Daha bir sifarişli məhkəmə başa çatdı; siyasi məhbusların sayı bir nəfər də artdı
"Azadlıq" qəzeti və "Azərbaycan saatı" teleproqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin məhkəməsi başa çatıb. Bu gün keçirilən prosesdə Seymur Həzi son söz deyib və məhkəmə heyəti hökm çıxarıb. Məhkəmə Seymur Həziyə 5 il həbs cəzası kəsib.
Seymur Həzinin həbsi üçün istifadə olunan və guya onunla dalaşmış şəxs kimi işə cəlb olunan Məhərrəm Həsənova isə 6 ay həbs cəzası verilib.
Xatırladaq ki, prokuror Seymur Həziyə 6 il, Məhərrəm Həsənova 9 ay həbs cəzası istməişdi.
***
Seymur Həzinin növbəti məhkəmə prosesi keçirilir. Saat 14-ə təyin olunan proses təxminən yarım saat gec başlayıb. Prosesdə Seymur Həzinin vəkili Adil İsmayılov və özü çıxış etməlidirlər. Digər vəklil Eltonq Quliyev eyni vaxtda başqa prosesdə olduğu üçün məhkəmədə iştirak edə bilmir.
Prosesdə iştirak etmək və Seymur Həziyə dəstək olmaq üçün məhkəmə binasının önünə çoxlu sayda ictimaiyyət nümayəndəsi toplaşıb. AXCP sədri Əli Kərimli də prosesi izləmək üçün məhkəməyə gəlib.
Yanvarın 29-da saat 14:00-da Abşeron Rayon Məhkəməsində “Azərbaycan saatı” TV proqramının və “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin işi üzrə məhkəmə prosesi davam edəcək. Məhkəmə istintaqı başa çatdığından, sabahkı prosesdə Seymur Həzinin sön sözlə çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, AXCP-nin siyasi məbuslarla bağlı başlatdığı kampaniya da davam edir. Jurnalist Xədicə İsmayılla start götürən kampaniya, bu dəfə Seymur Həzi üçün davam edir. Artıq yüzlərlə insan Seymur Həzinin şəkillərini, yazılarını və "Azərbaycan saatı" TV proqramında təqdim etdiyi verilişləri istifadəçisi olduqları şəbəkə üzərindən paylaşaraq, həbsdə olan jurnalistə dəstəklərini ifadə edirlər.