokuroru əvəz edən şəxs kimi, buna razılıq vermirdim və bu da özünü çox gözlətmədi. Yeni Baş prokuror gələn kimi, himayədarlarının xeyir-duası ilə heç bir səbəb göstərilmədən vəzifədən uzaqlaşdırıldım. Bu, mənim vəzifədən çıxarılmağımın əsas səbəblərindən biri idi. Bundan başqa, İsgəndər və onun kimi “qanun mənəm” deyənlər məni həm də ona görə həzm edə bilmirdi ki, prezident seçkilərində cəmi iki rayonda-mənim təhkim edildiyim Astara rayonunda, bir də Mingəçevir rayonunda prezidentliyə namizəd Əbülfəz Elçibəy qalib gələ bilməmişdi. Bununla belə, sonradan cılız hisslərdən uzaq olan prezident özü də mənə qarşı edilən haqsızlığı etiraf etmişdi. Canlı şahidlər vardır ki, mərhum Əbülfəz Elçibəy dəfələrlə bir neçə nəfərlə söhbətlər zamanı bildirmişdir ki, “Biz o vaxt Mətləb bəyə qarşı böyük ədalətsizlik etmişik”.
M.Mütəllimli İ.Həmidovu məqaləsində tənqid etməyi hakimiyyətdən sifariş almadığını da bildirdi: “İndi hakimiyyət üçün o kimdir ki, hakimiyyət onu söydürmək istəsin? Heç kim, sındırılmış sıradan birisi! Bir də o heç özünə sual veribmi ki, bu hakimiyyətin indi onu şərləmək nəyinə lazımdır? O 9 il zindanda əzab verildikdən sonra heykəlin qabağında baş əydirilməklə dizə vurulub sındırılıb və bununla da məsələsi bitib. O, özü haqqında həmişə mif yaratmağı xoşlayıb. Onun haqqında yaranan mif çoxdan sabun köpüyü kimi partlamışdır və Bakatin məsələsi də, rüşvət almamaq nağılı da hamısı boş söhbətlərdir.
Mən isə yenə əvvəlki adamam: deputat olanda da, prokurorluqda qısa müddətdə işləyəndə də, indi də mövqeyimi dəyişməmişəm, haqq-ədalət, millətin xoş gələcəyi, günahsız zindanlara atılmış cəsur oğul və qızlarımızın azadlığı uğrunda bacardığım qədər mübarizə aparır, repressiyaların baş alıb getdiyi bir vaxtda siyasi məhbusların siyahısına imzamı atır, heç kimdən çəkinmədən sözümü deyirəm”.
İsgəndər Həmidov cavabla çıxış etmək istəsə, onun da mövqeyini dərc edəcəyik.
E.Mirseyid /musavat.com/