1-ci Avropa Yay Oyunlarına xain erməni təhdidi – şərh, təfərrüat

29-01-2015, 10:32   
1-ci Avropa Yay Oyunlarına xain erməni təhdidi – şərh, təfərrüat

Cəbhədəki son eskalasiyanın baiskarı barmaqla göstərildi; Bakının beynəlxalq tədbir ərəfəsində müharibədə maraqlı olmadığı şəksizdir; düşmən ölkənin üstəlik, “soyqırım”ın yubiley tədbirləri ilə Azərbaycan üçün önəmli beynəlxalq tədbiri poza biləciyi iddia edilir; mayda vəziyyət partlayış həddinə çata bilər...
Yeni il başlar-başlamaz Ermənistan-Azərbaycan münaqişə zonasında vəziyyət yenidən gərginləşib. Diqqət çəkən hər iki tərəfdən (ən çox da ermənilərdən) canlı itkilərin qəfil artması ilə bərabər, qarşıdurmada daha güclü və dağıdıcı silahlardan istifadə edilməyə başlanılması, habelə, bir sıra hallarda atəşkəs pozuntusunun cəbhənin indiyədək xeyli sakit olmuş hissələrində də özünü göstərməsidir.

Bu isə genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalını təzədən gündəmə gətirib. Eyni zamanda indiki mərhələdə yeni müharibənin ən çox kimin marağında olması sualı aktuallaşıb. Ona görə ki, Azərbaycan işğal altındakı torpaqlarını istənilən an hərb yolu ilə azad eləmək haqqını özündə saxlasa da (BMT-nin Qarabağa dair qətnamələri və nizamnaməsi də buna imkan verir), bir neçə mühüm səbəbdən Bakının Qarabağ azadlıq savaşına məhz indilərdə start verməsi inandırıcı görünmür.

Demək, ortada başqa bir qüvvənin təhrikçi və ya təxribatçı barmağı var. Hansı qüvvənin? Burdaca qeyd edək ki, artıq yerli təhlilçilərin dilindən bəzi maraqlı rəylər səslənib. Duruma ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyadan müstəqil ekspert baxışı da maraqlı hesab edilə bilər.

Məsələn, Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin direktor müavini, ekspert Andrey Petrov Sərkisyanın Azərbaycana ünvanlı hədələyici çıxışına (“Azərbaycan buna görə artıqlaması ilə cavab verəcək”) və münaqişə zonasında qarşıdurmanın kəskinləşməsinə daha geniş aspektdən baxmağı təklif edir (“Vestnik Kavkaza”): “Mənim nəzərimcə, hər iki tərəfin müntəzəm olaraq diversiyalar haqda bəyanatlar verdiyi durumda çox vacibdir ki, ümumi mənzərəyə baxılsın və belə bir suala cavab verilsin: bu gün Qarabağ uğrunda müharibənin donunun açılması kimə sərf edir? Müharibə Azərbaycana əl verirmi? 2015-ci ildə - yüz faiz yox. Çünki Bakıda keçiriləcək 1-ci Avropa Yay Oyunlarına yarım ildən də az vaxt qalıb. Rəsmi Bakı üçünsə bu oyunlar həyati vacib və nüfuzlu bir tədbirdir. Rusiya üçün ötən il Soçi Qış Oyunları hansı önəmdə idisə, Azərbaycandan ötrü də Avropa Yay Oyunları təxminən eyni əhəmiyyət kəsb edir. Müharibənin ”qaynar faza"ya qayıdışı, heç şübhəsiz, bu oyunların keçirilməsini pozacaq".



Analitikin fikrincə, bu və digər aspektlər belə qənaətə gəlməyə imkan verir ki, münaqişənin eskalasiyasının arxasında məhz Ermənistan dayanır: “Öncələr də vurğulamışdım ki, Ermənistan rəhbərliyi ölkə daxilində onun nüfuzunu laxladan hər hansı siyasi hadisə zamanı bu münaqişədən vətəndaşların birliyi və loyallığını təmin eləmək aləti kimi yararlanır. Bu barədə son zamanlar tez-tez və açıq danışılır. Ancaq digər versiyalar da yox deyil”.



Söhbət nədən gedir? Təhlilçiyə görə, Ermənistan faktiki surətdə “sülhü uduzub”: “Yəni bütün iqtisadi və sosial göstəricilər üzrə inkişafda Azərbaycandan geridə qalıb. Odur ki, rəsmi İrəvana heç olmasa ”sülh cəbhəsi"ndə hansısa qələbə lazımdır. Düşünürəm ki, belə bir şey qismində nəticə etibarilə Bakı Yay Oyunlarını poza biləcək “soyqırımın” 100 illiyi ilə bağlı “uğurlu” tədbirlərin keçirilməsi ola bilər".



Politoloq ehtimal edir ki, Ermənistan sülh dövründəki məğlubiyyətə görə hansısa revanş götürmək niyyətindədirsə, o zaman gözləmək lazımdır ki, qoşunların təmas xəttində və iki ölkə sərhədində gərginlik növbəti 3 ay ərzində tədricən artacaq və mayda partlayış həddinə çatacaq. “Bu şəraitdə heç vaxt olmadığı qədər beynəlxalq vasitəçilərin işi vacibdir. Ki, qarşıdurmalar, ələlxüsus Azərbaycanla Ermənistan sərhədində gərginliklər genişmiqyaslı döyüş əməliyyatlarına keçməsin”, - deyə rusiyalı ekspert əlavə edib.

Lakin situasiyaya birbaşa dəxli olan bir mühüm detal da var. İş ondadır ki, bu kimi məsələlərdə Ermənistan özbaşına və əlahiddə qərar vermək iqtidarında deyil. Onun arxasındakı qüvvəni hamı bilir. 1-ci Avropa Yay Oyunları isə həm də Qərbin projesidir. Deməli, bu tədbirə qarşı xain erməni təhdidinin mahiyyətcə, daha geniş çalarlı və təhlükəli olduğunu qəbul eləmək lazım gəlir.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar